Yunis Səfərov: Məqsədim cəmiyyətin diqqətini cəlb etmək idi

tərəfindən Gozetci

“Gəncədə baş vermiş hadisə, yumşaq desək, mürgüləmiş cəmiyyətin üzərindən havaya açılmış atəşdir”

Gəncənin keçmiş icra başçısı Elmar Vəliyev və onu mühafizə edən polis əməkdaşı Qasım Aşpazova qarşı sui-qəsddə ittiham olunan Yunis Səfərov baş verənlərə görə dövlət orqanlarını qınayır. O, hesab edir ki, əgər vətəndaşların hüquqlarını qorumalı olan dövlət məmurları onların şikayətlərinə biganə yanaşmasaydı, Elmar Vəliyevdən narazı olanların özlərini cəzalandırmasaydı, icra başçısının özbaşınalıqlarının qarşısı vaxtında alınsaydı, bu hadisə də yaşanmazdı. O, sui-qəsd olayından 2 il 4 ay sonra məhkəmədə ifadəsində bu haqda geniş danışıb.

Y.Səfərov və daha 11 nəfərin işi üzrə Bakı Ağır Cinayətlər Məhkəməsində keçirilən məhkəmə iclaslarına media nümayəndələrinin iştirakına qadağa qoyulub. Amma Meydan TV Y.Səfərovun ifadəsini əldə edib. O bildirib ki, həbsindən sonra polis idarəsində olanda ora gələn “Xəzər TV” əməkdaşlarına da əməlindən peşman olmadığını deyib. Lakin onun bu haqda dediklərini efirə verməyiblər.

Y.Səfərov ifadəsinə başlayanda bir daha hakimlərdən məhkəmə zalında mikrofon təmin olunmasını istəyib. Hakim isə bildirib ki, mikrofonla təmin etmək mümkün deyil. Vəkillər xatırladıb ki, həmin məhkəmə zalında keçirilən bir sıra başqa məhkəmə iclaslarında mikrofondan istifadə olunub.

“Əgər bir zalda səsin eşidilməsi üçün mikrofonla təmin edə bilmirsinizsə, bu, necə məhkəmədir? Buna görə də kimsə məsuliyyət daşıyır. Əgər birinci-ikinci iclas olsaydı, keçmək olardı. Altıncı, ya yeddinci iclasdır, hər dəfə deyirik, xeyri yoxdur. Bu ədalətlidirmi? Sonra da qanuna hörmətdən danışırıq”, – deyə Y.Səfərov cavab verib.

Əlləri qandallı vəziyyətdə məhkəmə qarşısında dayanan Y.Səfərov daha sonra ifadəsinə başlayıb:

“Haqsızlıq edən insanlardansa, o haqsızlıqlara biganə qalan, laqeyd olan insanlardan daha çox qorxuludur. Çünki bütün haqsızlıqlar o laqeydlərin hesabına mümkün olur. Bizim dinimiz, mədəniyyətimiz, tərbiyəmiz, oxuduğumuz kitabların öyrətdiyi əsas dəyər budur ki, insan cəmiyyətdə baş verənlərə, ölkəsindəki problemlərə biganə qalmasın. Mən də buna çalışmışam. Mən göz yummağı bacarmıram. Mən cəmiyyətdəki problemləri dana bilmirəm. Laqeyd qala bilmərəm. Anlayıram, laqeyd qalmamaq o demək deyil ki, icra başçısını güllələməlisən, qanun var, qayda var, müvafiq qurumlar var. Belə bir şəraitdə vətəndaşın bu cür addım atması sizə təəccüblü gəlir, bilirəm. Özüm də hərdən təəccüblənirəm. Ona görə çalışıram sizə izah edim.

