[:az]“Siyasi işlərdə qərarı hakimlər vermir”
Azərbaycan Xalq Cəbhəsi Partiyasının (AXCP) funksioneri, həbsdə olan Qarabağ döyüşçüsü Babək Həsənovun onlayn qaydada məhkəməsi keçirilib. B.Həsənovun ona verilmiş üç il həbs cəzasının üçdə ikisindən çoxunu çəkdiyinə görə vaxtından əvvəl azadlığa buraxılması məsələsinə baxılıb. Nizami Rayon Məhkəməsinin hakimi Mətanət Hacıyeva onun ərizəsini təmin etməyib. B.Həsənovun həbsdən buraxılmasını məqsədəuyğun hesab etməyən məhkəmənin qərarında əsas kimi, onun ilyarım öncə Bakı İstintaq Təcridxanasında saxlanılarkən daxili intizam qaydalarının pozulmasına görə cərimə təcridxanasına salınması göstərilib.
B.Həsənovun qardaşı Cavid Həsənli bildirib ki, məhkəmənin “yox” qərarı onlar üçün gözlənilməz olmayıb: “Siyasi işlərdə qərarı hakimlər vermir. Cəzanın üçdə ikisini çəkən şəxsin azadlığa buraxılması qanunun yaratdığı imkandır. Babək Həsənov da bu imkandan istifadə etmək üçün iyunun əvvəlində ərizə vermişdi. Çünki mayın 25-də həbsinin 2 ili tamam oldu”.
C.Həsənli onu da əlavə edib ki, hələ Qarabağ döyüşlərindən qardaşının səhhətində yaranmış problemlərlə əlaqədar, o, mütəmadi müalicə alırdı. Həbsindən sonra Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsində məruz qaldığı işgəncələr onun səhhətindəki problemləri daha da kəskinləşdirib: “Hazırda vəziyyəti ümumilikdə pis deyil. Pandemiya ilə əlaqədar görüşlərə qadağa var, sonuncu dəfə martın 1-də görüşmüşük. Amma telefonla danışırıq”.
B.Həsənov 2018-ci il mayın 25-də partiyanın digər iki funksioneri – Aqil Məhərrəmli və Ruslan Nəsirli ilə birlikdə həbs olunub. Onlar Gədəbəy rayonunun keçmiş icra başçısı, AXC fəallarından olan Saleh Rüstəmlinin Rusiyadan qardaşı oğlu Vidadi Rüstəmli vasitəsilə göndərdiyi pulu partiyaya və onun sədri Əli Kərimliyə çatdırmaqda ittiham olunublar.
Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə S.Rüstəmov 7 il 3 ay, A.Məhərrəmli 4 il, B.Həsənov isə 3 il azadlıqdan məhrum edilib. V.Rüstəmli və R.Nəsirliyə şərti cəza verilib.
Lakin təqsirləndirilən şəxslərin hamısı bu ittihamı rədd edir. S.Rüstəmli siyasi məhbusların ailələrinə yardım məqsədilə pul göndərdiyini bildirib. Onun sözlərinə görə, məbləğ isə ittihamda göstərildiyi kimi 420 min dollar yox, iki il ərzində cəmi 10-11 min dollar olub.
B.Həsənov həbs olunarkən DİN-in Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsində ağır işgəncələrə məruz qaldığını, Qarabağ döyüşlərində xəsarət aldığı nahiyədən bədəninə elektrik cərəyanı qoşulduğunu bildirib.
Daxili İşlər Nazirliyi isə işgəncə iddialarını təkzib edib.
Meydan TV[:]