Avropa Məhkəməsi institutda məskunlaşmış vətəndaşın ordan çıxarılmasında pozuntu tapıb

tərəfindən Gozetci

Avropa İnsan Haqları Məhkəməsi (AİHM) bu gün, iyun ayının 29-da Azərbaycanla bağlı 1 qərarını elan edib, məhkəmə iddia olunan pozuntuları tanıyıb.

Laləzar MƏMMƏDOVA Azərbaycana qarşı

Bu məhkəmə işinin hallarına görə, ərizəçi 1996-cı ildə dələduzluqla üzləşməsi səbəbindən evsiz qalmışdı. Ona elə həmin il Azərbaycan Elmi-Tədqiqat İpəkçilik İnstitutunun Gəncədəki bazasının qeyri-yaşayış binasının bir hissəsində məskunlaşmağa icazə verilmişdi. 2011-ci ildə isə adıçəkilən institut binanın bir hissəsini qanunsuz zəbt etməsi əsası ilə ərizəçiyə qarşı Kəpəz Rayon Məhkəməsində iddia qaldırıb, onun binadan çıxarılmasını tələb etmişdi. Məhkəmə də öz növbəsində ərizəçinin binanı qanunsuz zəbt etdiyini müəyyən etmiş, onun məskunlaşdığı tikilidən çıxarılmasına qərar vermişdi. Ərizəçinin yuxarı məhkəmələrə şikayətləri uğursuz olmuşdu.

Ərizəçi AİHM qarşısında Konvensiyanın 8-ci maddəsinin, eləcə də hüquqi təmsilçisi İntiqam Əliyevin ofisində axtarış aparılması, onun işi ilə bağlı sənədlərin götürülməsi epizodu üzrə 34-cü maddəsinin pozuntusunu mübahisələndirmişdi.

Avropa Məhkəməsi ərizəçinin məskunlaşdığı mənzildən çıxarılmasını nəzərdə tutan məhkəmə qərarlarının daxili qanunvericiliyə uyğun olduğu qənaətinə gəlib, ancaq bu qərarların “demokratik cəmiyyətdə zərurlik” testinə cavab vermədiyini müəyyən edib. “…Milli məhkəmələr hazırkı işdə ərizəçinin evdən çıxarılmasına qərar verərkən yalnız evin qanunsuz zəbt edilməsi faktına diqqət yetiriblər… Sözügedən evin ərizəçinin yeganə evi olması və başqa ev almağa imkanları olmaması, evdən çıxarılsalar, ailəsi ilə birlikdə evsiz qalacaqları aydın olsa da, milli məhkəmələr bu məqamlara ümumiyyətlə məhəl qoymayıblar… İş materiallarında olan sənədlərdən də görünür ki, ərizəçi 2012-ci ildə evdən çıxarılıb, lakin 2017-ci ilə qədər bina sökülərək təmir işlərinə başlanmayıb, bu baxımdan dövlət və ya ictimai ehtiyaclar üçün binanın təcili tələb olunmasına dair heç bir sübut da yoxdur” , deyə qeyd edən Məhkəmə ərizəçiyə münasibətdə Konvensiyanın 8-ci maddəsinin pozulmasına qərar verib.

Məhkəmə həmçsinin, ərizəçinin hüquqi nüayəndəsinin ofisində axtarış aparılması, sənədlərin götürlüməsi ilə cavabdeh Dövlət Konvensiyanın 34-cü maddəsi üzrə öz öhdəliklərini yerinə yetirməməsi qənaətinə gəlib.

Məhkəmə təzminat müəyyən etməyib, bunu ərizəçinin ədalətli əvəz tələblərini Məhkəmənin müəyyən etdiyi müddət daxilində etməməsi ilə əsaslandırıb. Ərizəçi isə ədalətli əvəzlə bağlı tələblərini müddət daxilində təqdim etdiyini, onların itdiyini iddia edirdi.

Aihmaz.org

Siz həmçinin bəyənə bilərsiniz

Əlaqə

gozetci.az_logo_2
+994 55 340 34 34
gozetci.az@gmail.com
+99455 340 34 34
+99455 340 34 34

© 2023 – Bütün hüquqları qorunur – Gözətçi.az