Avropa İnsan Haqları Məhkəməsi (AİHM) iyul ayının 6-da Azərbaycanla bağlı 10 qərar və qərardadını elan edəcək. Həmin işlərin əksəriyyəti ərizəçilərin ölkədən çıxışına qadağa qoyulması ilə bağlıdır.
Şamil Quliyev Azərbaycana qarşı
Ərizəçi Şamil Nəbi oğlu Quliyev Azərbaycan vətəndaşıdır, 1974-cü ildə anadan olub, Bakı şəhərində yaşayır. Məhkəmə işi ərizəçinin rəfiqəsi ilə əlaqəsini sonlandırdıqdan və onların arasında cinayət təqibi orqanlarının araşdırmasına səbəb olan mübahisədən sonra prokurorluq orqanlarından xaric edilməsi ilə bağlıdır.
Ərizəçi, prokurorluqdakı işindən “müvafiq tövsiyələrə baxmayaraq”, “lazımi nəticə çıxara bilmədiyi və keçmiş sevgilisi ilə şəxsi münasibətindən qaynaqlanan problemin həlli üçün addımlar atmadığı üçün” azad edilib. Ərizəçi 2013-cü ildə təqdim edilmiş şikayətində iddia edib ki, onun işdən çıxarılması qanunsuz olub və Konvensiyanın 8-ci maddəsində nəzərdə tutulmuş şəxsi həyatına hörmət hüququnun pozuntusu ilə müşayət olunub.
AİHM Ş. Quliyev Azərbaycana qarşı işindən başqa 10-dan artıq ərizə üzrə daha 9 qərar və qərardadını elan edəcək. Həmin işlər Məhkəməyə 2020-22-ci illərdə təqdim edilib.
Cavidan Abdullazadə Azərbaycana qarşı
Bu məhkəmə işi ərizəçiyə yerli hakimiyyət orqanları tərəfindən səyahət qadağası ilə bağlıdır. Ərizəçi həmçinin, səyahət qadağasının ləğvi barədə daxili məhkəmənin qərarının yerli qurumlar tərəfindən icra olunmamasından şikayət edib.
Rauf Quliyev Azərbaycana qarşı;
Ruhullah Novruzzadə Azərbaycana qarşı;
Bu məhkəmə işləri də ərizəçilərə yerli hakimiyyət orqanları tərəfindən səyahət qadağasının tətbiqi ilə bağlıdır. Ərizəçilərdən R.Quliyev həmçinin, Konvensiyanın 8-ci maddəsinə söykənərək onun mobil telefonunun müstəntiq tərəfindən götürülməsinin qanunsuzluğundan şikayət edib.
AİHM iyulun 6-da aşağıdakı qərar və qərardadlarını da elan edəcək, məhkəmənin sənədlər bazasında həmin işlərin detalları haqda bilgi verilmir.
Ağayeva və Başqaları Azərbaycana qarşı;
Baxşəliyev Azərbaycana qarşı;
Hümbətov Azərbaycana qarşı;
Hüseynov və Başqaları Azərbaycana qarşı;
Məmməd Azərbaycana qarşı;
Nəsirov və Mirzəyev Azərbaycana qarşı;
Aihmaz.org