“Tərtər işi” üzrə işgəncədə ittiham olunan polkovniklər məhkəmə qarşısında…

tərəfindən Gozetci

Zərərçəkmişlər məhkəmədə ordu generallarının məsuliyyətə cəlb olunmasını tələb etdi

Tərtər hadisələri zamanı işgəncə verməkdə ittiham olunaraq həbs edilənlərdən bir hissəsinin – 9 nəfərin işi üzrə istintaq yekunlaşıb. “Tərtər işi” üzrə təqsirləndirilənlər bir neçə qrup şəklində mühakimə olunacaq. Bir qrupun məhkəməsi bu gün – martın 14-də başlayıb. Bu qrupa keçmiş hərbi hissə komandiri, polkovnik Vüsal Ələsgərov, sabiq qərargah rəisi, polkovnik-leytenant Rəşid Niftəliyev, kəşfiyyatçı vəzifəsində xidmət etmiş Ramil Qarayev və Rüstəm Ələsgərov daxildir. Onların işinə Bakı Hərbi Məhkəməsinin sədri Zeynal Ağayev, hakimlər Camal Ramazanov və Rafiq Abbasov baxır. Lakin məhkəmə prosesi Sumqayıt Məhkəmə Kompleksinin binasında keçirilir. Bu, iş üzrə zərərçəkmişlərin sayının çoxluğuyla əlaqələndirilir. Adları çəkilən dörd nəfərin işi üzrə ümumilikdə 192 nəfər zərərçəkmiş var. Lakin bütövlükdə “Tərtər işi” üzrə zərərçəkmiş qismində tanınan şəxslərin sayı 452 nəfərdir.

Təqsirləndirilən şəxslərə qarşı Cinayət Məcəlləsinin 145.3 (qanunsuz azadlıqdan məhrum etmə, ölümə səbəb olduqda), 293.2 (dövlət orqanının vəzifəli şəxsi tərəfindən işgəncə vermə), 341.2.1 (bir qrup şəxs tərəfindən vəzifə səlahiyyətlərindən sui-istifadə etmə və ya vəzifə səlahiyyətlərini aşma) maddələrilə ittiham irəli sürülüb. Onlardan Rüstəm Ələsgərova bu maddələrdən əlavə, həm də Cinayət Məcəlləsinin 125-ci (özünü öldürmə həddinə çatdırma) və 126.3 (qəsdən sağlamlığa ağır xəsarət yetirmə, ölümə səbəb olduqda) maddələrilə ittiham verilib.

Məhkəmədə o da məlum olub ki, təqsirləndirilən polkovnik Vüsal Ələsgərov 2020-ci ildə Cinayət Məcəlləsinin 331 (hərbi qulluqçunu təhqir etmə, döymə və ya işgəncə vermə), 340-cı (ictimai qaydanın mühafizəsi və ictimai təhlükəsizliyin təmin edilməsi üzrə xidmət qaydalarını pozma) maddələrilə cərimə cəzasına məhkum edilib.

“Generallar Hikmət Həsənov və Mais Bərxudarovun yerini müəyyənləşdirin”

Martın 14-də məhkəmənin hazırlıq iclasında zərərçəkmişlər vəsatət qaldıraraq, istintaqın gedişindən narazılıqlarını dilə gətiriblər. Onlar hesab edir ki, Tərtər hadisələrində iştirakı olan yüksək vəzifəli şəxslər məsuliyyətdən kənarda saxlanılıb. Həmin yüksək vəzifəlilərin arasında ordu generalları, Tərtər hadisələri zamanı korpus komandiri olmuş Hikmət Həsənov, Mais Bərxudarov, Hərbi Prokurorluğun rəhbərliyi, bu qurumun müstəntiqləri və digərləri var.

Zərərçəkmişlərdən Emin Orucov bildirib ki, təqsirləndirilən şəxslərə verilən ittihamlar ağırlaşdırılmalıdır:

“Şərti adı “Tərtər işi” olan bu cinayət işinin tam, hərtərəfli, obyektiv aparılmayıb. Bu cinayətin əsl təşkilatçıları müəyyənləşdirilməyib, bunun üçün zəruri üzləşdirmələr aparılmayıb. Bu cinayətdə əli olanların əhatə dairəsinin araşdırılmasına zərurət var. Burada oturanlar korpus komandirlərinin əmri olmadan belə miqyasda işləri görməzdilər, görə bilməzdilər. Ona görə də korpus komandiri Hikmət Həsənovun, Mais Bərxudarovun həmin vaxt harada olduğunu müəyyən etmək üçün onların telefon anten dairələrilə bağlı məlumatların alınması üçün sorğu verilməsini xahiş edirik. Onların məhkəməyə çağırılıb dindirilməsini, burada üzləşdirmə keçirilməsini istəyirik”.

Başqa bir zərərçəkmiş Rəfael Emçiyev də təqsirləndirilən şəxslərə verilən ittihamların ağırlaşdırılması, generalların məsuliyyətə cəlb olunması haqda vəsatət qaldırıb. Lakin məhkəmə onun vəsatətini qəbul etməyib. Çünki vəsatət onun Baş Prokurora və “Tərtər işi”nin istintaqını aparan istintaq qrupunun rəhbəri Qasım Məmmədova ünvanlandığı göstərilib.

Bizə qarşı olunanları onların öz övladlarına eləsəydilər…”

Təqsirləndirilən şəxslərdən Vüsal Ələsgərovun vəkili Samir İsayev isə məhkəmənin qapalı keçirilməsi barədə vəsatət qaldırıb. Onun sözlərinə görə, işin içində hərbi hissələrdən, hərbi sirr sayılan başqa məsələlərdən bəhs olunur: “Məhkəmə prosesinin açıq keçirilməsi burada açıqlanan həmin məlumatların yayılmasına səbəb ola bilər”.

