[:az]Daha bir AXCP fəalı barəsində xəbər var
AXCP rəhbərliyinə daxil olan şəxslərdən daha biri – partiyanın Rəyasət Heyətinin üzvü Məmməd İbrahim də cinayət məsuliyyətinə cəlb edilib. Qarabağa dəstək yürüşü ilə əlaqədar ona qarşı da Cinayət Məcəlləsinin 233 (ictimai qaydanın pozulasına səbəb olan hərəkətlər təşkil etmə ) və 315-ci (hakimiyyət nümayəndəsinə zor tətbiq etmə) maddələrilə ittiham verilib. M.İbrahimin barəsində həbs-qətimkan tədbiri seçilməsi üçün onun iyulun 28-də məhkəmə qarşısına çıxarılması gözlənilir. Bu barədə Meydan TV-yə AXCP-dən məlumat verilib.
AXCP tərəfdarı olan və iyulun 25-də saxlanılan Gündüz Mirzəyevdən də xəbər var. Məlum olub ki, onu da Qarabağa dəstək yürüşünə görə başlanmış cinayət işi üzrə həbs ediblər. Ona qarşı CM-nin 186 (əmlakı qəsdən məhv etmə və ya zədələmə), 233 (ictimai qaydanın pozulasına səbəb olan hərəkətlər təşkil etmə ) və 315-ci (hakimiyyət nümayəndəsinə zor tətbiq etmə) maddələrilə ittiham irəli sürülüb, Nəsimi Rayon Məhkəməsinin qərarıyla barəsində həbs-qətimkan tədbiri seçilib.
İyulun 26-da saxlanılan daha bir AXCP fəalı Elnur Yusubov isə bu gün günorta saatlarında dindirmə üçün Məmməd İbrahimlə birlikdə Baş Prokurorluğun İstintaq İdarəsinə gətirilsə də, sonradan yenə Xətai rayonu, 37-ci polis bölməsinə qaytarılıb.
İyulun 26-da saxlanılan daha bir cəbhəçi Sarvan Cumayevdən isə bir sutkadan çoxdur ki, xəbər yoxdur.
M.İbrahimin oğlu Mehdi İbrahimov da Qarabağa dəstək yürüşündə iştirakdan sonra həbs edilib.
Partiyadan bildirilib ki, son iki həftə ərzində AXCP-nin 36 fəalı saxlanılıb. Onlardan 16 nəfər haqqında cinayət işi başlanıb. Daha 11 nəfər barəsində karantin qaydalarını pozma ittihamıyla 30 sutka inzibati həbs qərarı çıxarılıb. Bir neçə nəfər sərbəst buraxılsa da, bəzilərinin aqibəti haqqında hələ də məlumat almaq mümkün olmayıb.
Həbs olunanlar arasında AXCP rəhbərliyinə daxil olan şəxslərdən Rəyasət Heyətinin üzvləri Fuad Qəhrəmanlı, Bəxtiyar İmanov və Ayaz Məhərrəmli də var.
Həbs olunan cəbhəçilərin bir qismi karantin rejimini pozmaqda, bir neçəsi koronavirus yaymaqda, əksəriyyəti isə iyulun 15-də Qarabağa dəstək yürüşündə təxribat yaratmaqda ittiham olunur.
AXCP isə bu ittihamların yalan olduğunu, həmin təxribatları törədənlər arasında cəbhəçilərin olmadığını bəyan edib. AXCP sədri Əli Kərimli Meydan TV-yə bildirib ki, bu həbslər partiyaya qarşı repressiyadır və Prezident İlham Əliyevin 15 iyulda AXCP haqqında nifrət çıxışından qaynaqlanır.
“Biz hər şeyi etdik ki, hökumətin təxribat və repressiyalar üçün hər hansı bəhanəsi olmasın. Ancaq təcrübə bir daha göstərdi ki, hakimiyyət bəhanəsiz də təxribat və repressiya edir. Heç bir əsas olmasa da, hakimiyyət Qarabağ mitinqindən AXCP-yə qarşı növbəti repressiyalar üçün sui istifadə edir. Biz dedik ki, dövlətimizin, ordumuzun yanındayıq. Amma əvəzində qeyri-adekvat cavab aldıq. Dedilər ki, Xalq Cəbhəsi ermənidən daha betər düşməndi, onu bir siyasi qüvvə olaraq, məhv etmək lazımdır. Azərbaycan üçün daha bir fürsət qisasçılığa, kinə qurban verildi. Hakimiyyət ümumxalq mitinqlərindən düşmənə qarşı istifadə etmək əvəzinə AXCP-yə qarşı istifadə etdi. Məqsəd real müxalifəti sıradan çıxarmaqdır”, – deyə Əli Kərimli bildirib.[:]