Avropa Məhkəməsi Azərbaycanı yenə cərimələdi

tərəfindən Gozetci

Məhkəmə 6 ərizə üzrə 4 qərar çıxarıb, 2 işdə dostca anlaşıblar…

Avropa İnsan Hüquqları Məhkəməsi (AİHM) fevralın 10-da Azərbaycandan göndərilmiş 6 ərizə üzrə 4 yekun qərarını elan edib.

Qərarlardan biri mahiyyət üzrə verilib, digəri hökumətin birtərəfli bəyannaməsi nəzərə alınaraq qəbul edilib.

Növbəti 2 işdə isə tərəflər dostca anlaşıblar.

“Hacıyev Azərbaycana qarşı” – işdə məhkəməyə qədər həbs edilmiş ərizəçi yerli məhkəmələrin qərarlarını əsaslandıra bilməməsindən şikayət edib.

O, azadlıq və toxunulmazlıq hüququna müdaxilənin baş verdiyini iddia edib.

AİHM bu işdə “Fərhad Əliyev Azərbaycana qarşı”, “İsayeva Azərbaycana qarşı”, “Zayidov Azərbaycana qarşı” işlərinə istinad edib və iş hallarının oxşar olduğunu bildirib.

Məhkəmə hesab edib ki, hazırkı işdə daxili məhkəmələr ərizəçinin məhkəməyəqədər həbsinin zəruriliyini əsaslandıra bilməyib. Buna görə də şikayət qəbulediləndir və Konvensiyanın 5-ci maddəsinin 3-cü bəndinin pozuntusu baş verib.

Məhkəmə digər presedentlərə istinad edərək, ərizəçiyə 3500 avro təzminat ödənilməsinə qərar verib.

“Əmrah Salmanov Azərbaycana qarşı” –  işdə isə tərəflər dostca anlaşıb.

Anlaşmaya əsasən, hökumət ərizəçiyə mənəvi zərər əvəzi 12000 avro təzminat və 1000 avro hüquqi məsrəf xərci ödəyəcək.

İş oğurluqda iştirakda şübhəli bilinərək həbs edilmiş yetkinlik yaşına çatmayan ərizəçi haqda həbs-qətimkan tədbiri seçilməsi ilə bağlı olub.

Konvensiyanın 5-ci maddəsinə əsaslanan ərizəçi iddia edib ki, daxili məhkəmələr onun məhkəməyəqədər həbsinə qərar verərkən, öz qərarlarını əsaslandıra bilməyiblər.

Ərizəçi həmçinin Konvensiyanın 3-cü və 13-cü maddələrinə əsaslanaraq, həbs olunduqdan sonra polis idarəsində pis rəftara məruz qalmasından, bədənində xəsarətlər almasını təsdiq edən izlərə rəğmən effektiv araşdırmanın aparılmamasından şikayət edib.

“Ülvi Nuriyev və Coşqun Salahov Azərbaycana qarşı” – işdə də tərəflər dostca anlaşıb.

Anlaşmaya əsasən, hökumət iki ərizəçiyə ümumilikdə 16 000 avro təzminat (ərizəçilərin hər birinə 7 min avro mənəvi zərər əvəzi və hüquqi məsrəflərə görə 2 000 avro) ödəməlidir.

Bu iş hər iki ərizəçinin 22 sentyabr 2013-cü il tarixdə müxalif qüvvələrin icazəli dinc aksiyasında saxlanılması, inzibati qaydada həbs edilmələri ilə bağlı olub.

Onların cəzalandırlmasına səbəb kimi prezident seçkiləri kampaniyası zamanı namizədlərin plakatlarını zədələmələri, polisin əmrinə əməl etməmələri göstərilib. Lakin ərizəçilər iddia edir ki, onlar hər hansı qanun pozuntusuna yol verməyib, müxalif namizədin təşkil etdiyi aksiyada iştirak etmələrinə görə cəzalandırılıblar.

Ərizəçilər AİHM qarşısında azadlıq və toxunulmazlıq, ədalətli məhkəmə araşdırması və toplaşmaq azadlığı hüquqlarına müdaxilə baş verdiyini iddia ediblər.

“Məhəmməd Mustafayev və Ceyhun Süleymanov Azərbaycana qarşı” – işdə hökumət, kommunikasiya mərhələsində ərizəçilərin iddia etdikləri pozuntuları etiraf edib. Məhkəməyə mənəvi zərər əvəzi təzminat ödənilməsini ifadə edən birtərəfli bəyannamə təqdim edib. Məhkəmə bəyannaməni qəbul edib. Beləliklə, hökumət ərizəçilərin hər birinə 7500 avro təzminat ödəyəcək.

Bu işdə hər iki ərizəçi qanunsuz azadlıqdan məhrum etməyə görə təyin olunan təzminatın məbləğinin azlığından şikayət edib.

Ərizəçilərdən M.Mustafayev bir il altı ay iyirmi bir gün müddətində qanunsuz həbsdə saxlanılıb. Bəraət alandan sonra yerli məhkəmələr ona 5000 manat təzminat ödənilməsinə qərar verib.

Yerli məhkəmələr iki il yeddi ay iki gün müddətində qanunsuz həbsdə saxlanılan C.Süleymanova isə 8000 manat təzminat ödənilməsinə qərar verib.

Konvensiyanın 5.5-ci bəndinə əsaslanan ərizəçilər AİHM qarşısında iddia ediblər ki, qeyri-qanuni həbsdə saxlanılmalarına görə təyin edilmiş təzminatların məbləği az olub. Bununla da qanunsuz həbsə görə kompensasiya almaq hüquqları müdaxiləyə məruz qalıb.

Meydan TV

Siz həmçinin bəyənə bilərsiniz

Şərh yaz

Əlaqə

gozetci.az_logo_2
+994 55 340 34 34
gozetci.az@gmail.com
+99455 340 34 34
+99455 340 34 34

© 2023 – Bütün hüquqları qorunur – Gözətçi.az