AXCP sədrinin mühafizəçisinin cinayət işi üzrə məhkəmə baxışı təyin edilib

tərəfindən Gozetci

Fevralın 22-də Bakının Səbail rayon Məhkəməsində hakim Azər Tağıyevin sədrliyi ilə Azərbaycan Xalq Cəbhəsi Partiyası (AXCP) sədrinin ictimai əsaslarla mühafizəçisi Ruslan Əmirovun cinayət işi üzrə hazırlıq iclası keçirilib. Məhkəmə baxışı martın 3-nə təyin olunub.

Əmirovun barəsində Cinayət Məcəlləsinin 5 maddəsi ilə cinayət işi başlanıb. O, polisin nəzarətinə verilib.

Ruslan Əmirov 2020-ci il iyulun 14-15-də Azərbaycan Ordusuna dəstək məqsədi ilə keçirilən aksiya zamanı yaranmış insident faktı üzrə qaldırılmış cinayət işi əsasında istintaqa cəlb edilib.

Ona qarşı Cinayət Məcəlləsinin 32.3 və 34.2 (Cinayətin bir qrup şəxs, qabaqcadan əlbir olan bir qrup şəxs, mütəşəkkil dəstə və ya cinayətkar birlik tərəfindən törədilməsi), 186.2.1, 186.2.2, (Əmlakı qəsdən məhv etmə və ya zədələmə), 233 (İctimai qaydanın pozulmasına səbəb olan hərəkətləri təşkil etmə və ya bu cür hərəkətlərdə fəal iştirak etmə), 315 (Hakimiyyət nümayəndəsinə qarşı müqavimət göstərmə və ya zor tətbiq etmə), 127.2 (Qəsdən sağlamlığa az ağır zərər vurma) maddələri ilə ittiham irəli sürülüb.

Ruslan Əmirov Turan-a bildirib ki, dinc aksiyada iştirak edib, ancaq hər hansı qanunsuz hərəkətə yol verməyib.

“Mənə qarşı qaldırılan cinayət işi siyasidir. Mən hər hansı qanunsuz hərəkətə yol verməmişəm. Azərbaycan Ordusunu dəstəkləmək məqsədi ilə aksiyada iştirak etmişəm və indi də Azərbaycan Ordusunu dəstəkləyirəm”, deyə o  qeyd edib.

Vəkili Bəhruz Bayramov da cinayət işində Ruslan Əmirovun təqsirini sübuta yetirəcək hər hansı bir sübut olmadığını deyib.

AXCP-nin məlumatına görə, ötən il iyulun 14-15-də Azərbaycan Ordusunu dəstəkləmək məqsədi ilə keçirilən aksiyadan sonra bu partiyanın 45 fəalı həbs edilib.

“Onlardan 16 nəfərinə qarşı ağır ittihamlar irəli sürülüb. 15 nəfər inzibati qaydada həbs edilib, 14 nəfər şahid qismində dindirilərək sərbəst buraxılıb”, deyə məlumatda qeyd edilir.

Turan

Siz həmçinin bəyənə bilərsiniz

Şərh yaz

Əlaqə

gozetci.az_logo_2
+994 55 340 34 34
gozetci.az@gmail.com
+99455 340 34 34
+99455 340 34 34

© 2023 – Bütün hüquqları qorunur – Gözətçi.az