Bu gün məlum səbəbdən hamımızın diqqəti cəbhədədir. Qarabağdakı son proseslər haqda düşünərkən beynimdə onunla Gəncədə baş vermiş hadisə arasında bir paralel, qanunauyğunluq yarandı. Necə ki, Qarabağ məsələsində torpaqlarımız işğal olunmuşdu, amma biz hüquqa, qanuna hörmət edən tərəf kimi, qan tökülməsini istəmirdik, bu məsələnin beynəlxalq hüquq çərçivəsində həll olunmasını istəyirdik, Gəncədə də elə idi. İcra başçısı haqsızlıqlar edirdi, özbaşına davranırdı, həddini aşırdı. Amma biz vətəndaşlar qanuna tabe olduğumuz üçün onu vurmaq istəmirdik. Qarabağ məsələsində üzümüzü beynəlxalq təşkilatlara tutub, onların müdaxilə etməsini, haqqımızın bərpa olunmasını istəyirdik, eyni vəziyyət Gəncədə idi. Üzümüzü səlahiyyətli məmurlara, dövlət orqanlarına tutub, müdaxilə etmələrini, həddini aşan icra başçısının qarşısını almalarını istəyirdik. Necə ki, Qarabağ məsələsində beynəlxalq təşkilatların bizim problemə biganə qaldığını, göz yumduğunu, tədbir görmək istəmədiyini anlayıb, Azərbaycan özü haqq-ədaləti bərpa etmək qərarına gəldi, eyni vəziyyət də Gəncədə oldu. Görəndə ki, müvafiq qurumlar hər cür haqsızlıq edən icra başçısının qarşısını almaq üçün heç bir addım atmır, polisi, məhkəməsi, prokurorluğu susur, ziyalılar bir kənara çəkilib susmağa üstünlük verir, vətəndaş nə edir? Eynilə Azərbaycan ordusu kimi özü haqq-ədaləti bərqərar etmək qərarına gəlir. Xalqın gözü tərəzidir. Eyni vəziyyət, eyni proseslər, eyni ardıcıllıq.

Bu gün Azərbaycan əsgəri öz hərəkətilə beynəlxalq təşkilatlarda islahatların vacibliyini diqtə edir. Eynilə Azərbaycan vətəndaşı da səlahiyyətli orqanlara islahatların zəruriliyini göstərir. Siqnal verir ki, “burada mənəm, Bağdadda kor xəlifə” prinsipi ilə hərəkət edən icra başçılarına qarşı tədbirlərin görülməsi zərurəti var. Ona görə də Qarabağda tökülən qanların məsuliyyətini vaxtında tədbir görməyən beynəlxalq təşkilatlar daşıdığı kimi, Gəncə hadisələrində ölənlərə, həbs olunanlara görə məsuliyyət də səlahiyyətli orqanların üzərindədir. “Qanun qarşısında hamı bərabərdir” prinsipinə əməl eləsəydilər, vəziyyət bu həddə çatmazdı. Sıravi vətəndaşla bir cür davranırlar, vəzifəli şəxslərlə başqa cür. Xüsusən vəzifədə qohumları olanlara tamam başqa münasibət olur. Hətta şikayət edən vətəndaşın özünə belə, problem yaradırlar. Vaxtında tədbir görülsəydi, Gəncədə 5-10 nəfər ziyalı “bizə belə icra başçısı lazım deyil” sözünü deyə bilsəydi, bəlkə bu hadisələr baş verməzdi. Ziyalının vətəndaş mövqeyini səsləndirməkdən çəkinməsi faciədir.

Məhkəmədə ifadəmdən sonra mənə veriləcək suallara həvəssiz cavab versəm, təəccüblənməyin. Xüsusən də bu uşaqlarla bağlı (digər həbs olunanları nəzərdə tutur-red.) “Kimin evində bir gün qalmısan”, “kimə flaşka vermisən” tipli suallar. Mən ona görə belə demirəm ki, kiminsə mənə yazığı gəlsin. Mən əməlimdən qətiyyən peşman deyiləm. Mən rahatlıq istəsəydim, oturardım Moskvada, heç buralara gəlməzdim, zindanda olmazdım. Mənim üçün əsas daxili rahatlıqdır, ruhun rahat olmasıdır, cismin yox.

