Jurnalist polis təzyiqi barədə məlumat verib

tərəfindən Gozetci

Elmar Əziz: “Dedilər ki, müxalifətə və “qara qüvvə”lərə açıqlama vermə”

Jurnalist Elmar Əziz dekabrın 1-də Pirallahı Rayon Polis İdarəsinə çağrılıb.

Səbəb onun yol polisləri ilə bağlı sosial şəbəkədə video paylaşması  göstərilib.

Elmar Əziz özü bu barədə Meydan TV-yə danışıb.

Jurnalist deyib ki, noyabrın 30-da saat 15:17 radələrində Pirallahı rayonunun Qala döngəsində taksi gözləyərkən yol polisinin sürücüləri saxladığını şahidi olub:

“Polisləri müşahidə edərkən onların taksi sürücülərindən pul aldığını gördüm. Baş verənləri telefona çəkəndən sonra Daxili İşlər Nazirliyinin mətbuat xidmətinin rəsmisi Elşad Hacıyevi işarələyərək “Facebook”da paylaşdım”.

O, bütün bunlara görə dekabrın 1-də saat 12 radələrində Pirallahı Rayon Polis İdarəsinə çağrıldığını deyib:

“Pirallahı Rayon Polis İdarəsindən zəng edib yaşadığım məhlədə gözlədiklərini dedilər və həyətə çağırıdılar. Mən çağırış vərəqəsi olmadığını əsas gətirdim, əvvəlcə hüquqşünas, sonra isə Elşad Hacıyevlə əlaqə saxladım. Elşad Hacıyev mənə narahat olmamağı, statusuma görə idarəyə gedib izahat verəcəyimi söylədi. Mən təhdid təhlükəsinin olub-olmaması ilə bağlı soruşanda, o, hər hansı narahatlıq olmayacağını dedi. Amma mənə zəng edən polis həmin vaxt qapımızı döydü və onunla getməyimi tələb etdi. Aşağı düşəndə 3 nəfərin olduğunu gördüm, onlar məni idarəyə apardılar”.

Elmar Əziz deyir ki, Pirallahı Rayon Polis İdarəsinin rəisi onu qəbul edib və sorğu-sual olunub:

“Daha çox videonu niyə paylaşdığımı soruşdular. Polislərin rüşvət aldığının videodan göründüyünü dedim. Bunun ardınca valideyinlərim və işsiz olub-olmadığımı soruşdular. Rəisə dil kursuna getdiyimi deyəndə xaricdə sığınacaq almaq üçün belə bir video çəkdiyimi bildirdi. Halbuki belə bir iddiam yoxdur”.

Jurnalist idarədə təhqir olunduğunu iddia edib.

O, telefonunun alındığını və Bakı Baş Polis İdarəsinə aparıldığını söyləyib:

“İdarədə məni Cinayət-Axtarış Şöbəsinin adını unutduğum rəisi qəbul edib kobud danışdı, əsasən də polisi niyə çəkməyimi hökm tonunda sorğulayırdı. Mən qanundan misallar çəkəndə polis mənim duruşuma irad tutdu. Ardınca başqa bir şöbəyə apardılar, orada dedilər ki, sürücülər və polislər sənin dediklərini təkzib edib, ona görə düzgün hərəkət etməmisən. Bu, dövlət işçisinə böhtan atmaqdır. Mən isə videoda hər şeyin aşkar göründüyünü və hər hansı araşdırma aparılmadığını israrla söylədim. Amma bunun qarşılığında videonu silməyimi məcbur etdilər”.

E.Əzizin sözlərinə görə, ona videonu silməyəcəyi təqdirdə idarədə saxlanılacağını deyiblər:

“Hətta Elşad Hacıyevə işarələdiyim postları da sildirdilər. Bundan sonra Cinayət Axtarış Bölməsinin əməkdaşı Rauf Quluzadənin otağına apardılar. O, mənimlə 1 saata yaxın danışdı. Amma rəis məndən üzr istəməmi də tələb edirdi. Rauf Quluzadə baş verənlərlə bağlı müxalifətə, “qara qüvvələrə” açıqlama verməməyimi tələb etdi. Sonda mənə 1 ay sonra yenidən əlaqə saxlayacaqlarını bildirdilər. Bunun nə demək olduğunu anlamadım”.

Meydan TV

Siz həmçinin bəyənə bilərsiniz

Şərh yaz

Əlaqə

gozetci.az_logo_2
+994 55 340 34 34
gozetci.az@gmail.com
+99455 340 34 34
+99455 340 34 34

© 2023 – Bütün hüquqları qorunur – Gözətçi.az