Ziyafət xanımın telefonu da əlindən alınıb”
Azərbaycan Demokratiya və Rifah Partiyasının (ADR) rəhbərliyinə daxil olan şəxslər Maştağadakı 1 saylı Ruhi Əsəb Dispanserinə yerləşdirilmiş partiya üzvü Ziyafət Abbasova ilə görüşməyə getsələr də, onlara icazə verilməyib. Bu barədə partiya sədri Qubad İbadoğlu məlumat verib.
Onun sözlərinə görə, Ziyafət Abbasovanın durumunu öyrənmək üçün dispanserə ADR Partiyası sədrinin müşaviri, İdarə Heyətinin üzvü Hüseyn Məlik və Nərimanov rayon təşkilat komitəsinin üzvü Dilarə Miriyeva gedib.
“Haqqı danışdığına, uzun müddətdir iş axtarmasına baxmayaraq, işlə təmin edilməməsinə etiraz etdiyinə görə Ziyafət Abbasovanın oğurlanaraq məcburi qaydada ruhi-əsəb dispanserində yerləşdirilməsi, cəmiyyətdən təcrid olunmasıyla əlaqədar narahatlığımız davam edir. Ziyafət xanımın telefonu da əlindən alınıb. Onunla görüşə də icazə verilmədiyindən, hazırkı vəziyyətindən çox narahatıq”, – Qubad İbadoğlunun sözləridir.
Ziyafət Abbasovanın hüquqlarının müdafiəsi üçün vəkil Zibeydə Sadıqova ilə müqavilə bağlanıb.
Ziyafət Abbasova həm də yeni yaradılmış Müqavimət Hərəkatının üzvü idi. Bu qurumun Təşəbbüs qrupunun üzvü Rza Səfərsoyun yaydığı məlumata görə, Ziyafət Abbasova iyunun 6-da dispanserə yerləşdiriləndən sonra orada aclıq edir:
“Ziyafət xanımın orada aclıq etməsi barədə məlumat almışıq. O, neçə vaxtdır ki, təhdid olunurdu. Ziyafət xanımın guya polisə edilən şikayətlər əsasında dispanserə yerləşdirilməsi barədə deyilənlər yalandır”.
Daxili İşlər Nazirliyinin Mətbuat xidmətindən bildirilib ki, Ziyafət Abbasova yaşadığı sığınacaqdan bir neçə vətəndaşın şikayəti və sağlamlıq vəziyyəti ilə əlaqədar ruhi-əsəb dispanserinə yerləşdirilib: “Hazırda onun müalicəsi davam etdirilir”.
Ziyafət Abbasovanın iyunun 6-dan səhər saatlarından yoxa çıxması haqda məlumatlar yayılıb. Məlumatlarda bildirilirdi ki, o, Milli Şuranın sədri, tarixçi alim Cəmil Həsənlinin kitab təqdimatına getmək adıyla çıxıb və ondan heç bir xəbər yoxdur. O, kitab təqdimatına da getməyib.
Üstündən 1 sutka keçəndən sonra – iyunun 7-də Daxili İşlər Nazirliyi onun ruhi-əsəb dispanserinə yerləşdirildiyini açıqlayıb.
Ziyafət Abbasova sosial media hesablarında hakimiyyəti, o cümlədən prezident və vitse-prezidenti tənqid edirdi.