İcra başçısı problemi təkcə Gəncəyə aid deyildi. Bizim ən böyük problemimiz birinci Qarabağ idisə, bundan sonra korrupsiya, məmur özbaşınalığıdır. Son vaxtlar icra başçıları və digər vəzifəlilərin həbsi də bunu göstərir. Bu problem var və miqyası böyükdür. Hadisələr son vaxtlar bu problemə qarşı mübarizə aparıldığını göstərir. Bunu alqışlayırıq. Lakin bunu indi görürürk. İndi millət vəkilləri bu haqda danışır, bunun üstünə ciddi düşürlər. Mən isə bu addımı 2018-ci ildə atmışam. Bu qərara isə 2017-ci ildə, hətta ondan da əvvəl gəlmişəm. O vaxt vəziyyət fərqli idi. O zaman indiki etirafları eşitmirdik, icra başçılarının həbsini görmürdük. Başqa mənzərəni görürdük. Düşündüm, bir halda ki, vəziyyət belədir, icra başçısı hər cür özbaşınalıq edir, heç bir tədbir görülmür, özüm tədbir görüm. Məsuliyyətə çəkən yoxdursa, özüm eləyim. Birinci məqsəd o idi ki, belə haqsızlıq edən icra başçısı öz cəzasını alsın. Çünki belə bir aforizm var, cəzasızlıq cinayət doğurur. Gərək bunun qarşısı alınardı.

İkinci məqsəd o idi ki, digər bu cür icra başçıslarına dərs olsun, ibrət götürsünlər. Onlar üçün mesaj olsun, düşünməsinlər ki, bu qədər imkanlarım, əlaqələrim, qohumlarım var, mənə kim nə deyə bilər. Deyərlər, hələ o tərəfə də keçərlər.

Üçüncü məqsəd cəmiyyətin və dövlət qurumlarının, səlahiyyətli olanların diqqətini çəkmək idi ki, onlara da siqnal olsun. Gəncə hadisələrindən sonra bir neçə ayın içində 5-6 icra başçısı və digər vəzifəli şəxslər həbs olundu. Başladılar danışmağa ki, “özlərini xan hesab edirlər, əhaliyə qul kimi baxırlar”.

Bu addımı atmaqda digər məqsədlərim də vardı. Hər cəmiyyətdə, ölkədə olduğu kimi, bizdə də bir çox çatışmazlıqlar var. Problemləri aradan qaldırmağa çalışmalıyıq. Problemlərin həlli haqqında düşünərkən hər dəfə belə qənaətə gəlirdim ki, normal halda asanlıqla aradan qaldırılması mümkün problemlər var, amma elə durum hökm sürür ki, sıravi vətəndaın bunun öhdəsindən gəlməsi nəinki mümkün deyil, hətta təhlükəlidir.

Bir neçə il əvvəl Gəncədə bir hadisə ilə üzləşdim, mənə pis təsir elədi. 2018-ci ildə Elmar Vəliyevin yolverilməz hərəkətlərinin qarşısını almaq üçün mənim elədiyim hərəkətdə o hadisənin də böyük rolu oldu. İlk baxışdan xırda hadisə kimi görünə bilər, amma düşünən insan üçün böyük həqiqətdən xəbər verir.