Samir İsayev həmçinin hüquqlarını müdafiə etdiyi şəxsin ev dustaqlığına buraxılmasını istəyib. O bildirib ki, Vüsal Ələsgərov bundan əvvəlki məhkumluğunda da həbsdə olmayıb:

“Həmin vaxt da istintaqdan və məhkəmədən yayınmayıb. Yenə də yayınmayacaq. Yaşayış yeri məlumdur. Həbsdə saxlanması üçün əsas yoxdur”.

Digər təqsirləndirilən şəxslərin vəkilləri də eyni vəsatətlərlə çıxış ediblər. Onlar da məhkəmə prosesinin qapalı keçirilməsini, müvəkkillərinin ev dustaqlığına buraxılmasını istəyiblər.

Lakin zərərçəkmişlər vəkillərin bu vəsatətlərinə sərt reaksiya veriblər. Onlar məhkəmənin açıq keçirilməsini, təqsirləndirilən şəxslərin isə həbsdə qalmasını tələb ediblər.

Bizə qarşı olunanlar bu vəkillərin öz övladlarına qarşı edilsəydi, yenə də onların həbsdən buraxılmasını istəyərdilərmi? Bu məhkəmənin açıq keçirilməsi ictimai baxımdan çox vacibdir. Bunlar burada dörd nəfərdilər, amma çox olmalıdılar”, – zərərçəkmiş Faiq Əhmədov bildirib.

Niyaməddin İbadov isə korpus komandirlərinin, xüsusi təyinatlıların onlara qarşı işgəncələrdə birbaşa iştirakı olduğunu vurğulayaraq, onların da cəzalandırılmasını tələb edib: “Tutulmalı şəxslər çoxdur. Niyə korpus komandirləri, xüsusi təyinatlılar burada yoxdur? Bu məhkəmə açıq keçirilsin, televiziyaya da verilsin”.

Emil Orucov əlavə edib ki, bütün ölkənin gözü bu məhkəmə prosesində olduğu halda, onun qapalı keçirilməsi doğru deyil.

Xüsusi detallar üzə çıxsa…”

Dövlət ittihamçısı Orxan Səmədov da məhkəmə prosesinin açıq keçirilməli olduğunu bildirib:

Bu iş üzrə uzun müddətdir ki, ictimai müzakirələr gedir, mediada informasiyalar yayılır. Artıq xüsusi sirr qalmayıb. Hərbi hissələrlə bağlı xüsusi sirr təşkil edən məlumatlar bu cinayət işində göstərilməyib. Qapalı keçirilməsi üçün əsaslar yoxdur”.

Prokuror zərərçəkmişlərin vəsatətinə münasibət bildirərkən deyib ki, “Tərtər işi” üzrə istintaq davam edir, başqa cinayət işiləri də ayrılıb, onların arasında məhkəməyə göndərilənlər də var:

“Əgər məhkəmənin gedişində təqsirləndirilən şəxslərin əməlində başqa cinayətlərin tərkibi müəyyən edilsə, yaxud hansısa digər şəxslərlə bağlı xüsusi detallar üzə çıxsa, lazımi addımlar atılacaq”.

Prokuror təqsirləndirilən şəxslərin ev dustaqlığına buraxılmasına da etiraz edib. Dövlət ittihamçısı bildirib ki, onların məhkəmədən yayınmayacağına, yaxud çoxsaylı zərərçəkmişlərə təsir göstərməyəcəyinə təminat yoxdur.

Hakimlər vəsatətlərin heç birini təmin etməyib, məhkəmə prosesinin isə açıq keçirilməsinə qərar verilib. Məhkəmə baxışı martın 28-nə təyin olunub.

“Tərtər işi” üzrə işgəncə verməkdə təqsirləndirilən daha 5 nəfərin, o cümlədən Müdafiə Nazirliyinin Şəxsi Heyət Baş İdarəsinin İdeoloji İş və Mənəvi-Psixoloji Təminat İdarəsinin rəisi vəzifəsini icra etmiş general-mayor Bəkir Orucovun məhkəməsi yaxın günlərdə başlayacaq.

2021-ci ilin dekabrında “Tərtər işi” üzrə istintaq yenilənəndən sonra işgəncələrə görə cinayət məsuliyyətinə cəlb olunanların sayı 17 nəfərə çatıb. Bir nəfər isə axtarışdadır. Daha dörd nəfər isə icraat yenilənməmişdən öncə həbsdə idi. Sadəcə, icraat yenilənəndən sonra başqa şəxslərə qarşı işgəncələrdə də iştiraklarıyla bağlı məlumatlar üzə çıxdığına görə onlara yenidən ittiham verilib.

İcraat yenilənəndən sonra zərərçəkmişlərin sayı da artıb və 452 nəfərə çatıb.

İcraat yenilənəndən sonra dövlətə xəyanət və başqa ağır ittihamlarla 20 ilə qədər həbs cəzasına məhkum edilmiş 19 nəfərin işinə yenidən baxılıb. Onlar haqqında hökm 2022-ci ilin noyabrında ləğv edilib, işlər istintaqa qaytarılıb, 5 il sonra onlara bəraət verilib.

Meydan TV

Siz həmçinin bəyənə bilərsiniz

Şərh yaz

Əlaqə

gozetci.az_logo_2
+994 55 340 34 34
gozetci.az@gmail.com
+99455 340 34 34
+99455 340 34 34

© 2023 – Bütün hüquqları qorunur – Gözətçi.az