İŞİD-lə əlaqədə ittiham olunan azərbaycanlılara 9 ildən 18 ilə qədər həbs tələbi

tərəfindən Gozetci

Esmira Məmmədova: “Günahsızları həbsdə saxlatdırmaq sizə nə verir?”

İŞİD-ə maliyyə yardımı, terror cəhdi, qadağan olunmuş ədəbiyyat əldə etmə kimi ittihamlarla həbs olunan 11 azərbaycanlının işi üzrə məhkəmə istintaqı başa çatıb. Aprelin 27-də Bakı Ağır Cinayətlər Məhkəməsində prokuror çıxış edərək, təqsirləndirilən şəxslərə 9 ildən 18 ilə qədər azadlıqdan məhrumetmə cəzası verilməsini istəyib.

Təqsirləndirilən şəxslərin ailə üzvlərini məhkəməyə buraxmayıblar. Vəkillər buna etiraz edərək bildirib ki, açıq məhkəmə iclasına vətəndaşların buraxılmaması məhkəmənin açıqlığı prinsipinin pozulmasıdır. Hakim Səbuhi Hüseynov əvvəlcə xüsusi karantin rejimini əsas göstərib. Bu zaman vəkillər bildirib ki, xüsusi karantin rejimi dövründə məhkəmə zalında 10 nəfərdən artıq adamın olmasına icazə verilmirdi. Sonradan bu qadağa aradan qalxdı:

“Əgər o qaydaya qalsa, gərək bizim heç birimiz burada olmayaq. Təqsirləndirilən şəxslərin sayı elə 11 nəfərdi…”

Daha sonra hakim Səbuhi Hüseynov səbəb kimi, ötən məhkəmə iclasında valideynlərin səs-küy salmasını göstərib. Vəkillər bu arqumentlə də razılaşmayaraq bildiriblər ki, onlar məhkəmə zalında səs-küy salmayıb. Sadəcə, məhkəmə prosesindən sonra Prezident Administrasiyasının qarşısına gedərək, övladlarının işinə ədalətsiz baxılmasına etiraz ediblər.

Prokuror çıxış edərkən deyib ki, təqsirləndirilən şəxslərə verilən ittihamlar məhkəmə istintaqı zamanı sübuta yetirilib. O, təqsirləndirilən şəxslərdən Samir Qurbanova 18, Amin Həsənova 17, Əflatun Bayramova 16, Babək Məmmədli və Tehran Qasımova 15, Cavid Əmənova 14, Elvin İsmayılova 10, Şəhriyar Cabbarov və Ələddin İbişova 9 il 6 ay, Orxan Qurbanov və Yusif İmanova isə 9 il həbs cəzası verilməsini istəyib.

Ardınca vəkillərin çıxışları başlanıb. Təqsirləndirilən şəxslərdən üçünün vəkili çıxış edərək, hüquqlarını müdafiə etdikləri şəxslərə qarşı ittihamların məhkəmədə sübuta yetirilmədiyini vurğulayıblar. Onlar müvəkkilləri haqda bəraət hökmü çıxarılmasını istəyiblər.

Vəkillər həmçinin prokurorun “cinayətin bir qrup şəxs tərəfindən törədilməsini” təqsirləndirilən şəxslərə münasibətdə ağırlaşdırıcı hal kimi qiymətləndirməsinə də etiraz edib. Bildiriblər ki, buna görə onlara ittiham verilibsə, əlavə yük kimi, ağırlaşdırıcı hal kimi qiymətləndirmək hüquqa ziddir.

Vəkillərin bir neçəsi çıxışa hazırlaşmaq üçün vaxt istəyib. Bu səbəbdən məhkəmə prosesi mayın 4-nə qədər təxirə salınıb.

Prosesdən sonra valideynlər Bakı Ağır Cinayətlər Məhkəməsinin qarşısında etiraz aksiyası keçiriblər.

Təqsirləndirilən Babək Məmmədlinin yaxınları bildirib ki, o da daxil olmaqla, üç nəfər 55 gündür ki, aclıq aksiyası keçirir. Onlar məhkəmənin bu işə ədalətli baxmasını tələb edir.

“Ay prezident, bizi niyə eşitmirsən, biz də bu vətənin daşlarıyıq. Bir nəfər şahidi məhkəməyə gətirə bilmirlərsə, bu, necə məhkəmədir? Nə verir sizə günahsızları həbsdə saxlatdırmaq? İki gün əvvəl DTX-nın rəisinin qəbuluna getmişik, bizi üç saat gözlətdirəndən sonra gəlib deyirlər ki, Əli Nağıyev burada yoxdur. Deyirəm, bunu demək üçün 3 saat gözlətmək lazımdır? Bu, ölkədə vətəndaşa olan münasibətdir. Ay prezident, biz qanun, ədalət axtarırıq, sürünməkdən yorulmuşuq. Bu anaların ahından qorxun…”, – Babək Məmmədlinin anası Esmira Məmmədova Meydan TV-yə bildirib.

Təqsirləndirilən şəxslər də ittihamları qəbul etmir, günahsız olduqları halda böhtana məruz qaldıqlarını deyirlər.

Valideynlər də iddia edir ki, ölkədə terrora qarşı mübarizə görüntüsü yaratmaq məqsədilə onların övladlarını qurban verirlər.

Meydan TV

Siz həmçinin bəyənə bilərsiniz

Şərh yaz

Əlaqə

gozetci.az_logo_2
+994 55 340 34 34
gozetci.az@gmail.com
+99455 340 34 34
+99455 340 34 34

© 2023 – Bütün hüquqları qorunur – Gözətçi.az