[:az]Dəstək kampaniyasına qoşulmaq üçün bu linkə keçin: https://gf.me/u/x6a5tq
Kiçik qardaşım, tanınmış azərbaycanlı jurnalist, hüquq müdafiəçisi və korrupsiyaya qarşı mübarizə aparan Mehman Hüseynov ağır xəstədir.
Bir neçə həftə əvvəl həkimlər onda tək fibroz şiş şəklində onkoloji xəstəlik aşkar ediblər.
Xoşbəxtlikdən Mehman ən qısa müddətdə müalicəyə başlasa bu xəstəliyin öhdəsindən gəlmək üçün çox yaxşı bir şansı var.
Müalicənin ilk mərhələsi dəyəri təxminən 30 min Isvecrə frankı (CHF) edən 5 və ya 6 həftəlik radioterapiya kursundan ibarətdir. Radioterapiya tamamladıqdan sonra həkimlər 4 həftə sonra şişin tamamilə çıxarılması üçün bir əməliyyat keçirəcək. Radioterapiya sonrası sağalma optimist bir ssenari ilə getsə, əməliyyatın dəyəri 12 min CHF təşkil edəcək, pessimist ssenariyə ilə getsə, 44 min CHF qədər artacaq. Yalnız xəstəxanada xərcləri ödəmək üçün lazım ola biləcək məbləğ təxminən 74 min CHF olacaq (CHF 1,00 = US$ 1,04).
Nə məndə, nə Mehmanda bu qədər pul yoxdur. Bütün ömrümüz boyu insan haqlarını müdafiə edən qeyri-kommersiya təşkilatlarında işləmişik və heç bir əmanətimiz yoxdur.
Mehmanın hətta lazımı xərcləri ödəyə biləcək tibbi sığortası yoxdur.
Mən onun İsveçrədə qaçqın və vətəndaşlığı olmayan vəziyyətdə yaşayan böyük qardaşıyam.
Azərbaycanda və qonşu Gürcüstanda müalicə və diqnoz üçün bir neçə uğursuz cəhddən sonra tərəfdaş insan hüquqları təşkilatlarının dəstəyi ilə Mehman İsveçrəyə gələrək lazımı diaqnostik prosedurlardan keçə bildi.
Mehman qlobal koronavirus pandemiyasının qızğın vaxtında Azərbaycandan yanıma gəldi. Sərhədlər bağlı olduğundan, müalicə və müayinəni İsveçrə ilə müqayisədə daha ucuz başa gələ biləcəyi Avropa ölkəsində etmək imkanımız yox idi.
Mehmanın müalicəsi üçün səmərəli səy göstərdiyinə görə yüksək ixtisaslı İsveçrə həkimlərinə minnətdarıq, amma onun müalicəsi üçün pul toplamaq üçün səylərimizi birləşdirməliyik.
Həyatını insan hüquqlarını və demokratiyanın müdafiəsinə həsr etmiş Mehmanın köməyinizə ehtiyacı var!
Hazırda onun həyatı təhlükə altındadır və sağlamlığına qovuşmaq və nəcib işlərini davam etdirə bilməsi üçün Azərbaycana qayıtması üçün dəstəyimizə ehtiyacı var.
Mehmanın taleyinə biganə qalmayan hər kəsi həmrəylik göstərməyə və onun həyatını qurtarmaq və sağlamlığını bərpa etmək üçün 74.000 CHF toplamağa kömək etməyə çağırıram.
Mehmanı tanımayanlar üçün deyək ki, o ölkəsinə və həmyerlilərinə böyük sevgi ilə yanaşan safqəlbli gəncdir.
Azərbaycanda insan hüquqları və demokratiyanı müdafiə etdiyinə görə çox əzab və əziyyət çəkən jurnalist və blogerdir.
İndi onun 30 yaşı var, ömrünün son 8 ilində Azərbaycan hakimiyyəti ona dəfələrlə işgəncə vermiş və qanunsuz olaraq həbs etmiş, bu da sağlamlığına ciddi ziyan vurub.
İlk dəfə 2012-ci ildə “Demokratiya üçün oxu” kampaniyasında fəal iştirakına görə ona qarşı siyasi motivli cinayət işi qaldırıldı.
Bu cinayət işi açılandan sonra və növbəti 5 ildə Mehmana Azərbaycan sərhədlərini tərk etmək qadağan edildi, eyni zamanda şəxsiyyətini təsdiqləyən bütün sənədlər ləğv edildi.
Bu qanunsuz təqiblərə baxmayaraq, Mehman və mən Reportyorların Azadlıq və Təhlükəsizlik İnstitutunda Azərbaycanda azad medianı inkişafı və jurnalistlərin müdafiəsi ilə məşğul olaraq birlikdə fəaliyyətimizi davam etdirdik.
İnsan haqları təşəbbüslərimiz Azərbaycan hakimiyyətini qəzəbləndirdi və bu mənə qarşı siyasi motivli cinayət işinin başlanmasına səbəb oldu.
Həyatıma təhlükə hiss etdiyimdən Azərbaycanı tərk edib xaricdə siyasi sürgünə getməyə məcbur oldum. Mehman Azərbaycanda qaldı. Korrupsioner məmurları qorxmadan tənqid edərək insan hüquqları sahəsində fəaliyyətini davam etdirdi.
