Nigar Həzi: Aclığın təsiri Tofiq Yaqublunun səhhətinə artıq təsirini göstərir

tərəfindən Gozetci

[:az]Müxalif fəal dördüncü gündür aclıq edir

Müsavat Partiyası və Milli Şuranın həbsdə olan fəalı Tofiq Yaqublu dördüncü gündür ki, aclıq aksiyasını davam etdirir. Siyasi fəalın qızı Nigar Həzi Meydan TV-yə bildirib ki, aclığın təsiri artıq T.Yaqublunun durumunda özünü göstərib.

T.Yaqublu sentyabrın 5-də ailə üzvlərilə telefonla danışarkən deyib ki, tez-tez başgicəllənmələri olur, orqanizmi zəifləyib. Bu durumda olmasına baxmayaraq, saxlandığı 3 saylı istintaq təcridxanasında onu müayinə etməyiblər.

“Telefon danışığı zamanı cəmiyyətin möhtəşəm dəstəyini də ona çatdırdım. Əhvalı yaxşı idi. Hər kəsə dəstəyə görə təşəkkürünü bildirdi. Tofiq Yaqublunun səhhətindəki geriləmə onun həyatı üçün həyəcan təbili çalır. Təcridxana yetkililəri dərhal Tofiq Yaqublunun səhhəti ilə maraqlanmalı, tibbi hissədən onun müayinəsinə göstəriş verməlidir”, – deyə N.Həzi bildirib.

T.Yaqublunun qızı deyir ki, atasının aclıq etməsi və durumunun yaratdığı narahatlığı nəzərə alıb, onun hər gün ailə üzvlərilə telefon əlaqəsi təmin olunmalıdır: “Biz hər gün onun səsini eşitməsək, ona nəsə olduğunu zənn edəcəyik. Bütün yaşanan və yaşanacaqlara görə bu hakimiyyət, ən birinci də İlham Əliyev məsuliyyət daşıyır”.

N.Həzi onu da bildirib ki, istintaq təcridxanasının rəis müavinləri T.Yaqubludan aclığı dayandırmasını xahiş ediblər: “Aclığı dayandırmaq çağırışına atanın cavabı belədir: “Öldü var, döndü yoxdur! Ölərəmsə, bu xalq, Vətən üçün ölərəm. Geriyə yol yoxdur!”

T.Yaqublu martın 22-dən həbsdədir. Sentyabrın 3-də Nizami Rayon Məhkəməsində onun 4 il 3 ay azadlıqdan məhrum edilməsi barədə hökm çıxarılıb. T.Yaqublu CM-in 221.3 (silah və ya silah qismində istifadə olunan əşyalar tətbiq etməklə xuliqanlıq etmə) maddəsilə təqsirli bilinib. İddia olunur ki, T.Yaqublu avtomobili ilə qəza törədib, daha sonra o biri maşında olan ər-arvadı – Elxan və Cəvahir Cəbrayılovları döyüb, xəsarət yetirib.

T.Yaqublu ittihamın saxta olduğunu bəyan edib. O bildirib ki, “8-ci kilometr bazarı”nın qarşısında park olunmuş maşınında əyləşib bazardan qayıdacaq həyat yoldaşını gözlədiyi vaxt maşını qəsdən vurulub. Daha sonra maşını vuran sürücü Elxan Cəbrayılov və yanında olan Cəvahir Cəbrayılova ona hücum edib. Həmin vaxt anlayıb ki, bu təxribatdır.

T.Yaqublu bundan öncə də 2014-cü ildə İsmayıllı hadisələrinə görə həbs olunmuş, 2016-cı ilin martında azadlığa çıxmışdı. O, Milli Şuranın ötən il oktyabrın 19-da keçirdiyi mitinqdə də 30 günlük inzibati həbs cəzası almışdı. Sonuncu həbs zamanı T.Yaqublu ağır işgəncələrə məruz qaldığını bildirmişdi.

Ailə üzvlərinin sözlərinə görə, həmin işgəncələr nəticəsində T.Yaqublunun səhhətində fəsadlar yaranıb.[:]

Siz həmçinin bəyənə bilərsiniz

Şərh yaz

Əlaqə

gozetci.az_logo_2
+994 55 340 34 34
gozetci.az@gmail.com
+99455 340 34 34
+99455 340 34 34

© 2023 – Bütün hüquqları qorunur – Gözətçi.az