İmişlidə müharibə iştirakçıları sosial tələblərlə aksiya keçirib

tərəfindən Gozetci

Bu gün, iyunun 2-də İmişli rayonunda bir qrup müharibə iştirakçısı yerli icra hakimiyyətinin inzibati binası qarşısında etiraz aksiyası keçirib. Onların sosial problemləri dilə gətirdiyi, süründürməçilikdən, biganəlikdən şikayətləndikləri bildirilir.

Bu barədə AzadlıqRadiosuna etirazçılar özləri məlumat veriblər.

Müşfiq İsmayılov: “Bizi polislə hədələyirlər. Açıq şəkildə deyirlər ki, gedin kimə istəyirsiniz şikayət edin. Bu qədər adam işsizdir. Problemlərimiz başımızdan aşır. Biz cənab prezidentdən xahiş edirik məmur özbaşınalığına son qoysun”.

Kamil Zeynalov: “Mən özüm kəllə-beyin travması almışam. Amma dolanmaq üçün bizə işləmək lazımdır. Biz kimdənsə əvəzsiz pul, maddi yardım istəmirik. İstəyirik öz zəhmətimiz hesabına halal çörək qazanaq. Ailələrimiz əziyyət çəkirlər. Aramızda eləsi var ki, yaşı ötür, amma imkansızlığa görə ailə qura bilmir”.

Anar Kərimzadə: “Bizə, veteranlara tam laqeyd yanaşma var. Dəfələrlə dövlət orqanlarına müraciət etmişik. Müharibədən bəri iş tapa, evimizə çörək apara bilmirik. Nə bizə torpaq verirlər, nə də özünüməşğulluq proqramı ilə mal-material”.

Cavidan Bəşirov: “Müharibə bitəndən yeddi ay ötüb. Bizə hələ də veteran vəsiqəsi verilməyib. Mən ağciyərimdən güllə yarası almışdım. Dörd ay yataq xəstəsi oldum. Bu müddətdə kimsə gəlib qapımı açmadı, mənimlə, ailəmin çətinlikləri ilə maraqlanmadı. İndi də bizi kimsə aramır, axtarmır. Bizi heç qəbul edən də yoxdur”.

Bakıya yürüş cəhdi

İmişli rayon İcra Hakimiyyətində qəbul edilmədiyini deyən müharibə iştirakçıları Bakıya doğru yürüş keçirməyə cəhd edib. Polis İmişli şəhərinin hüdudlarında etirazçıların qarşısını kəsib. Hazırda onlarla İmişli rayon İcra Hakimiyyətinin inzibati binasında söhbət aparılır.

Rəsmilər nə deyir?

Bu məsələyə, hələlik, İmişli rayon İcra Hakimiyyəti, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi və başqa rəsmi qurumlardan münasibət almaq mümkün olmayıb. Amma bundan əvvəl Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyindən bildirilmişdi ki, İkinci Qarabağ müharibəsində həlak olmuş şəxslərin ailələrinə, yaralılara özünüməşğulluq proqramı çərçivəsində də sosial dəstək göstərilir:

“Müharibədən sonrakı dövrdə həmin kateqoriyalardan olan 1700-dən çox şəxs növbədənkənar olmaqla, özünüməşğulluq proqramına cəlb olunub. Onlardan 900-ü şəhid ailələrinin üzvləridir. Eyni zamanda, şəhid ailəsi üzvləri və qazilərdən ibarət 300 şəxsin məşğulluq məsələləri operativ şəkildə həll olunub. Onlar ödənişli ictimai işlər və əmək haqlarının bir hissəsinin birgə maliyyələşdirilməsi proqramları çərçivəsində işlə təmin ediliblər”.

Özünüməşğulluq proqramında vətəndaşlar, əsasən, dövlət hesabına iri- və xırdabuynuzlu mal-qara ilə təmin edilirlər.

AzadlıqRadiosu

Siz həmçinin bəyənə bilərsiniz

Şərh yaz

Əlaqə

gozetci.az_logo_2
+994 55 340 34 34
gozetci.az@gmail.com
+99455 340 34 34
+99455 340 34 34

© 2023 – Bütün hüquqları qorunur – Gözətçi.az