Təqsirləndirilən şəxsin yaxınları deyir ki, məhkəmədə İlkin Süleymanovun təqsiri yox, günahsız olduğu sübuta yetirilib
Tovuz rayonunun Dondar Quşçu kəndində 10 yaşlı Nərmin Quliyevanın itkin düşməsi, 47 gün sonra kənddə yandırılmış meyitin tapılmasıyla bağlı iki ilə yaxındır Gəncə Ağır Cinayətlər Məhkəməsində davam edən məhkəmə prosesi yekunlaşır.
Mayın 3-də məhkəmə istintaqı yekunlaşıb və prosesdə çıxış edən prokuror təqsirləndirilən İlkin Süleymanova 20 il həbs cəzası verilməsini təklif edib. Nərmin Quliyevanın atası Şərif Quliyev buna etiraz edib və daha ağır cəza verilməsini istəyib.
İlkin Süleymanovun yaxınları isə əksinə, onun təqsirsiz olduğunu, məhkəmə prosesində də onun günahsızlığının sübuta yetdiyini bildirərək, prokurorun, eləcə də Şərif Quliyevin ədalətsiz olduğunu bildiriblər.
1973-cü il təvəllüdlü İlkin Süleymanov Cinayət Məcəlləsinin 120.2.4 (xüsusi amansızlıqla qəsdən adam öldürmə), 120.2.9 (təqsirkar şəxs üçün aşkar surətdə köməksiz vəziyyətdə olan adamı qəsdən öldürmə), 133.2.1 (oğurlanmış şəxsə əzab vermə), 133.2.4 (yetkinlik yaşına çatmayan, köməksiz vəziyyətdə olan şəxsə əzab vermə), 144-cü (adam oğurluğu) maddələrilə ittiham olunur. İttihama əsasən, o, sinif yoldaşı Şərif Quliyevin ailəsi, uşaqları olduğuna görə onu qısqanıb, buna görə də onun qızı Nərmini oğurlayaraq, 47 gün sonra qətlə yetirib. İlkin Süleymanov azyaşlının ölümünə aidiyyəti olmadığını deyir.
İlkin ifadəsindəki etirafa gəlincə, o bildirib ki, 2020-ci il yanvarın 6-dan 10-na qədər Tovuz rayon Polis Şöbəsində işgəncəyə məruz qalıb. Dörd gün sonra işgəncələrə dözməyərək, etiraf ifadəsinə imza atmağa məcbur olub.
Baş Prokurorluq isə işgəncə iddialarını təkzib edib.
Meydan TV