Nazim Bəydəmirlinin Söyüdlüdəki aksiyaya görə saxlanıldığı deyilir (YENİLƏNİB)

tərəfindən Gozetci

 

İyulun 5-də Bakının Nərimanov Rayon Məhkəməsi Azərbaycan parlamentinin keçmiş deputatı, sahibkar və ictimai fəal Nazim Bəydəmirli barəsində 4 aylıq həbs qətimkan tədbiri seçib. Bu barədə Turan-a keçmiş parlamentarinin vəkili Aqil Layıc bildirib.

Onun sözlərinə görə, Bəydəmirliyə qarşı Azərbaycan CM-in 182.2.4-cü (Hədə-qorxu ilə tələb etmə, xeyli miqdarda əmlak əldə etmək məqsədi ilə törədildikdə) maddəsi ilə ittiham irəli sürülüb.

Bəydəmirli özünü təqsirli bilmir və apellyasiya şikayəti vermək niyyətindədir.

*  *  *

Sabiq deputat şübhəli şəxs qismində saxlanıldığını bildirib

Keçmiş deputat Nazim Bəydəmirlinin Daxili İşlər Nazirliyinin (DİN) Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsində (“bandotdel”) şübhəli şəxs qismində saxlandığı bildirilir. Bu barədə vəkil Aqil Layıc özünün sosial media hesabında məlumat yayıb.

Vəkilin sözlərinə görə, Nazim Bəydəmirli özü onunla əlaqə saxlayıb və şübhəli şəxs qismində saxlanıldığını bildirib. Sabiq deputat deyib ki, onu Gədəbəy rayonunun Söyüdlü kəndində baş vermiş etirazlara görə saxlayıblar.

Başqa bir məlumatda isə Nazim Bəydəmirlinin səhmdarı olduğu şirkətdən pul tələb etmə ittihamıyla saxlandığı iddia olunur.

Keçmiş deputatın saxlanması barədə DİN-in Mətbuat Xidmətindən məlumat almaq mümkün olmayıb.

Söyüdlüdə etiraz aksiyası keçirilən gün – iyunun 20-də saxlanılan və sonradan 20 gün inzibati həbs cəzası verilən sakinlərin də Bakıya – “Bandotdel”ə gətirildiyi haqda Meydan TV-yə məlumat verilib:

“Həm iyunun 20-də inzibati həbs olunanlar, həm də ertəsi gün saxlanılanlar Bakıya gətirilib. Etirazların təşkilində ittiham olunan Etibar Cabbarov elə əvvəldən “Bandotdel”də saxlanılırdı”.

Etibar Cabbarov Rusiya vətəndaşdır. Onun “Whatsapp”da Söyüdlü sakinlərindən ibarət qrup yaratdığı iddia olunur. İddiaya görə, qrupda 400 nəfərdən çox adam olub.

Etibar Cabbarovun Söyüdlü etirazlarından bir neçə gün əvvəl Rusiyadan Azərbaycana gəldiyi bildirilir.

Lakin Söyüdlü sakinləri Meydan TV-yə deyib ki, bu hadisələrdə adı hallanan Etibar Cabbarov və Afiq Allahverdiyev (o da Rusiya vətəndaşıdır) Gədəbəyə yas mərasimində iştirak etmək üçün gəlib. Sakinlər onu da əlavə edib ki, sözügedən “Whatsapp” qrupu pandemiya dövründə yaradılıb.

Gədəbəydə nə baş verib?

İyunun 20-dən Gədəbəy rayonunun Söyüdlü kəndinin ərazisində qızıl yatağının sularından süni gölün yaradılmasına etiraz aksiyası başlayıb.

İyunun 22-də Gədəbəyin Söyüdlü kəndinə sakinlərdən başqa şəxslərin girişi məhdudlaşdırılıb.

Daxili İşlər Nazirliyi (DİN) səbəb kimi ictimai qaydanın və ictimai təhlükəsizliyin təmin edilməsini göstərib.

Kəndin sakinləri isə bildirirlər ki, əsl səbəb iyunun 20-21-də etdikləri etiraz aksiyasıdır, onları nəzarətdə saxlamaq istəyirlər.

Söyüdlü kəndinin sakinləri iki gün ard-arda evlərinin yaxınlığında qızıl mədənləri üçün ikinci süni gölün salınmasına etiraz edib.

Sakinlər kəndlərində ikinci belə yaradılacaq su hövzəsinin kimyəvi maddələrlə dolu olduğunu, bunun isə sağlamlığa zərər vurduğunu bildiriblər.

Onların sözlərinə görə, bu su hövzələri onların əkin və örüş sahələrində salınır.

Bu da əkinə, meyvəyə, ağaclara və insanların sağlamlığına zərər vurur.

Aksiyada kənd sakinlərindən həbs edilənlər var.

Söyüdlü sakinləri daha öncə də eyni şikayətlərlə etiraz etmişdilər.

Sakinlər bildirirlər ki, 2012-ci ildə kəndlərinin yaxınlığında qızıl mədəninin tullantılarından yaranan göl salınıb.

Onlar bundan sonra bağlarında meyvə qalmadığını, arı təsərrüfatlarının dağıldığını deyiblər.

Sakinlər həmçinin gölün suyunun içməli sulara qarışacağından ehtiyat edir, bunun nəticəsində yaranacaq xəstəliklərdən qorxurlar.

Nazirlər Kabineti məsələ ilə bağlı komissiya yaradıldığını deyir.

Komissiya dövlət məmurlarından formalaşıb, tərkibində müstəqil ekspert yoxdur.

Hakimiyyət hadisəyə təxribat donu geyindirir, yerli mediada bununla bağlı eyniməzmunlu materiallar dərc olunur, hadisəni işıqlandıran müstəqil media hədəfə alınır.

Nazim Bəydəmirli baş verənlərə görə şirkəti tənqid etdiyi üçün hökumət mediası tərəfindən hədəfə alınıb. Buna görə də o, “Yeni Müsavat” saytını, Azərbaycan Dövlət Televiziyasını və deputat Elman Nəsirova qarşı məhkəmə iddiası qaldırıb.

Meydan TV

Siz həmçinin bəyənə bilərsiniz

Əlaqə

gozetci.az_logo_2
+994 55 340 34 34
gozetci.az@gmail.com
+99455 340 34 34
+99455 340 34 34

© 2023 – Bütün hüquqları qorunur – Gözətçi.az