“Şöbəyə çağırılan dəyərli din xadimimiz Ruhullah Məhdəvi Axundzadə statusda qeyd olunan ifadələrin ona məxsusluğunu təsdiqlədi”
İyunun 15-də səhər saatlarında talış bloger və aktivist Elvin İrşadovun Lənkəran Şəhər Polis Şöbəsinə aparıldığı bildirilir. Bu barədə blogerin özü talış fəallar Rahim Şaliyev və Boris Talışınkiyə məlumat verib. Onun sözlərinə görə, küçədə telefonla danışdığı yerdə saxlanılıb və polisə aparılıb.
Bundan sonra ailə üzvləri onun barəsində məlumat almağa çalışsa da, gün ərzində Lənkəran polisi bu müraciətlərə cavab verməyib.
Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin KİV və ictimaiyyətlə əlaqələr şöbəsinin rəisi Elşad Hacıyev Meydan TV-yə deyib ki, Elvin İrşadov şikayət əsasında polis şöbəsinə dəvət olunub, profilaktik söhbətlər aparıldıqdan sonra sərbəst buraxılıb.
Gecə saatlarında bloger “Facebook” səhifəsində bu barədə məlumat paylaşıb. Bildirib ki, Qafqaz Müsəlmanları İdarəsinin Lənkəran rayonu üzrə nümayəndəliyinin ruhaniləri Operativ Qərargahın məscidlərlə bağlı qərarına etiraz edib və bloger də bu barədə paylaşım edib. Bundan sonra polis şöbəsinə çağırılıb:
“Bu barədə hardan məlumatlı olduğum barədə suallar verdilər. Şöbəyə çağırılan dəyərli din xadimimiz Ruhullah Məhdəvi Axundzadə statusda qeyd olunan ifadələrin ona məxsusluğunu təsdiqlədi. Nəticədə, sərbəst buraxıldım”.
Elvin İrşadov daha əvvəl 2020-ci il mayın 18-də Talış xanlığı barədə paylaşdığı videodan sonra inzibati həbs cəzası alıb. O, sosial şəbəkələrdə pantürkizm və rasizm əleyhinə, eləcə də talış mədəniyyətinin təbliğatı ilə bağlı paylaşımlar edir.
Meydan TV