[:az]Azərbaycan Cümhuriyyətinin banisi Məhəmməd Əmin Rəsulzadənin şəklini maskaya vuran ictimai fəal Cavid Məmmədzadə deyib ki, məqsədi bu maskadan tibbi yox, təbliğat vasitəsi kimi istifadə etmək olub. Bu barədə AzadlıqRadiosuna onun vəkili Əsabəli Mustafayev məlumat verib.
Vəkil bildirib ki, gənc fəal özü̈ iyunun 27-də məhkəməsində bu haqda danışıb: “Dedi ki, heç bir siyasi mənsubiyyəti olmayan, sıravi vətəndaş kimi qoruyucu maskanın üstünə Rəsulzadənin şəklini yapışdırmaqda niyyəti bu tarixi şəxsiyyəti təbliğ etmək olub. O hesab edir ki, buna zərurət var. Yəni, tibbi vasitə yox, təbliğat vasitəsi kimi istifadə edib. Sonradan bu maskanı ya suvenir kimi saxlamağı, ya da şəkli qoparıb başqa formada yenə təbliğat vasitəsi kimi istifadə edəcəkdi”.
Fotosunu paylaşandan sonra…
C.Məmmədzadə iyunun 27-də Sumqayıt şƏhər Məhkəməsində İnzibati Xətalar Məcəlləsinin 211 (epidemiya əleyhinə rejimin, karantin rejimi qaydalarının pozulması) və 535.1 (polis əməkdaşının qanuni tələbinə tabe olmama) maddələri ilə 10 günlük həbs olunub. İddia olunur ki, C.Məmmədzadə evdən çıxmaq üçün ona verilən icazənin vaxtından 1 saat yarım keçəndən sonra saxlanılıb.
Amma özü deyir ki, sosial media hesabında Rəsulzadənin şəkli olan maska ilə fotosunu paylaşandan sonra telefonla Sumqayıtdakı 1 saylı polis bölməsinə çağrılıb və könüllü şəkildə özü gedib.
Ə.Musatafayev məhkəmənin qərarından apellyasiya şikayəti verəcəyini bildirib. Vəkil həmçinin, müvəkkilinin müdafiə hüququnun və təqsirsizlik prezumpsiyasının pozulmasından şikayətçidir. Deyir ki, bölmənin rəisi ona C.Məmmədzadə ilə görüşməyə imkan verməyib. Hüquqlarını müdafiə etdiyi şəxs məhkəməyə aparılanda ona xəbər veriləcəyini vəd etsə də, sözünə əməl etməyib. C.Məmmədzadənin məhkəməyə gətirilməsindən isə onun ailə üzvləri vasitəsilə xəbər tutub.
“Məgər bu, Rəsulzadəyə hörmət əlamətidir?”
C.Məmmədzadənin Rəsulzadənin fotosu olan maskaya görə saxlanması xəbərinə Daxili İşlər Nazirliyinin mətbuat xidmətinin rəisi Ehsan Zahidov isə iyunun 27-də səhər saatlarında, yəni məhkəmədən qabaq Qafqazinfo-ya açıqlamasında belə münasibət bildirmişdi: “Birincisi, hörmətli bir şəxsiyyətin fotosunun mikroblarla dolu parçanın üzərinə vurulması Rəsulzadəyə hörmətsizlikdir. Çünki gigiyenik qaydalara uyğun olaraq, bir neçə saatdan sonra o maskanı çıxarıb zibil qabına atmalıdır. Məgər bu, Rəsulzadəyə hörmət əlamətidir?”.
E.Zahidov əlavə edib ki, o, xüsusi karantin rejimi qaydalarını pozduğuna və bu zaman polisin qanuni tələbinə tabeçilik göstərmədiyinə görə saxlanılıb.
Gənc fəalın vəkili isə bildirir ki, hələ onun məhkəməsi keçirilməmiş belə bir açıqlamanın verilməsi təqsirsizlik prezumpsiyası hüququnun pozuntusudur: “İbtidai və məhkəmə araşdırması ərəfəsində hüquq-mühafizə orqanlarının yaydıqları belə açıqlamaların təqsirsizlik prezumpsiyasının pozuntusu olması barədə Avropa Məhkəməsinin Azərbaycana qarşı bir neçə qərarı var. Amma həmin pozuntuları törətmiş səlahiyyətlilərin heç biri məsuliyyətə cəlb olunmayıb. Bu səbəbdən qanuna zidd təcrübə indi də davam edir”.
Daxili İşlər Nazirliyindən AzadlıqRadiosuna bildirilib ki, qanun pozuntusuna görə polis tərəfindən saxlanılan şəxslərin hüquqları qanuna uyğun şəkildə təmin olunur.
Azadlıq Radiosu[:]