Güney Azərbaycan Televiziyasının (Günaz.tv) rəhbəri Amerikada mühacir həyatı yaşayan İran Azərbaycanından olan Əhməd Obalı Kaliforniya ştatının Santa Klara şəhərində hoteldə bir qrup insanın hücumuna məruz qalıb. Sosial şəbəkələrdə Obalının xəstəxanda çoxsaylı xəsarətlərin göründüyü fotoları yayılıb.
Günaz.tv televiziyasının Bakı ofisinin icraçı direktoru Araz Obalı Amerikanın Səsinə bildirib ki, Əhməd Obalı Azərbaycan Respublikasından Amerikaya qayıtdıqdan bir gün sonra hücuma məruz qalıb.
“Əhməd bəy Amerika Birləşmiş Ştatlarının Kaliforniya ştatında hoteldə sayı bilinməyən şəxslərin terror hücumuna məruz qalıb. Hücum nəticəsində Əhməd Obalının bütün bədəni ciddi zədə alıb, özəlliklə boynu, sağ əlinin bütün barmaqları sındırılıb, gözləri ciddi zərbə alıb. Qollarını və ayaqlarını hiss etmir. Hal-hazırda durumu orta ağırdır”, o Əhmd Obalı ilə telefon danışığından sonra Amerikanın Səsinə bildirib.
Araz Obalı bildirib ki, hadisə ilə bağlı araşdırma davam edir.
“Polis hücumu həyata keçirənlərin həbs olunduğunu bildirib. Ancaq polis onların sayı və kimliyi barədə hələ məlumat vermir. Biz güman edirik ki, bu terror aktı ola bilər”, Araz Obalı bildirib.
Bununla yanaşı Əhməd Obalının oğlu Dənizin də hücuma məruz qaldığı bildirilir.
“Əhməd bəyin oğlu Dəniz də hücuma məruz qalıb. O da hazırda hospitalda müalicə alır. Əhməd bəy oğlunun hansı şəraitdə hücuma məruz qalıdğı barədə məlumatsızdır. Bizim başqa mənbələrdən aldığımız məlumata görə Dənizin vəziyyəti çox ağırdır. O anası ilə danışmaq imkanında belə olmayıb”, Araz Obalı qeyd edib.
Əhməd Obalı İranın hazırki rejiminin kəskin tənqidçilərindədir. O, Azərbaycana son səfəri zamanı yerli mediada İranın hazırki rejimini insan hüquqlarını, o cümlədən İranda yaşayan azərbaycanlıların milli-mədəni hüquqlarını pozmaqda günahlandırıb.
Turan