İttihama sübut üçün cəbhəçini xüsusi geyimdə videoya çəkiblər

tərəfindən Gozetci

[:az]“Əyninə kostyum geyindirsələr də, ayağındakı başmağı yaddan çıxarmışdılar”

Qarabağa dəstək yürüşündən sonra həbs olunan bir sıra şəxslərə COVİD-19 (koronavirus) infeksiyasını yayma ittihamı verilərək, barələrində həbs qərarı çıxarıldı. Onlardan biri də AXCP fəalı Məhəmməd İmanlıdır. Meydan TV-nin hüquq-mühafizə orqanlarındakı mənbədən əldə etdiyi məlumata görə, koronavirus ittihamının inandırıcı olması, həm də gələcək üçün sübutlar toplamaq məqsədilə M.İmanlıya xüsusi qoruyucu kostyum geyindirərək, Sabunçu Rayon Məhkəməsininn qarşısına gətiriblər. Polislər məhkəmənin qarşısında o geyimdə M.İmanlının video və fotosunu çəkiblər.

“Koronavirus yaymaqda ittiham olunan Mehdi İbrahimovun heç bir qoruyucu geyim olmadan məhkəməyə gətirilməsi və həmin vaxt çəkilən fotoların yayılması bu ittihamı irəli sürənləri pis vəziyyətdə qoydu. Aydın məsələdir ki, gələcəkdə müdafiə tərəfi həmin fotodan istifadə edib, ittihamın yalan olduğunu sübut etməyə çalışacaq. Ona görə Məhəmməd İmanlının belə geyimdə videosunu çəkdilər ki, onun virus daşıyıcısı olması haqda ittihamı əsaslandıran dəlillərdən biri olsun. Amma burada da bir yanlışlıq vardı, əyninə kostyum geyindirsələr də, ayağındakı başmağı yaddan çıxarmışdılar”, – bu barədə Meydan TV-yə məlumat verən mənbə fotonu da təqdim edib.

M.İmanlıya qarşı Cinayət Məcəlləsinin 139-1.1 (xəstəliyin yayılmasına real təhlükə yaratma) maddəsilə ittiham irəli sürülüb, Sabunçu Rayon Məhkəməsinin qərarıyla barəsində həbs-qətimkan tədbiri seçilib. İddia olunur ki, M.İmanlı koronavirusa yoluxduğu halda, küçəyə çıxmaqla infeksiyanı yayıb.

Cinayət işinin materiallarında onun iyulun 20-də küçədə gedərkən karantin rejimi qaydalarının pozulmasına görə saxlandığı yazılıb. Amma yaxınları bildirir ki, onu iyulun 16-da tutublar. AXCP-nin iyulun 16-da bir sıra üzvlərinin saxlanması barədə yaydığı məlumatda da M.İmanlının adı vardı. Cəbhəçilərin, o cümlədən M.İmanlının saxlanması barədə informasiya həmin gün bir sıra saytlarla da yayılmışdı.

M.İmanlının hazıarda Penitensiar Xidmətin 3 saylı İxtisaslaşdırılmış Müalicə Müəssisəsində saxlandığı bildirilir.

M.İmanlının atası Ramiz İmanov deyir ki, oğlu haqda heç bir məlumat ala bilmir. Çünki onun ailə üzvlərilə əlaqə saxlamaq hüququ məhdudlaşdırılıb.

R.İmanovun sözlərinə görə, avqustun 2-də onların ev telefonuna zəng edən şəxs oğlunun vəziyyətinin pisləşdiyini xəbər verib: “Zəng edən şəxs dedi ki, təcili oğlunuzun yanına gedin. Mən dərhal Binə qəsəbəsinbdə yerləşən İxtisaslaşmış Müalicə Müəssisəinə getdim. Amma heç bir məlumat ala bilmədim. Növbətci hissədən bildirdilər ki, hec kim yoxdur. Mən belə bir zəng gəldiyini dedim. Xahiş elədim ki, heç olmasa, bir məlumat öyrənib desinlər. Növbətçi hissədən bildirdilər ki, onlarla əlaqə saxlamaq səlahiyyətləri yoxdur. Əgər oğlumun başına hansısa xoşagəlməz hadisə gəlsə, bütün məsuliyyət bu hakimiyyətin üzərində qalacaq”.

M.İmanlının haqqında həbs qərarından verilən apelyasiya şikayətinə baxılanda da onu məhkəməyə gətirməyiblər. Məhkəməsinin onsuz keçirilməsini isə belə əsaslandırıblar ki, M.İmanlı müalicə olunur.

Ailə üzvləri isə M.İmanlının həbs olunana qədər koronavirus daşıyıcısı olmadığını vurğulayıb.

Meydan TV[:]

Siz həmçinin bəyənə bilərsiniz

Şərh yaz

Əlaqə

gozetci.az_logo_2
+994 55 340 34 34
gozetci.az@gmail.com
+99455 340 34 34
+99455 340 34 34

© 2023 – Bütün hüquqları qorunur – Gözətçi.az