3 mart 2017-ci ildə Azərbaycan Prezidenti İlham Əliyev həyat yoldaşı Mehriban Əliyevanı Azərbaycanın birinci vitse-prezidenti vəzifəsinə təyin edəndə açıq şəkildə hakim ailənin qohumbazlığına iztehza etdiyinə görə Mehman həbs edildi.
Anamız Frəngiz Hüseynova Mehmanın həbsinə dözə bilmədi və həkimlərin qəsdən hərəkətsizliyi səbəbindən 2018-ci ilin avqust ayında xəstəxanada vəfat etdi. Hakimiyyəti Mehmanı anasının dəfnində iştirak etmək üçün cəmi bir günlüyə həbsxanadan azad etdi.
Bu faciədən sonra onda sui-istifadə və korrupsiyaya qarşı mübarizə istəyi daha da gücləndi. Onun səsi Azərbaycanda bir çox insanın, xüsusən də müxtəlif zülmlərdən əziyyət çəkənlərin səsinə çevrilib.
Sərbəst buraxılacağı gündən iki ay əvvəl Mehmanın barışmazlığını görüb növbəti 7 il həbsxanada saxlamaq məqsədi ilə ona qarşı yeni cinayət işi açıldı. Özünə qarşı növbəti qanunsuzluğa etiraz olaraq Mehman Hüseynov həbsxanada aclıq aksiyasına başladı.
Hakimiyyətin Mehmana qarşı kobud təxribatı Azərbaycan əhalisi arasında geniş ictimai narazılığa səbəb oldu və ona dəstək məqsədilə minlərlə insan mitinqə çıxdı.
Bir çox beynəlxalq insan haqları təşkilatları Mehmanın sərbəst buraxılması çağırışları ilə çıxış etdi.
Azərbaycan vətəndaşlarının və beynəlxalq ictimaiyyətin böyük dəstəyi sayəsində hakimiyyət cinayət işini bağladı və 2019-cu ilin martında Mehman sərbəst buraxıldı.
O vaxtdan qeyri-qanuni olan xaricə getmək qadağası da götürüldü və yenidən beynəlxalq tədbirlərdə iştirak etmək və incidilən jurnalistlərin və vətəndaş cəmiyyəti nümayəndələrinin səsini çatdırmaq imkanı qazandı.
Hakimiyyətin davamlı təhdidlərinə baxmayaraq, Azərbaycanda jurnalist və hüququ müdafiəçisi kimi fəaliyyətlərini bərpa etdi.
2019-cu ilin dekabr ayında Mehman, hakim ailənin korrupsioner biznes maraqları haqqında səsləndirdiyi yeni bir mahnı hazırladığına görə həbs olunan məşhur bir repçinin sərbəst buraxılması tələbi ilə etiraz aksiyası təşkil etdi. Etirazdan bir saat sonra çoxsaylı şahidlər qarşısında Mehman polislər tərəfindən tutulub və zorla naməlum istiqamətə aparılıb. Mehmanı Bakıdan 150 kilometr aralıda boş əraziyə gətirən bir neçə polis əməkdaşı 30 dəqiqə ərzində ağır işgəncə və döyülməyə, təhqir və alçaldılmalara məruz qoyub. Səhhətinin pisləşdiyini və ayaq üstündə dayana bilmədiyini görən polislər onu döyməyi dayandırıb və tək qoyub gediblər. Bir neçə saatdan sonra Mehman yaxınlara zəng edə bilib və onların köməkliyi ilə şəhərə qayıdıb. Azərbaycanda həkimlər Mehmanın çoxlu sayda xəsarət aldığını qeyd etsə də, onu xəstəxanaya yerləşdirilməkdən və tam müayinə etməkdən imtina edib.
Səhhətinin pisləşdiyini görən beynəlxalq insan hüquqları təşkilatları 2020-ci ilin yanvarında Mehmana kömək edərək onun qonşu Gürcüstanda tam tibbi müayinə olunmasını təşkil etdi.
Gürcüstanda Mehmanı müayinə edən həkimlər xərçəng xəstəliyinin inkişafı şübhəsini aşkarladı və səhiyyəsi daha çox inkişaf etmiş Avropa ölkəsində təkrar müayinədən keçməsini tövsiyə etdilər.
İndi Mehmanda xərçəng xəsətlyinin olduğu təsdiqlənib. Bu mübarizədə qalib gəlmək üçün köməyimizə və dəstəyimizə ehtiyacı var. Onun sağlamlığını bərpa etməyimizə kömək edin ki, Azərbaycanda insan hüquqları və demokratiyanı təşviq etmək vəzifəsini davam etdirsin.
Covid19 pandemiyasının bir çoxunuza maddi təsir etdiyini bilirik; buna görə də onun müalicəsinə töhfə verə biləcəyiniz hər hansı bir məbləğə görə minnətdar olacağıq.
Həmçinin, bu müraciəti sosial şəbəkələrdə səhifələrinizdə paylaşaraq yardım etmək istəyən daha çox insana üz tutmağımıza kömək edə bilərsiniz.
Mərhəmətli ürəklərinizə və səxavətinizə görə əvvəlcədən təşəkkür edirik!!!
Turan[:]