[:az]Avqustun 11-də Bakının “Sovetski” adlanan məhəlləsinin keçmiş sakinləri əvvəl yaşadıqları ərazidə etiraz aksiyanı keçirməyə cəhd edib.
2018-ci ilin dekabr ayında ərazidən köçürülən bu insanlar onlara kompensasiyaların düzgün şəkildə verilməməsindən şikayət edir.
“Bizi 2018-ci ildə bu ərazidən, yaşadığımız evindən qovublar. Evlərimizi düzgün ölçməyiblər. Əlimdə həm evinin, həm torpağın “kupça”sı ( Hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarış) ola-ola düzgün şəkildə kompensasiyanı verməyiblər. 3,5 sot torpağa və 100 kvadratmetrdən çox olan evə cəmi 94 min manat pul veriblər. Halbuki, bunun qiyməti bir milyona yaxındır. Bacım birinci qrup əlildir, epilepsiya xəstəsidir, amma bütun bunlara baxmayaraq, bizə az pul verdilər. Yasamal Rayon İcra Hakimiyyətinə də eyni sözləri demişəm, amma şikayətimə baxmayıblar”, – Kəmalə Abdullayeva adlı şikayətçi bildirib.
Sakinlər qeyd edib ki, hökümət strukturları onlara bir kvadratmetrə görə əlavə ödəniş kimi 500 manatın veriləcəyini desələr də, bir neçə ay bundan əvvəl 180-250 manatı ödəyiblər. “Əlavə kompensasiyanı ayırmışdılar, onun da yarısını verdilər. 500 manat demişdilər, yarısını verdilər. Prezidentin qərarı var ki, 500 manatdan verilsin. Bu 250 manat bizim üçün puldur. Bunu vermədilər deyə, biz hardasa 15 min manat pul itirmişik. Burada evimizi söküblər, 6-7 ay kirayədə qaldıq, kirayə pulunu vermədilər, pulumuzun hamısını birdən vermədilər, kəsə-kəsə veriblər”, sakinlərdən başqa biri vurğulayıb.
Bu şikayətlərə, hələlik, Yasamal rayon İcra hakimiyyəti və başqa rəsmi qurumlardan münasibət almaq mümkün olmayıb.
Polis əməkdaşları toplaşanlardan ərazini tərk etməyə tələb edib. Aksiya insidentsiz başa çatıb.
Koronavirus pandemiyası ilə bağlı Azərbaycanda martin 24-dən karantin rejimidir. Ölkədə kütləvi tədbirlər dayandırılıb.
Azadlıq Radiosu[:]