[:az]Ali Məhkəmə jurnalistin şikayətini təmin etmədi
Ali Məhkəmə jurnalist Sevinc Abbasovanın (Vaqifqızı) şikayətini təmin etməyib. Bununla da Bakı Apelyasiya Məhkəməsinin jurnalistin 1000 manat cərimələnməsi ilə bağlı qərarı qüvvədə saxlanılıb.
Cərimə 2018-ci il aprelin 11-də prezident seçkisi keçirilən gün 25 saylı Nizami İkinci Seçki Dairəsinin 14, 15 və 16 saylı məntəqələrindəki səsvermə prosesindən hazırladığı reportaja görə kəsilib.
Ali Məhkəməyə şikayəti Sevinc Vaqifqızı Apelyasiya Məhkəməsinin 251 saylı məktəbin direktor müavini Elmira Alandarovanın şikayəti əsasında çıxardığı qərardan vermişdi.
E.Alandarova öncə Binəqədi Rayon Məhkəməsinə üz tutmuşdu. Bu məhkəmənin hakimi Emin Əliyev belə nəticəyə gəlmişdi ki, jurnalist hazırladığı materialı yayımlayarkən video-reportajın başlığını (“Direktor müavini seçkidə “karusel”ə nəzarət edir”) düzgün seçməyib. Amma hakim şərəf və ləyaqətin aşağılanması iddiasını əsaslı saymamışdı və direktor müavininin jurnalistin cəzalandırılması ilə bağlı tələbini rədd etmişdi. Elmira Alandarovanı bu qərar qane etməmişdi. O, bu qərardan apelyasiya şikayəti vermişdi.
Bakı Apelyasiya Məhkəməsi isə belə nəticəyə gəlmişdi ki, reportajda E.Alandarovanın şərəf və ləyaqəti aşağılanıb, nüfuzuna zərbə vurulub. Buna görə məhkəmə Sevinc Vaqifqızının Elmira Alandarovaya 1000 manat kompensasiya ödəməsini və süjetə görə Meydan TV və jurnalistin üzr istəməli olduğu ilə bağlı qərar çıxarmışdı.
Apelyasiya Məhkəməsinin qərarından narazı qalan jurnalist Ali Məhkəməyə üz tutmuşdu. İyunun 22-də Ali Məhkəmə Apelyasiya Məhkəməsinin qərarını qüvvədə saxladı.
Sevinc Vaqifqızı qərarı ədalətsiz hesab edir. Həmçinin bunu seçkini saxtalaşdıran şəxslərin məhkəmə qaydasında müdafiə olunması kimi qəbul edir:
“Həmin məntəqədə çəkilişimə mane oldular, akt tərtib etdilər ki, mən baş verən “karusel əməliyyatı”nı çəkə bilməyim. Direktor müavini olduğunu deyən və məntəqə-məntəqə dolaşıb özü ilə müəllimlər gətirən şəxs seçki komissiyasının üzvü deyildi. Bu halda o, məntəqəyə girə bilməzdi. Qanun bunu qadağan edir. Amma ona yaxınlaşıb, bunu soruşduqda dedi ki, o məntəqəyə girməyib, direktorun tapşırığı ilə məktəbin bağçasına baxır. Mən məhkəmədə də bildirdim ki, o, bağban yox, direktor müavinidir, onun işi bağa baxmaq deyil. Onu məhkəmədə təmsil edən həyat yoldaşı Rasət bəy dedi ki, yoldaşı məktəbin mühafizəsin təmin etmək üçün orada olub”.
Sevinc Vaqifqızı əlavə edib ki, məhkəmədə hakim Emin Əliyev də onun dediklərini təsdiqləyib. Bildirib ki, məktəbin mühafizəsi üçün polis ayrılıb:
“Rasət bəyə sual verdi ki, yoldaşının bunu etməsinə ehtiyac olmayıb. Məhkəmə boyu onlar bir ağılabatan səbəb deyə bilmədilər ki, Elmira Alandarova həmin gün niyə məktəbdə olub və məntəqələrə girib”.
Jurnalist çıxarılan qərarla razı deyil və vəkilinin şikayəti Avropa İnsan Haqları Məhkəməsi üçün hazırladığını söyləyir.
Sevinc Vaqifqızı reportajında direktor müavinini müxtəlif seçki məntəqələrində görüntüləyib. Alandarovanın həmin gün səs verib, çıxıb bir qədər həyətdə gözləyən, çəkildiklərini biləndə məktəbi tərk edib az sonra yenidən qayıdan müəllimləri aparıb bir otağa salması da videoda öz əksini tapıb.
Alandarova iddia edir ki, jurnalist videonu “Azadlıq” qəzetinin saytında, Meydan TV-də “Direktor müavini “karusel”ə nəzarət edir” başlığıyla yayımlamaqla ona böhtan atıb, işgüzar nüfuzuna zərbə vurub.
Sevinc Vaqifqızı isə belə düşünmür. Deyir, videomaterialda Elmira Alandarovanın davranışı, məhkəmədə üzə çıxanlar onun haqlı olduğunu sübut edir.
2018-ci il aprelin 11-də Azərbaycanda növbədənkənar prezident seçkisi keçirilib. Seçki dövlət başçısının istəyinə uyğun 6 ay önə çəkilib.
Bir çox müxalif siyasi qüvvələrin boykot etdiyi seçkidə hakim partiyanın namizədi İlham Əliyevin 86 faiz səslə qalib gəldiyi bildirilir.
Beynəlxalq Seçkini Müşahidə Missiyası səsvermə günü məntəqələrdə prosedurların pozulduğunu və bunun “mənfi hal” olduğunu bildirib. Eləcə də seçkinin məhdudlaşdırıcı siyasi mühitdə, həqiqi rəqabət mühiti olmadan keçirildiyini, ölkədə ifadə azadlığının təmin edilmədiyini, digər namizədlərin Əliyevi tənqid etməkdən çəkindiklərini bəyan edib.
ATƏT-in Demokratik Təsisatlar və İnsan Haqları Bürosu isə yekun hesabatında seçki qanunvericiliyinə və seçki komissiyalarının tərkibinə yenidən baxılması, seçki müddətində baş vermiş qanun pozuntularının araşdırılması, büdcə təşkilatlarında işləyənlərə dövlət qurumları və ya siyasi partiyalar tərəfindən təzyiq göstərilməməsi ilə bağlı bir sıra tövsiyələr verib.
Hakimiyyət təmsilçiləri bu tənqidləri qəbul etməyib.
Meydan TV[:]