Şərur rayon sakini Səma Quliyeva Sədərək gömrüyündə üzləşdiyi qanunsuzluğu çəkib paylaşdığına görə qardaşı Şəfi Quliyevlə birgə həbs edilib. Bu haqda məlumatı onların yaxınları “Gündəlik Naxçıvan”a bildiriblər. Onların sözlərinə görə, Sədərək Rayon Məhkəməsi bacı-qardaş barəsində 30 sutkalıq həbs qərarı çıxarıb.
Adının açıqlanmasından çəkinən qohum bildirib ki, Səma video çəkdikdən sonra gömrük məntəqəsinə polis çağrılıb və onlardan izahat alınıb:
“Bu zaman onlara mənəvi və psixoloji təzyiqlər olub. Hadisə ilə bağlı dərhal Ali Məclisə xəbər verilib. Həmkəndlilərinin haqqını tələb eləməsi Vasif Talıbovu qəzəbləndirib. Məhz onun sifarişi ilə Səma və Şəfi gömrükdən birbaşa Sədərək Rayon Məhkəməsinə aparılıblar”, deyə söyləyib.
Quliyevlərin qohumu onu da bildirib ki, bacı-qardaş Kəngərli rayonundakı Böyükdüz təcridxanasına aparılıb və ailə üzvləri ilə görüşməyə icazə verilmir.
İddialara nə cavab verilib: Sədərək gömrük məntəqəsi “Gündəlik Naxçıvan”a Səma və Şəfi Quliyevlərin məhkəməyə aparılmasını təsdiqləyib, lakin məlumat vermək istəməyib. Sədərək Rayon Məhkəməsi isə zəngələrə cavab verməyib.
Həbsə səbəb olan videoda nələr var: Sözügedən videonu Səma Quliyeva mayın əvvəlində çəkib. O, Türkiyədən gələrkən özü ilə müəyyən miqdarda tərəvəz gətirib. Lakin Sədərək gömrük buraxılış məntəqəsində həmin məhsullar müsadirə edilib. Bu zaman gömrük əməkdaşları Quliyevanın gətirdiyi kartof-soğanı əlindən alaraq yerə dağıdıblar.