İyunun 20-də Gədəbəy rayonunun Söyüdlü kəndinin ərazisində qızıl yatağının sularından süni gölün yaradılmasına etiraz aksiyasında saxlanan sakinlərdən beş nəfərinin həbs olunduğu bildirilir.
Yerli sakinlər deyiblər ki, həmin beş nəfər 20 sutka müddətinə inzibati qaydada həbs olunub:
“Bir nəfər yaşlı qadını isə cərimələyib buraxıblar”.
Kənd sakinləri deyir ki, dünənki hadisələr zamanı 10 nəfərə yaxın şəxs müxtəlif xəsarət alıb: “Ən çox qadınlara təzyiq ediblər. Hazırda xəsarət alanların vəziyyəti bir az yaxşılaşıb. Dünən, iyunun 20-də bir nəfəri xərəkdə xəstəxanaya aparıblar. Orada yardım göstərib evə buraxıblar. Gözünə qaz sıxılan qadının isə üzü şişib, allergiya verib, bir müddət görmə qabiliyyəti də zəifləyib”.
Bu deyilənlərə rayon məhkəməsi və Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyindən (TƏBİB) münasibət almaq mümkün olmayıb.
Azadlıq Radiosu