Bir sinif yoldaşım və dostumla Gəncədə idik. Mən Moskvada, sinif yoldaşım Ekvadorda, dostum da başqa yerdə yaşayıb-işləyirdi. Üçümüz də bir-iki aylıq Gəncəyə gəlmişdik. 2 nömrəli məktəb var, üçümüz də orada oxumuşuq. O məktəbin yanında gəzirdik, ora bizə əziz yerlərdir. Məktəbin arxasında zibil qutuları var. Gördük ki, bərbad bəziyyətdədir, zibil aşıb-daşır. Şəkillərini çəkib, buna görə məsuliyyət daşıyan idarəyə getdik. Şəkilləri verib xahiş elədik ki, tədbir görülsün. Dediklər ki, iki həftəyə düzələr. Beş həftə keçdi, düzəlmədi. İkinci dəfə gedəndə başqa cür qarşıladılar. Dedilər ki, bunun sizə aidiyyəti yoxdur, orada yaşayanlar gəlsin, özləri yazıb qol çəksin. Biz düşünürdük ki, bu şəkillər kifayət edər. Onlara baxanda adam həyata nifrət edir. Amma belə olmadı. Ona görə məcbur olub həmin əraziyə getdik, qapı-qapı düşdük, 100-150 imza topladıq. Sənədlər, şəkillərlə yenə o idarəyə yollandıq. Görəndə ki, bu məsələnin üstünə ciddi düşmüşük, dedilər ki, siz filan uşaqlaları tanıyırsız? Elə bu cür işlərlə məşğul olan gənc fəalları deyirdi. Şəhərdəki problemləri görəndə müvafiq orqanlara şikayət edirdilər həmin gənclər. Onları bu fəaliyyətlərinə görə narkotiklə şərləyib həbs ediblər. Dedilər: “Bilirsiz də, onlar da sizin kimi belə işlərlə məşğul idi, həbs olunublar”. Dedik, xəbərimiz var. Dedilər: “İstəyirsiz aqibətiniz onlar kimi olsun?” Çox təsir elədi bizə, ağır gəldi. Hərə dünyanın bir guşəsindən gəlmişdi, bir-iki aylıq. Vaxtımızı başqa işlərə də sərf edə bilərdik. Amma biz qapı-qapı düşüb imza toplayırıq, bu da bizim aldığımız cavab.

Mən etiraflar eləyəcəm. Ola bilsin, mənə yeni maddələr əlavə olunsun, amma məni narahat eləmir. Gəncədə bir dənə kitab mağazası yox idi. Bəlkə də indi var, bilmirəm. Azərbaycanın ikinci şəhəridir, yarım milyon əhali yaşayır, belə bir yerdə kitab mağazasının olmaması çox şeydən xəbər verir. Belə izah edirdilər ki, internet var, ona görə kitab mağazasına ehtiyac yoxdur. Kitab mağazaları olan başqa yerlərdə internet yoxdur ki? Hara baxırsan, qumarxanalar, nə qədər də istəsən, gənc. Çayxanalar var, yenə gənclərlə dolu. Bu yanaşma bizi hara aparır? Necə yəni tələbat olmadığına görə kitab mağazası yoxdur? Biz uşaqlarımıza onların istədiyini veririk, yoxsa lazım olanı? Uşağa qalsa, heç məktəbə getmək istəməz. Tələbat axı göydən düşmür, yaratmaq lazımdır. Gənclər Evi var, amma yox kimi bir şeydir. Gənclər Evi ildə bir-iki dəfə açılıb-bağlanır. Heydər Əliyevə ad gününü keçirdilər, yenə bağladılar. Bir də bir ildən sonra açırlar.

Gəncədə sağlam düşüncəli gənclər, kitabsevərlər qrupu var, amma onlar üçün şərait yaradılmır. Toplaşmağa bir yerləri yoxdur. “Facebook”da səhifələri var. Allah Zukkerberqi bizə çox görməsin.

Məni bir vətəndaş kimi narahat edən məsələlərdən biri telekanallardır. Onların işi insanları maarifləndirmək, insanları mənəvi baxımdan zənginləşdirmək olmalıdır. Amma bizdə bir çox veriliş var ki, insanı mədəniyyətdən, mənəviyyatdan uzaq, cılız məxluqa çevirir. Əgər Vətən müqəddəsdirsə, insan ondan da müqəddəsdir. Vətəni doğmalaşdıran daş-torpaq deyil, onun üstündəki dəyərli insanlarıdır. Mən elədiyimi vicdanımın səsinə qulaq asıb, xalq üçün, vətən üçün eləmişəm. Ona görə də peşman deyiləm.

Gördüyünüz kimi, Elmar Vəliyevin elədiyi haqsızlıqlar haqqında demək olar burada danışmadım. Amma istəyirdim mahiyyət haqqında nə düşündüyümü izah edim. Mən burada çox həvəssiz iştirak edirəm.

