İyunun 22-də Azərbaycan Dövlət Neft Şirkəti (SOCAR) Təhlükəsizlik İdarəsinin mühafizə xidmətinin əməkdaşları etiraz aksiyası keçirib.
“Turan”ın xəbərinə görə, Heydər Əliyev adına Neft Emalı Zavodunda xidmət edən həmin şəxslərin bildirməsinə görə, onları SOCAR-ın tabeliyindən çıxarıb özəl GESCO şirkətinə vermək istəyirlər.
“Bizi inandırmağa çalışırlar ki, siz razılıq verin, sizin bütün indiki şəraitiniz, maaşınız qüvvədə qalacaq. Amma biz inanmırıq”, – özünü Təhlükəsizlik İdarəsinin 31 saylı komandasının əməkdaşı kimi təqdim edən şəxs vurğulayıb.
GESCO şirkətinin nümayəndəsi isə bildirib ki, işçilərə bütün əməkdaşların hüquqlarının tam saxlanılacağı barədə məlumat verilib:
“Əmək haqları da, sosial sığortaları da saxlanılacaq”.
Aksiya insidentsiz başa çatıb.
Məsələ ilə bağlı, hələlik, SOCAR və başqa aidiyyəti qurumlardan münasibət öyrənmək mümkün olmayıb.
AzadlıqRadiosu