Penitensiar Xidmətin 1 saylı Bakı İstintaq Təcridxanasında 31 gündür aclıq edən Azərbaycan Xalq Cəbhəsi Partiyasının (AXCP) Salyan rayon təşkilatının sədri Zamin Salayevin səhhəti ağır olaraq qalır. O, şərlənərək həbs edildiyini bildirir və məhkəmənin həbs qərarına etiraz olaraq aclıq edir.
“Atam aclıq aksiyasını davam etdirir, səhhəti yaxşı deyil. O ümumi kamerada saxlanılır, həkim nəzarəti yoxdur. Həkimlər müayinə də etmir. Artıq 28 kiloqram arıqlayıb. Son gündə iki dəfə huşunu itirərək yıxılıb. Onun qara ciyərləri şişib. Ürəyində stend var, ürək ağrılarından da əziyyət çəkir. Atam neçə illərdir şəkər xəstəsidir” , Zamin Salayevin oğlu Oqtay Salayev atası ilə telefon danışığından sonra martın 9-da Amerikanın Səsinə deyib.
Öz növbəsində Penitensiar Xidmətdən Amerikanın Səsinə bildiriblər ki, əgər problemləri varsa, Penitensiar Xidmətə şikayət etsinlər.
Bununla yanaşı, vəkil Nemət Kərimli Zamin Salayevin ağır durumu ilə bağlı Ombudsman Aparataını məlumatladırdığını bildirib.
Ombudsman Aparatı isə Amerikanın Səsinin sorğusuna hələ cavab verməyib.
Fevralın 8-də Bakının Qaradağ rayon Məhkəməsi Zamin Salayev barədə üç ay müddətinə həbs-qətimkan tədbiri seçib.
Ona qarşı Cinayət Məcəlləsinin 221.3-cü maddəsi (xuliqanlıq – silahdan və ya silah qismində istifadə olunan əşyalardan istifadə edilməklə zərər çəkmiş şəxsə zor tətbiq olunması) ilə cinayət işi açılıb. İttiham sübut olunsa fəalı 5 ilədək həbs gözləyir.
Daxili İşlər Nazirliyinin Mətbuat xidməti Amerikanın Səsinə bildirib ki, Salayev bir nəfərə bıçaqla xəsarət yetirməkdə şübhəli bilinir.
Zamin Salayev isə məhkəmədə deyib ki, ona qarşı irəli sürülən ittiham yalandır, onu şərləyiblər.
“Mən heç kimə hücum etməmişəm, əksinə özümü hücumdan müdafiə etmişəm. Bakıda Lökbatan dairəsində taksidən düşəndə bir nəfər məni təhqir edərək əlində bıçaq üstümə cumdu. Mən bunun təxribat olduğunu başa düşdüm. Bu zaman özümü müdafiə etməyə çalışdım və hücum edən şəxsi itələyərək hadisə yerindən qaçmağa başladım. Bir neçə dəqiqəyə mülki geyimdə olan polislər məni saxladılar və 4 polis avtomobilinin müşayiəti ilə Qaradağ rayon Polis İdarəsinə apardılar”, o, fevralın 20-də Bakı Apellyasiya Məhkəməsində hakimlərin diqqətinə çatdırıb.
Məhkəmə onun apellyasiya şikayətini təmin etməyib.
Amerikanın Səsi