Məhkəmədə dindirilən kənd sakinləri bu cinayət işiylə bağlı yeni hallar açıqladılar
Tovuz rayonunun Dondar Quşçu kəndində 2019-cu ilin noyabrında 11 yaşlı Nərmin Quliyevanın itkin düşməsi, 47 gün sonra kənddə yanmış meyitin tapılmasıyla bağlı məhkəmə araşdırmaları iki ildir ki, davam edir. Azyaşlını oğurlayıb öldürməkdə, meyiti isə yandırmaqda təqsirləndirilən kənd sakini İlkin Süleymanovun işinə Gəncə Ağır Cinayətlər Məhkəməsində baxılır.
İlkin Süleymanovun vəkillərin istintaqın obyektiv və hərtərəfli aparılmadığını əsas gətirib, xeyli adamların əlavə şahid kimi dindirilməsini istəmişdilər. Onların arasında Dondar Quşçu sakinləri də vardı.
Aprelin 12-də məhkəmədə üç nəfər kənd sakini dindirilib. Bunlardan Tofiq Vəliyev bildirib ki, yanmış meyit tapılan yerdə 7-8 kibrit çöpü vardı. Bunu hüquq-mühafizə orqanlarının əməkdaşlarıyla birlikdə hadisə yerinə və meyitə baxış keçirilərkən görüb:
“Meyit tapılan günün ertəsi idi – ayın 7-də. Nərminin qohumlarının yanında idim. Çünki əmisi ilə dostluğumuz var. Hüquq-mühafizə orqanlarının işçilərindən gəldi, dedilər ki, meyitə, hadisə yerinə baxış keçirəcəyik, şahid lazımdır, amma qohum olmasın. Kənar adam olmalıdır. Mən getdim. Orada qırmızı köynək gördüm, 7-8 kibrit çöpü gördüm. Hətta dedim ki, bu çöplər əhəmiyyətli ola bilər. Çünki üstündə əl izləri ola bilər. Orada təxminən 1.5 saat olduq”.
Şahidin sözlərinə görə, həmin vaxt ona heç bir sənəd imzalatdırılmayıb. Sonradan evdə olarkən sənəd gətiriblər. Lakin onu oxumadan imzalayıb.
Tofiq Vəliyev sualları cavablandırarkən onu da bildirib ki, gördüyü meyitin ölçüsü təxminən 1 metr 65-1 metr 70 santimetr olardı.
Vəkillər deyir ki, hadisə yerinə baxış protokolunda orada cəmi 1 kibrit çöpünün tapıldığı göstərilib. Bundan başqa, ittihamda iddia olunur ki, İlkin Süleymanov meyiti alışqanla yandırıb.
“Hadisə yerinə baxış protokolunda oradan cəmi bir kibrit çöpü tapıldığı göstərilib. Digər kibrit çöpləri niyə yazılmayıb? Niyə araşdırılmayıb? Bu məsələ İlkinin o meyiti alışqanla yandırması haqda yazılanların da yalan olduğunu sübut edir”, – vəkillər bildirib.
Məhkəmədə dindirilən daha iki nəfər kənd sakini – Rüstəm Süleymanov və Gündüz Əliyev uşaq itkin düşəndən az sonra Quliyevlərin evinə və onların evinin ətrafına polislərin keçirdiyi baxış zamanı hal şahidliyi ediblər. Onlar bildirib ki, Quliyevlərin həyətindən topa çəklində tük aşkarlanıb. Nərminin atası Şərif Quliyevdən soruşanda o bildirib ki, qızı itkin düşməmişdən bir gün əvvəl əmisi qızının toyuna getmək üçün saçını kəsmişdi. Həmin tükdür.
Şahidlərin sözlərinə görə, Qulievlərin evinin qarşısında, içində su olmayan arxın kənarındakı kolların üstündən ağ rəngli uşaq alt paltarı tapılıb. Həmin alt paltarı qanlı olub. Polislər bunu tapandan sonra Nərminin anasını çağırıblar. Lakin Aynurə İsmayılova alt paltarının onun qızına məxsus olmadığını deyib.
