Azərbaycanda internet televiziyaya haker hücumu: paylaşımlar silinib

tərəfindən Gozetci

Ələsgər Məmmədli: “Baş vermiş hadisə siyasi müdaxilədir”

Noyabrın 3-də səhər saatlarında Azərbaycanda fəaliyyət göstərən Toplum TV internet televiziyasının “Facebook” hesabı ələ keçirilib.

İnternet televiziyasının bəzi paylaşımları səhifədən silinib. Bu paylaşımlardan biri də televiziyanın bir gün öncə axşam saatlarında efirə getmiş “Toplumda Debat” verilişinin buraxılışıdır.

Həmin verilişin qonağı Azərbaycan Xalq Cəbhəsi Partiyasının (AXCP) sədri Əli Kərimli olub.

O, əsasən son dövrlər xarici mediada yayımlanan və Azərbaycanın da adının hallandığı beynəlxalq korrupsiya araşdırmalarından, prezident, parlament seçkilərindəki qanunsuzluqdan, ərzaq, xidmət bahalaşmasından, artan məişət zorakılığından, belə hadisələrə hüquq-mühafizə orqanlarının laqeydliyindən, insanların yaşayışından danışıb.

Eyni zamanda, daha öncə yayımlanan Müsavat Partiyası rəhbərinin qonaq olduğu veriliş də silinib. Ələ keçirənlər səhifənin adını da dəyişərək “Toplan TV” ediblər.

Toplum TV-nin təsisçisi Ələsgər Məmmədli bu barədə verdiyi açıqlamada bildirir ki, hadisə bu gün səhər saat 8:54-də baş verib.

Mobil telefon nömrəsi üzərindən onun “Facebook” hesabına müdaxilə olub, şəxsi məlumatlarına qanunsuz giriş həyata keçirilib: “Həmin vaxt mən şəhərdə ağır tıxacda olduğumdan mobil telefona və kompüterə çıxış imkanlarım məhdud idi. Hadisədən yarım saat sonra xəbər tutdum. Müdaxilə mobil telefonun sim kartına göndərilən SMS-in qanunsuz istifadəsi ilə baş verib. Yəni mövcud nömrəmə gələn SMS-lər paralel olaraq telekommunikasiya qanunvericiliyinə görə, sistemə texniki nəzarət edənlər tərəfindən istifadə edilib”.

Ələsgər Məmmədli deyir ki, səhifəni izləyənlərin, həmçinin bəyənənlərin bir neçə min nəfəri silinib.

O düşünür ki, baş verən hadisənin aydın səbəbi siyasi müdaxilədir: “Toplumda aparılan ictimai-azad müzakirə mühitinə mütləq dözümsüzlük o həddə çatıb ki, cinayətdən belə çəkinilməyərək konkret Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 271, 272 və 273-cü maddələrində qadağan olunan cinayət əməlinə yol verilib. Baş verən müdaxilə ifadə azadlığına, şəxsi həyatın gizliliyinə, fərdi məlumatların təhlükəsizliyinə kobud müdaxilədir və cinayət əməlidir”.

Ələsgər Məmmədli informasiya təhlükəsiliyi ilə əlaqədar məsul rəsmi qurumların ciddi araşdırmasını və zəruri tədbir görməsini tələb edir.

Azərbaycanda internet təhlükəsizliyinə nəzarəti Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyi yanında Elekton Təhlükəsizlik Mərkəzi həyata keçirir. Bu məsələ ilə bağlı qurumdan məlumat almaq mümkün olmayıb.

Toplum TV 2016-ci ilin oktyabrından fəaliyyətdədir və gündəlik hadisələr barədə xəbər, müsahibə, reportaj hazırlayan müstəqil informasiya resursudur.

Sayt həmçinin Demokratik Təşəbbüslər İnstitutunun (IDI) “Demokratiya Məktəbi” proqramının jurnalistika təlimlərində iştirak edən gənclərin peşəkarlıqlarını artırmaq üçün platforma rolunda fəaliyyət göstərir.

Meydan TV

Siz həmçinin bəyənə bilərsiniz

Şərh yaz

Əlaqə

gozetci.az_logo_2
+994 55 340 34 34
gozetci.az@gmail.com
+99455 340 34 34
+99455 340 34 34

© 2023 – Bütün hüquqları qorunur – Gözətçi.az