Eldar Həsənovun vəkili: Övlad öz atasına qarşı ifadə verməyə məcbur edilib…

tərəfindən Gozetci

Eldar Həsənov

“Müstəntiq Teymur Qarayev vəkillərin vəsatətlərinin 96 faizini araşdırmadan, yoxlamadan rədd edir, onlarla kobud davranır”

Həbsdə olan keçmiş Baş prokuror və səfir Eldar Həsənovun vəkili onun işi üzrə istintaqı aparan müstəntiqdən narazıdır. Vəkil Adəm Məmmədov iddia edir ki, Baş Prokurorluğun İstintaq İdarəsinin müstəntiqi Teymur Qarayev həm işə qeyri-peşəkar yanaşır, həm də insanlarla kobud davranır.

Vəkilin sözlərinə görə, 5 il (1995-2000) ölkənin Baş prokuroru, 2001-ci ildən 2020-ci ilin avqustunda həbs olunduğu günə qədər Azərbaycanın müxtəlif ölkələrdə səfiri vəzifəsində çalışmış bir şəxsin işi mütləq peşəkar, təcrübəli müstəntiqə həvalə olunmalıydı.

“Amma cinayət işi yetərincə istintaq təcrübəsi olmayan, Yusif İldırımzadə (Bakının Xətai, Suraxanı və Nəsimi rayonlarının keçmiş prokuroru) “təcrübəsi və yetişdirməsi” olan, dərin hüquqi bilikdən çox uzaq, ömründə bəlkə də beş kitab oxumayan, kobud, qanunsuz, təzyiqetmə metodları ilə çalışan, bənzəri olmayan birinə tapşırılıb. Kimlərinsə dəstəyilə vəzifə tutmaq olar, amma ədalətli olmaq, qanuni fəaliyyət göstərmək, vəkillərin vəsatət və şikayətlərinə diqqətlə, məsuliyyətlə, qanun çərçivəsində baxmaq, başqa və son dərəcə vacib bir şərtdir. Burada deyirlər, baxın kimin taleyini kim həll edir. Övladını öz atasına qarşı ifadə verməyə məcbur etmək, səhhətinin ən kritik anlarını yaşayan birinin yanına 2 aydır həkimlərin buraxılmasına icazə verməmək, nə dinə, nə imana, nə qanunlarımıza sığan kobud qanun pozuntusu olmaqla yanaşı, böyük bir günahdır”, – vəkil bildirib.

Adəm Məmmədovun sözlərinə görə, müstəntiq, Teymur Qarayev vəkillərin vəsatətlərinin 96 faizini araşdırmadan, yoxlamadan rədd edir, onlarla kobud davranır.

“Eldar Həsənova Allah səhhətində kömək olsun. O, çox savadlı hüquqşünas kimi, özünü sonadək müdafiə edib, günahsızlığını sübuta yetirəcək. Yazıqlar olsun başqa peşə sahiblərinin gününə ki, onların cinayət işinin istintaqını da belələri aparsın. “Mənlik bir məsələ yoxdur, bütün qərarları prokurorluğun rəhbərliyi verir, mən sadəcə icra edirəm” deməkdən belə utanmayan, özünə çıxış yolu bilən müstəntiqlərdən Allah millətimizi qorusun”, – vəkil əlavə edib.

Respublika Prokurorluğunun mətbuat xidməti məsələ ilə bağlı açıqlama verməyib.

Eldar Həsənov 1995-2000-ci illərdə Azərbaycanın Baş prokuroru olub. Bu vəzifədən azad ediləndən az sonra Azərbaycanın Rumıniyadakı səfiri təyin edilib. 12 il bu vəzifədə çalışandan sonra 2013- cü ildə Azərbaycanın Serbiya, Monteneqro, Bosniya və Hersoqovinadakı səfir vəzifəsinə təyin olunub. Elə bu vəzifədə işləyərkən ötən ilin avqustunda Bakıda DTX əməkdaşları tərəfindən saxlanılıb. Onun həbsindən sonra səfir vəzifəsindən azad edilməsi haqda Prezident sərəncam imzalayıb.

Eldar Həsənovun ittiham olunduğu Cinayət Məcəlləsinin 308.2 (vəzifə səlahiyyətlərindən sui-istifadə ağır nəticələrə səbəb olduqda) maddəsində 3 ildən 7 ilə qədər azadlıqdan məhrum etmə, 308-1.1 (büdcə vəsaitlərindən təyinatı üzrə istifadə etməmə) maddəsində isə 9000 manatdan 13000 manata qədər cərimə və ya 3 ilə qədər azadlıqdan məhrumetmə cəzası nəzərdə tutulub.

Keçmiş səfir özünü təqsirli bilmir. Bir müddət əvvəl onun vəkili yaydığı açıqlamada Eldar Həsənovun həbsini qisasçılıq cəhdi kimi qiymətləndirmişdi. Vəkilin sözlərinə görə, həbsin səbəbi Eldar Həsənov Baş prokuror vəzifəsində işlədiyi dövrdə baş verənlərdən qaynaqlanır: “Səmimi söhbətdə təqdim etdiyi sənədlərdən, eləcə də dövlətin ali orqanlarına şəxsən müraciətlərdən gəldiyim nəticə budur ki, həbsinin səbəbi hazırda respublikada nüfuzlu bir şəxs ilə Eldar müəllim Baş prokuror olduğu dövrdə aralarındakı işçi münasibətlərin gərginləşməsinin qisasıdır”.

Eldar Həsənov Baş prokuror olduğu zaman onun birinci müavini İsa Nəcəfovla aralarındakı gərginlik haqda o dövrdə mətbuatda xeyli materiallar yayılmışdı. Tərəflərin hər ikisi müsahibə və açıqlamalarında aralarında problem olduğunu gizlətmirdi. İsa Nəcəfov hazırda Konstitusiya Məhkəməsinin hakimidir.

Eldar Həsənovun həbsinə görə günahlandırdığı şəxsin İsa Nəcəfov olub-olmadığı isə məlum deyil.

Meydan TV

Siz həmçinin bəyənə bilərsiniz

Şərh yaz

Əlaqə

gozetci.az_logo_2
+994 55 340 34 34
gozetci.az@gmail.com
+99455 340 34 34
+99455 340 34 34

© 2023 – Bütün hüquqları qorunur – Gözətçi.az