Məhkəmə iclasında iştirak edən Şərif Quliyev şahidlərin ifadələrinin doğru olduğunu təsdiqləyib.
Məhkəmədə vəkillərlə prosesə sədrlik edən hakim Dadaş İmanov arasında mübahisə yaranıb. Hakim bildirib ki, indiyədək dindirilmiş ekspertlər kifayətdir. Vəkillər isə deyir ki, onlar dekabr ayında əlavə şahidlərin dindirilməsi haqda qaldırdıqları vəsatətdə rəy vermiş bütün ekspertlərin dindirilməsi məsələsini qoymuşdular, Dadaş İmanov da o zaman təmin etmişdi:
“Belə çıxır ki, indi məhkəmə özü öz qərarını icra eləmir. Özünüz o zaman qərar vermisiniz. Telefonla bağlı vəsatəti təmin eləmisiniz, hələ də icra olunmayıb…”.
Hakim Dadaş İmanov təklif edib ki, vəsatətləri yenidən versinlər, məhkəmə bir daha baxıb qiymət versin. Vəkillər razılaşmayıb, onlar bildirib ki, məhkəmə prosesi audioyazı ilə aparılır və orada vəsatətlərinin təmin olunması öz əksini tapmalıdır:
“Protokollara baxın, audioyazıya qulaq qasın. Nəhayət, bizə vəsatətimizin təmin olunması haqda qərarı verin. Niyə biz yenidən eyni vəsatəti verməliyik?”.
Bu cinayət işində xüsusilə ekspert rəylərilə bağlı çoxsaylı ziddiyyətlər var. Ona görə müdafiə tərəfi ekspertlərin dindirilməsində israrlıdır.
Məhkəmə prosesi aprelin 19-da davam edəcək.
İlkin Süleymanovun qardaşı Adil Süleymanov Meydan TV-yə bildirib ki, Nərmin itkin düşəndən sonra Quliyevlərin evindən bıçaq və üstündə tük tapılması haqda rəsmi protokol var:
“Hesab edirik ki, evin yanında qanlı alt paltarı tapıldığı halda, bunun rəsmiləşdirilməməsi normal deyil. Çox da Aynurə İsmayılova deyir ki, mənim uşağımın deyil. Bu məsələ araşdırılmalıydı. Başqa bir şübhəli hal budur ki, məhkəmədə dindirilən Gündüz Əliyev və Gündüz Süleymanovun orada şahidlik etdiyini Şərif Quliyev özü də təsdiqlədi. Onların düz danışdığını bildirdi. Lakin onların hal şahidliyini sonradan hüquq-mühafizə orqanları protokol qaydasında təsdiqləməyib. Sual olunur niyə? Nə məqsəd vardı? Bu cinayət işiylə bağlı o qədər şübhəli hallar, o qədər cavabsız suallar var ki, bitmək bilmir”.
1973-cü il təvəllüdlü İlkin Süleymanov Cinayət Məcəlləsinin 120.2.4 (xüsusi amansızlıqla qəsdən adam öldürmə), 120.2.9 (təqsirkar şəxs üçün aşkar surətdə köməksiz vəziyyətdə olan adamı qəsdən öldürmə), 133.2.1 (oğurlanmış şəxsə əzab vermə), 133.2.4 (yetkinlik yaşına çatmayan, köməksiz vəziyyətdə olan şəxsə əzab vermə), 144-cü (adam oğurluğu) maddələrilə ittiham olunur.
İttihama əsasən, o, sinif yoldaşı Şərif Quliyevin ailəsi, uşaqları olduğuna görə onu qısqanıb, buna görə də onun qızı Nərmini oğurlayaraq, 47 gün sonra qətlə yetirib.
İlkin Süleymanov isə azyaşlının ölümünə aidiyyəti olmadığını deyir. İlkin ifadəsindəki etirafa gəlincə, o bildirib ki, 2020-ci il yanvarın 6-dan 10-na qədər Tovuz rayon Polis Şöbəsində işgəncəyə məruz qalıb. Dörd gün sonra işgəncələrə dözməyərək, etiraf ifadəsinə imza atmağa məcbur olub.
Baş Prokurorluq isə işgəncə iddialarını təkzib edib.
Meydan TV