[:az]Azərbaycan Xalq Cəbhəsi Partiyasının üzvü Elvin Məmmədov işdən çıxarılıb.
Bu barədə Məmmədovun özü məlumat verib.
Onun sözlərinə görə, dünən, iyunun 5-də o, işlədiyi “Sədərək” Ticarət Mərkəzinin Mühafizə İdarəsinə buraxılmayıb. “Dünən işə gəldim, buraxmadılar, kadr şöbəsinə getmək lazım olduğunu bildirdilər. Kadr şöbəsində isə mənə bildirilib ki, AXCP üzvü olduğuma görə işdən çıxmalıyam. Təklif etdilər ki, öz istəyimlə işdən azad edilməsi ilə bağlı ərizə yazım. İmtina etdim. Maraqlısı da budur ki, dörd ay işlədiyim “Sədərək”də mənimlə əmək müqaviləsi bağlanmayıb, indi isə ərizə yazmağımı istədilər”.
Məsələ ilə bağlı “Sədərək” Ticarət Mərkəzindən münasibət öyrənmək mümkün olmayıb.
Xatırlatma
Elvin Məmmədov mayın 3-də Qaradağ Rayon Məhkəməsinin qərarı ilə inzibati qaydada 30 sutka müddətinə həbs olunmuşdu.
Fəal mayın 2-dən yoxa çıxmışdı. AXCP-dən qeyd edildiyinə görə, E.Məmmədov mayın 2-də səhər saatlarında iş yerindən çağırılıb və geri qayıtmayıb.
Partiyadan bildirildiyinə görə iki sutka ərzində ailəsi E. Məmmədov haqqında heç bir məlumat ala bilməmişdi.
AXCP-da hesab edirlər ki, Məmmədovu partiya sədri Əli Kərimlinin ad gününə şer yazdığına görə həbs olunmuşdu.
Turan[:]