Vətəndaş polisin cəzalandırılmasını tələb edir

tərəfindən Gozetci

“Bir ildən çoxdur məni şərləyən polisin cəzalandırılmasına nail ola bilmirəm”

Ağstafa rayonunun Köçəsgər kənd sakini Zabil Əsədov Meydan TV-yə danışır ki, ötən ilin aprelində Ağstafa polisində döyülüb, şərlənib, barəsində inzibati həbs qərarı çıxarılıb. Həbsdən buraxılandan sonra qərardan apelyasiya şikayəti verib. Nəticədə barəsindəki inzibati xəta haqqında iş üzrə icrata xitam verilib və o, inzibati məsuliyyətdən azad edilib. Bir ildən çoxdur ki, ona fiziki işgəncə vermis və şərləmiş polis əməkdaşlarının cəzalandırılması üçün aidiyyəti qurumlara müraciət edir, ancaq hələ də nail ola bilməyib:

“Məni şərlədib tutduran da, polislərlə əlbir olan da keçmiş qaynanamdır. Həyat yoldaşımdan boşandıqdan sonra qaynanam məndən qisas almaq üçün əl atmadığı yol qalmayıb. Əsas məqsədi də məni həbs etdirməkdir. Ötən il aprelin 14-də eşitdim ki, sahə müvəkkili Vasif Həsənov məni axtarır. Onunla görüşüb səbəbini soruşanda bildirdi ki, qaynanam məndən şikayət edib. Qolumdan yapışıb məni kobud şəkildə dartışdırdı və tələb etdi ki, onunla polis şöbəsinə gedim. Mən qolumu buraxmasını və hara lazımdırsa getməyə hazır olduğumu deyəndə məni təpiklə vurdu. Hiss etdim ki, mənimlə süni şəkildə münaqişə yaratmaq istəyir və bacardıqca səbrli davranmağa çalışdım. Bununla belə, yanındakı iki polis əməkdaşına göstəriş verdi, məni döyə-döyə polislərdən birinin maşınına mindirib polis şöbəsinə apardılar. Bir gecə polis şöbəsində saxladılar, növbəti gün həmin sahə müvəkkili barəmdə İnzibati Xətalar Məcəlləsinin 535.1 (Polis işçisinin qanuni tələbinə qəsdən tabe olmama) maddəsiylə inzibati protokol tərtib edib məhkəməyə göndərdi”.

“Hakim məni dinləmədi”

Zabil Əsədovun sözlərinə görə, məhkəməyə gedərkən vəkillə təmin olunmayıb, hakim Zamiq Rəsulov onun üz və göz nahiyələrində aşkar görünən xəsarətlərə məhəl qoymayıb, onu dinləməyib:

“Məhkəmə iclası açıq keçirilsə də, ailə üzvlərim, anam iclasa buraxılmadı. Məndən onların istədiyi şəkildə izahat yazmağımı tələb etsələr də, yazmadım. Keçmiş qayınanam izahat verdi, bildirdi ki, guya mən onun qızını – yəni öz keçmiş həyat yoldaşımı oğurlamışam və sair… Mən onun dediklərinin böhtan olduğunu bildirəndə hakim üstümə qışqıraraq məni “danabaş” və başqa qeyri-etik sözlərlə aşağıladı. Himayəmdə autizmdən əziyyət çəkən iki azyaşlı övladım, ailəyə baxan yeganə şəxs olmağım nəzərə alınmadan, hakim yalnız inzibati protokoldakı cəfəngiyyatlara əsaslanaraq barəmdə 8 günlük həbs qərarı çıxardı”.

Zabil Əsədov həbsdən buraxılandan sonra qərardan apelyasiya şikayəti verib, mayın 25-də Gəncə Apelyasiya Məhkəməsi qərarı ləğv edərək işə yenidən baxılması üçün inzibati xəta haqqında materialı Ağstafa Rayon Məhkəməsinə göndərib. Məhkəmə inzibati xəta haqqında iş üzrə icraata xitam verib, Zabil Əsədov inzibati məsuliyyətdən azad olunub.

Xəsarətlərim təsdiqlənib”

Zabil Əsədov danışır ki, hələ ötən ilin aprelində həbsdən buraxılandan sonra sahə müvəkkili, polis kapitanı Vasif Həsənovun onu döyməsi və başqa qanunsuz hərəkətləri barəsində Ağstafa Rayon Prokurorluğuna şikayət edib. Prokurorluq tərəfindən məhkəmə-tibbi ekspertiza təyin edilib, ekspert rəyində qeyd olunub ki, Zabil Əsədovun sağ gözündəki və bədəninin digər nahiyələrindəki izlər təpik və yumruq zərbələrindən yarana bilər. Zabil Əsədovun sözlərinə görə, sahə müvəkkilinin onu döyməsini təsdiqləyən şahid izahatlarına baxmayaraq, Ağstafa Rayon Prokurorluğu bu cinayəti ört-basdır etməklə məşğuldur:

“Bütün bu hadisələrdən dolayı mən və ailəm xeyli maddi və mənəvi əziyyət çəkmişik. Zərərçəkən olduğum halda Ağstafa Rayon Prokurorluğu nəinki Vasif Həsənovun barəsində, heç fakt üzrə də cinayət işi açmır. Məqsədləri də zərərçəkən kimi tanınmağımın qarşısını almaqdır. Ekspertiza rəyinin nüsxəsini prokuror Anar Cəfərovdan rəsmi dəfələrlə istəsəm də, verməyib”.

Rədd qərarı üç dəfə ləğv edilib

Zabil Əsədov Ağstafa Rayon Prokurorluğunda onun şikayəti əsasında cinayət işinin başlanmasının rədd edilməsinə dair qərarın üç dəfə ləğv edilməsinə nail ola bilib. Birinci qərarı elə rayon prokuroru Anar Cəfərov, ikinci qərarı Baş prokurorun birinci muavini Elçin Məmmədov, üçüncü qərarı isə bu ilin fevralında Ağstafa Rayon Məhkəməsi ləğv edib.

Ağstafa Rayon Prokurorluğundan Meydan TV-yə bildirilib ki, Zabil Əsədovun şikayəti araşdırılır. Nəticəsi barədə vətəndaşa rəsmi məlumat veriləcək.

Zabil Əsədov Daxili İşlər Nazirliyinə qarşı da məhkəmədə iddia qaldırıb. O, şərləndiyinə, döyüldüyünə və 8 gün həbsdə saxlandığına görə qurumdan maddi və mənəvi təzminat tələb edir. Zabil Əsədovun iddiasına Nəsimi Rayon Məhkəməsində baxılır.

Meydan TV 

Siz həmçinin bəyənə bilərsiniz

Şərh yaz

Əlaqə

gozetci.az_logo_2
+994 55 340 34 34
gozetci.az@gmail.com
+99455 340 34 34
+99455 340 34 34

© 2023 – Bütün hüquqları qorunur – Gözətçi.az