Bu gün, noyabrın 10-da Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Samir Əliyevin sədrliyi ilə Azərbaycan Xalq Cəbhəsi Partiyasının (AXCP) fəalı Aqil Hümbətovun cinayət işi üzrə məhkəmə baxışı davam etdirilib. Növbəti məhkəmə iclası noyabrın 11-də keçiriləcək.
Məhkəmə faktiki olaraq qapalı şəraitdə keçirilib və vəkildən başqa kimsə iclas zalına buraxılmayıb.
Məhkəmə iclası şahidlərin dindirlməsi ilə davam etdirilib. Bu gün şahid qismində Aqil Hümbətovun xəsarət yetirdiyi iddia edilən Yamən Məmmədovun anası ifadə verib. Onun dedikləri Aqil Hümbətov tərəfindən təkzib edilib və yalan olduğu bildirilib.
Yamən Məmmədovun həyat yoldaşı məhkəməyə gəlmədiyindən məhkəmə iclası noyabrın 11-də davam etdiriləcək.
AXCP fəalı bu il avqustun 11-də Bakının Zirə qəsəbəsində Yamən Məmmədov adlı şəxsə bıçaqla xəsarət yetirməkdə ittiham olunur.
Hümbətova qarşı Cinayət Məcəlləsinin 126.2.4-ci maddəsi ilə (ümumi təhlükəli üsulla, xuliqanlıq niyyətilə qəsdən sağlamlığa ağır zərər vurma) cinayət işi açılıb və barəsində Xəzər Rayon Məhkəməsinin qərarı ilə 4 ay həbs-qətimkan tədbiri seçilib.
AXCP fəalı bundan öncə 2019-cu il martın 14-də saxlanılaraq 30 sutka inzibati həbsə məhkum edilib.
AXCP onun saxlanılmasına sosial şəbəkələrdə prezident İlham Əliyevə müraciətinin səbəb olduğunu bildirib.
Bakının Zirə qəsəbəsinin sakini olan Hümbətov deyib ki, işsizdir və üç uşaq böyüdür, yerli hakimiyyət onun problemləri ilə məşğul olmur, buna görə o, zibilliklərdə karton yığıb satmaqla pul qazanmaq məcburiyyətindədir.
Bundan sonra Hümbətov 2020-ci ilin aprelində və iyununda Bakının Maştağa qəsəbəsində yerləşən 1 saylı Respublika Psixiatriya Xəstəxanasına yerləşdirilib.
AmerikanınSəsi