Partiya sədri xırda xuliqanlıqda, polisin tələbinə tabe olmamaqda ittiham olunur
Yasamal Rayon Məhkəməsinin qərarı ilə Rza Səfərsoy 150 manat cərimə olunaraq sərbəst buraxılıb.
***
Fevralın 21-də axşam saatlarında məlum olub ki, Yasamal Rayon Məhkəməsində Azərbaycanın Ləyaqətli Övladlarının Vətəni (ALÖV) Partiyasının sədri Rza Səfərsoyun məhkəməsi keçiriləcək. Onun işinə hakim Rauf Daşdəmirov baxacaq. Etiraz aksiyasında saxlanılan D-18 Hərəkatının iki fəalı kimi, Rza Səfərsoy haqqında da İnzibati Xətalar Məcəlləsinin 510 (xırda xuliqanlıq) və 535.1 (polisin qanuni tələbinə tabe olmama) maddələrilə inzibati xəta protokolu tərtib olunub.
***
Rza Səfərsoyun aksiyaya gələrkən saxlanıldığı deyilir
Azərbaycanın Ləyaqətli Övladları Vəhdəti (ALÖV) Partiyasının sədri Rza Səfərsoyun saxlanıldığı bildirilir. Bu barədə Meydan TV-yə onun yaxınları məlumat veriblər. Bildirilir ki, o, ictimai fəal Bəxtiyar Hacıyevin həbsinə etiraz olaraq Bakı Apellyasiya Məhkəməsinin qarşısında keçirilən aksiyaya qoşularkən saxlanılıb. Rza Səfərsoyun həyat yoldaşı da Meydan TV-yə deyib ki, onunla sonuncu dəfə məhkəmənin qarşısında olarkən danışıb, həmin vaxtdan da əlaqə kəsilib. Rza Səfərsoy isə öz “Facebook” səhifəsində AXCP üzvü Əlzamin Salayevə azadlıq tələb etdiyini, 20 fevral, saat 12.00-da onun məhkəməsi keçiriləcəyini bildirib.
Rza Səfərsoyun saxlanılması xəbərini Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat Xidmətinin KİV və ictimaiyyətlə əlaqələr şöbəsinin rəisi Elşad Hacıyev də təsdiqləyib. Elşad Hacıyev Meydan TV-yə deyib ki, Rza Səfərsoyla bağlı araşdırma başlanılıb.
Meydan TV