Qəsəbə sakinləri iki icra hakimiyyəti arasında qaldıqlarını deyirlər
“Bura “Kür nasosnu” da deyilir, “Alüminium-stroy” da. Şəxsiyyət vəsiqəmizdə qeydiyyat yerimiz Samux rayonu göstərilib. Ancaq Samuxun icra hakimiyyəti bizi Şəmkirə, Şəmkirin icra hakimiyyəti isə Samuxa göndərir… Qalmışıq iki rayonun eyni adlı qurumunun arasında. O deyir, qazı bu çəkməlidir”, bu deyir, mənlik deyil, o çəkməlidir”.
Bunu Meydan TV-yə Samux rayonu, Yenikənd kəndi yaxınlığında yaşayan bir qrup sakin deyir.
Bu ərazidə əvvəllər Gəncədəki Alüminium Zavoduna su ötürən nasosxana yerləşirmiş. Nasosxananın işçiləri də elə orada onlar üçün tikilmiş evlərdə yaşayırmış. 7-8 il əvvəl nasosxana fəaliyyətini dayandırsa da, keçmiş işçilər həmin evlərdə yaşamağa davam edib. Ancaq təxminən 25 ailənin yaşadığı yerdə nə qaz, nə də su var.
“Qaz xətti yaxınlıqdan keçib qonşu kəndlərə uzanır”
Ərazidə yaşayan sakin Asim Nəbiyev danışır:
“Qaraağaclı qəsəbəsidir, Yenikənddir, Köbər kəndidir və daha bir neçə kənddir… Ana xətt bizim evlərin yaxınlığından keçib həmin kəndlərə uzanır, o kəndlərdə insanlar mavi yanacaqdan istifadə edə bilir, ancaq biz soyuqdan əsə-əsə gözümüzü dikmişik yaxınlıqdan keçib gedən qaz xətlərinə…”
Sakinlər dəfələrlə Samux Rayon İcra Hakimiyyətinə gediblər, onlara bildirilib ki, ərazi Şəmkirin ərazisinə düşdüyü üçün qaz xəttinin çəkilişi ilə də həmin rayonun aidiyyəti qurumları məşğul olmalıdır. İkinci Qarabağ Müharibəsi qazisi Arzu Səfərovun sözlərinə görə, eyni sözü Şəmkir Rayon İcra Hakimiyyətindən də eşidirlər:
“Gedirik Şəmkirin icra hakimiyyətinə, orda da deyirlər, bir açın şəxsiyyət vəsiqənizə baxın, görün, yaşayış qeydiyyatınız hansı rayonun ərazisinə düşür… Əslində düz deyirlər, sənədlərimizdə yaşayış qeydiyyatı olaraq Samux rayonu göstərilib. Problemi də Samuxun aidiyyəti qurumları həll etməlidir. Meşədən odun qıranda Samux polisi gəlir, işıqpulunu Samuxun işıq idarəsi yığır, bütün işlərimiz Samuxladır, ancaq qaz çəkmək gələndə deyirlər, Şəmkirə gedin”.
“Qızdırıcını qoşan kimi qısaqapanma baş verir”
Meşədən, odundan, cərimədən söz düşmüşkən, burada yaşayanlar qış gələndə istiliyi odun hesabına təmin etməli olurlar. Ancaq odunu əldə etməyin də başqa çətinlikləri var.
“Bir tərəfimiz Kürdür, bir tərəfimiz meşə… Meşəyə girən kimi bir tərəfdən meşəbəyi, bir tərəfdən polis, bir tərəfdən rayonun ekologiya şöbəsi başının üstünü kəsdirir. Cərimələnib çıxırsan… Gəlirsən evə, bilmirsən nə edəsən, uşaqlar, qocalar soyuqdan donur, adam üzlərinə baxa bilmir. Qoşursan elektrik qızdırıcını, elə 4-5 qonşu qoşanda, qısaqapanma baş verir, elektrik xətləri alışır. Bundan başqa, elektrik cihazlarından istifadə edəndə sayğac da çox yazır, burada yaşayanlar kasıb zümrədəndir, hamı çalışır işıqdan qənaətlə istifadə etsin ki, ayın sonunda işıqpuluya görə gələn bildirişi görəndə ürəkağrısına düşməsin”, – kənd sakini deyir.
Su da yoxdur
Sakinlərin daha bir problemi su ilə bağlıdır. Əsasən də yay aylarında ərazidə nə suvarma, nə də içməli su olur:
“Kənddə bir artezian da yoxdur ki, adamlar içməli su ilə təmin olunsunlar. Yayda ağaclarımız quruyur, suvarmağa su tapmırıq. İcra hakimiyyətinin isə cavabı yenə dediyimiz kimi, eynidir. Deyirlər, bizim əraziyə düşmür”.
Meydan TV müxbiri qeyd olunan ərazidə qaz və su problemi ilə bağlı suallara cavab tapmaq üçün Şəmkir və Samux rayon icra hakimiyyətlərinə bir neçə gün ərzində zəng etsə də, cavab verən olmayıb.
Samux Rayon Qaz İdarəsindən isə Meydan TV-yə deyilib ki, məsələ ilə bağlı “Azəriqaz” İstehsalat Birliyinə müraciət olunub. Qurum nə qərar verəcəkdə, o da icra olunacaq.