Dediyim kimi, hadisəni törətməkdə məqsədlərimdən biri və əhəmiyyətlisi bu idi ki, cəmiyyətin diqqətini cəlb edib, onlara müəyyən sözlərimi çatdırım. Təsəvvür edin, bir qrup insan dava eləyir, bir nəfər onlara nəsə deməyə çalışır. Amma görür ki, hərə öz hayında, öz işindədir, heç kim qulaq asmır. Ona görə havaya bir atəş açır, sükut çökür. Sanki o adamam. Ola bilsin, həyatda, ya filmlərdə o səhnəni görərsiz. Gəncədə baş vermiş hadisə mənim fikrimcə, yumşaq desək, mürgüləmiş cəmiyyətin üzərindən havaya açılmış atəşdir ki, ziyalılar, müvafiq dövlət orqanları tərpənsin. Hesab edirəm ki, hardasa, bunun bir əhəmiyyəti oldu.

Keçmiş icra başçısının haqsızlıqlarına gəlincə, Rusiyada yaşasam da, Azərbaycanda baş verənləri izləyirdim, diaspor təşkilatlarına gedib-gəlirdim, fəal idim. Azərbaycanın ən böyük diasporası Rusiyadadır. Oradakı toplantılarda hər dəfə mən vətənimizdə mövcud olan problemlərə toxunanda görürdüm ki, bunlar xoşlamır. İstəyirlər, hər dəfə əl çalıb gedəsən, vəssalam. Yeni il, Novruz bayramı keçirirdilər, yəni tədbirçilik. Görürdüm ki, məni uzaqlaşdırmağa çalışırlar. Uzaqlaşdırdılar da.

İcra başçısının yolverilməz əməlləri vardı. Məsələn, Cavad xanın məqbərəsinin sökülməsi. Cavad xan tək Gəncənin yox, bütün Azərbaycanın mübarizə simvoludur. Necə ola bilər ki, belə hadisə baş versin, cəmiyyət buna laqeyd qalsın, qarşısını almasın? Bunu başa düşmürəm.

Gəncədə hər dəfə Aşura günü şəhərin mərkəzindən – Şah Abbas məscidindən İmamzadəyə yürüş olurdu. Şəhərin mərkəzində avtobuslar dayanırdı. Adamları mindirib İmamzadəyə aparırdı. Heç bir qayda pozuntusu da olmurdu. Bu adam icra başçısı təyin ediləndən sonra bu yürüşün qarşısı zor tətbiqilə alındı. Hər dəfə Aşura günündə orada problem yaranırdı. Bazar günü orta məktəblər işləmir, amma Aşura günü əmr vermişdi ki, həmin gün hamı getsin məktəbə. Təsəvvür edin, məktəbliləri, müəllimləri bazar günü məcburi məktəbə göndərir ki, birdən Aşurada iştirak edərlər. Həmin gün kim məktəbə getməsə, ona cərimə də müəyyənləşdirmişdilər. Aşura gününə şərab festivalı təyin eləmişdi. Şah Abbas məscidində azan səsini qadağan eləmişdi. Şəhid anasını təhqir eləmişdi, buna görə polis rəisi Rasim Musayevlə aralarında problem yaranmışdı. Əlini stolun üstünə vurub demişdi ki, “bu şəhərdə kişi varsa, gəlsin, əlini qoysun əlimin üstünə”. Bunları davam etdirmək də olar. Halbuki, icra başçısı yüksək mənəvi keyfiyyətlərə sahib insan olmalıdır.

Mən biganələrə nifrət edirəm. Xüsusən səlahiyyət sahiblərinin laqeydliklərinə. Çünki onlara görə bütün bunlar baş verir. Halbuki, bu hərəkətlərin qarşısının alınması onların birbaşa vəzifəsidir.

Mən şəxsi mənafeyimi xalqın mənafeyindən üstün tutmamışam. Ona görə də əməllərimdən peşman deyiləm”.

Y.Səfərov noyabrın 5-də prokuror və vəkillərin suallarını cavablandıracaq.

Meydan TV

Siz həmçinin bəyənə bilərsiniz

Şərh yaz

Əlaqə

gozetci.az_logo_2
+994 55 340 34 34
gozetci.az@gmail.com
+99455 340 34 34
+99455 340 34 34

© 2023 – Bütün hüquqları qorunur – Gözətçi.az