Yük maşını sürücüsü Valeh Cabbarov «Gözətçi» saytına ünvanladığı şikayətində martın 20-də ona məxsus HOWA markalı mişar daşı ilə yüklü maşını Qaradağ postunda Etibar adlı polis zabiti tərəfindən saxlanıldığını bildirib. «Özünü Qaradağ postunun komandiri kimi təqdim edən polis zabiti məndən «Azəravtoyol»un 300 manat aylıq «tərəzi haqqını» ödəməyi tələb etdi. Mən məbləği qəbz qarşılığında ödəməyə hazır olduğumu desəm də, polis zabiti onlarda qəbz olmadığını, məbləği yalnız nəğd şəkildə ödəməli olduğumu, əks halda isə 600 manat cərimələnəcəyimi bildirdi».
V.Cabbarovun sözlərinə görə, o polis zabitinə Nazirlər Kabinetinin müvafiq qərarına əsasən dövlət orqanlarının işçilərinə vətəndaşlardan nəğd şəkildə pul vəsaitinin qəbul edilməsini qadağan edildiyini və bütün ödənişlərin hesab nömrəsinə ödənilməklə həyata keçirildiyini deyib. “Bu cavabdan sonra polis zabiti hiddətləndi, yük maşınımı əlimdən alıb, postdaa saxladı.” Valeh Cabbarov belə deyir.
Şikayətçi qeyd edib ki, bu hadisə ona ciddi maddi ziyan vurub. Çünki ailəsi dörd azyaşlı uşaq olmaqla altı nəfərdən ibarətdir. «Ailədə məndən başqa işləyən yoxdur və heç bir sosial yardım almırıq. Ölkədə pandemiya höküm sürüdüyündən, bütün sahələrdə olduğu kimi tikinti sahəsində də işlər yox dərəcəsindədir. Adıma sadəcə bu yük maşını var, onunla gedib daş gətirib, satıb ailəmi dolandırırdım. İndi həmin yük maşınına da altı yüz manatlıq cərimə yazıb, postda saxlayıblar».
Şikayətçi deyib ki, polis zabitinin hərəkətinə görə Baş Prokurorluq yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsinin və Daxili İşlər Nazirliyinin Çağrı Mərkəzinə zəng edib.
«Daxili İşlər Nazirliyinə şikayət məktubu yazsam da, müraciətim hələ də cavabsız qalıb».
Bakı Şəhər Baş Dövlət Yol Polisi İdarəsinin İctimaiyyətlə əlaqələr şöbəsinin rəisi Vaqif Əsədov “Turan”a bildirib ki, sürücü ilk növbədə Bakı Şəhər Baş Dövlət Yol Polisi İdarəsinə müraciət etməlidir. « Yaxşı olardı ki, sürücü aidiyyatı üzrə müraciət edərdi. Nə üçün posta yaxınlaşıb şikayətini eləməyib? Əgər sürücülər hesab edirlər ki, onlara qarşı bir hərəkət olub dərhal bizə yazılı və ya şifahi formada bildirsinlər».
V.Əsədov qeyd edib ki, normadan artıq yük götürmək olmaz. «Xüsusilə tikinti materialları daşınırsa. Hələ bilinmir sürücü daşıdığı yükün üstünə örtük vurub və ya vurmayıb. Yükün neçə kiloqram ağır olub-olmamasını da bilmirəm, onu tərəzi bilir». Qurumun sözçüsü vurğulayıb ki, cərimənin ödənilməsinin müxtəlif yolları var. «Kartla da ödənilməsi var. Yəni protokol əsasında plastik kartla da ödəmək olur. Protokol tərtib edildikdən sonra sürücü özü bilir kartla ödəyir ya postda ödəyir. O onun öz işidir. Sürücü on gün müddətində ödəyirsə, avtomatik orda güzəşt var. Bir ay müddətində ödəyirsə, olduğu kimi ödəyir. Bir aydan artıq müddətə ödəyəcəksə, artıq hər günə bir faiz cərimə gəlir». V.Əsədov əlavə edib ki, sürücülərin problemi varsa, idarədə onları şifahi də olsa, qəbul etməyə hazırdır.
Baş Dövlət Yol Polisi İdarəsinin İctimaiyyətlə əlaqələr şöbəsin rəisi Namidan Piriyev isə Valeh Cabbarovun sözlərini təkzib edib. Onun sözlərinə görə, Valeh Cabbarov yük avtomobilin sahibi olsa da, sürücüsü o deyil. «300 manat «tərəzi haqqının» ödənilməsinin tələb etməsi haqqında deyilənlər tamamilə əsassızdır. O, avtomobilində normadan artıq yük aparıb və buna görə onun müvafiq cəriməsi var. Sadəcə məsuliyyətdən yayınmaq üçün belə bir şər-böhtan xarakterli şikayət edib. Sürücü ilə polis əməkdaşının arasında bütün prosesin videoyazısı var. Biz ona baxmışıq, kim istəyir gəlsin, onun istirakı ilə burda da baxa bilərik. Biz Valeh Cabbarovu dəfələrlə dəvət etsək də gəlmir».