Saleh Rüstəmlinin qardaşı: Belə hal təkrarlansa, ölüm aclığına başlayacaq

tərəfindən Gozetci

Məhbusun qardaşı vəziyyətin normala döndüyünü deyir

Gədəbəyin keçmiş icra başçısı, AXCP-yə maliyyə yardımı ittihamına görə 7 il azadlıqdan məhrum edilən Saleh Rüstəmli cəzaçəkmə müəssisəsində ona qarşı təzyiqlərin səngidiyini deyib. Bu barədə Meydan TV-yə onun qardaşı Taleh Rüstəmov məlumat verib.

Qardaşının sözlərinə görə, əvvəldən də birbaşa Saleh Rüstəmlinin özünə toxunmurdular. Onunla ünsiyyət saxlayan, birlikdə çörək yediyi adamlar vasitəsilə ona psixoloji, mənəvi təzyiq göstərməyə çalışırdılar: “Cürbəcür əsassız söz-söhbətlər yayırdılar. Məqsəd Salehi ətrafında olanları ondan uzaqlaşdırıb, onu təcrid eləmək idi. Hədə-qorxu mesajları olmuşdu. Məsələ ictimailəşəndən sonra bu proses dayandırılıb. Özü də bizə dedi ki, hazırda problem yoxdur, sakitlikdir”.

Taleh Rüstəmov onu da əlavə edib ki, özünə və yaxud da ətrafındakılara qarşı yenidən təzyiqlər başlayacağı halda, Saleh Rüstəmli ölüm aclığına başlaya bilər:

“Bu dəfə eləmək istəyirdi. Çünki Saleh elə adamdır ki, ətrafındakılara da zərər gəlməsini istəməz. Mən dedim ki, qoy araşdırılsın, bəlkə sifariş deyil, özfəaliyyətdir? Əgər belə hal təkrarlansa, ölüm aclığına başlayacaq”.

Ailə üzvlərinin bildirdiyinə görə, Saleh Rüstəmli əfv üçün ərizə yazmaq təklif olunsa da, o, imtina edib. O bildirib ki, heç bir cinayət törətmədiyi halda 7 il azadlıqdan məhrum edilib və buna görə kimdənsə əfv diləmək niyyətində deyil. Yaxınlarının sözlərinə görə, təzyiqlər bundan sonra başlayıb: “Onu hədələyib, konkret adlar da çəkiblər ki, “səni elə hala salarıq, filankəs kimi özün yalvararsan””.

Penitensiar Xidmət isə Saleh Rüstəmlinin saxlandığı 13 saylı cəzaçəkmə müəssisəsində təzyiqlərə məruz qalması haqda deyilənləri təkzib edib.

1992-1993-cü illərdə Gədəbəyin icra başçısı olmuş, Qarabağ döyüşçüsü Saleh Rüstəmli 2018-ci il mayın 8-də narkotik ittihamıyla tutulub. İki gün sonra onun qardaşı oğlu Vidadi Rüstəmli də eyni ittihamla saxlanıb. Bundan sonra – mayın 25-də AXCP funksionerləri Babək Həsənov, Aqil Məhərrəmli və Ruslan Nəsirli tutulub. Onların saxlanması ilə bağlı Baş Prokurorluq və Daxili İşlər Nazirliyinin (DİN) yaydığı birgə məlumatda iddia olunub ki, bu beş nəfər çirkli pul vəsaitlərini leqallaşdırmaqda ittiham olunurlar. İddiaya görə, S.Rüstəmli AXCP-yə 420 min dollar pul göndərib.

Lakin adları çəkilən şəxslər çirkli pulların leqallaşdırılması ittihamını rədd edir. Saleh Rüstəmli bildirib ki, uzun illər AXCP-nin üzvü olub. 1998-ci ildən Rusiyada yaşayır. Orada həm özü, həm də digər azərbaycanlılar qazanclarından siyasi məhbusların ailələrinə yardım məqsədilə pul göndəriblər. Təxminən iki il ərzində siyasi məhbus ailələrinə göndərilən vəsait isə 10 min dollar olardı.

Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə Saleh Rüstəmli 7 il 3 ay, Aqil Məhərrəmov 4 il, Babək Həsənov isə 3 il azadlıqdan məhrum edilib. Vidadi Rüstəmli və Ruslan Nəsirliyə şərti cəza verilib.

Babək Həsənov cəzasının başa çatmasına iki ay qalmış – martın 17-də imzalanan sonuncu əfv sərəncamı ilə azadlığa buraxıldı.

AXCP bu cinayət işinin qondarma olduğunu bəyan edib, partiyaya qarşı illərdir davam edən repressiyaların davamı kimi qiymətləndirib.

Meydan TV

Siz həmçinin bəyənə bilərsiniz

Şərh yaz

Əlaqə

gozetci.az_logo_2
+994 55 340 34 34
gozetci.az@gmail.com
+99455 340 34 34
+99455 340 34 34

© 2023 – Bütün hüquqları qorunur – Gözətçi.az