[:az]Azərbaycan Xalq Cəbhəsi Partiyasından (AXCP) bildirilib ki, Əvəz Əhmədov artıq sərbəst buraxılıb: “Onu yenidən polisə aparıb “profilaktik söhbət” ediblər. Artıq sərbəst buraxılıb”.
Bu məlumatı, hələlik, Daxili İşlər Nazirliyindən dəqiqləşdirmək mümkün olmayıb
Azərbaycan Xalq Cəbhəsi Partiyasının (AXCP) üzvü Əvəz Əhmədovu iki mülkigeyimli şəxsin naməlum istiqamətə apardıqları bildirilir.
Bu barədə AzadlıqRadiosuna AXCP-dən məlumat verilib.
Məlumata görə, Ə.Əhmədovu İnzibati Həbs Olunanların Saxlanılma Məntəqəsindən aparıblar: “Bugün, mayın 22-də Ə.Əhmədovun 30 sutkalıq inzibati həbs müddəti başa çatıb. Lakin o, saxlanma məntəqəsindən çıxaraq yenidən saxlanıb. Buraxılış məntəqəsində iki mülkigeyimli şəxs onu tutub naməlum istiqamətə aparıblar”.
AXCP-dən bildirildiyinə görə, Ə.Əhmədov bir ay əvvəl İnzibati Xətalar Məcəlləsinin 535-cu (Polis işçisinin və ya hərbi qulluqçunun qanuni tələbinə qəsdən tabe olmama) maddəsi ilə günahlandırılaraq 30 sutka həbs cəzası alıb.
AXCP-dən bunu partiyaya qarşı repressiya dalğasının davamı kimi qiymətləndiriblər: “Əvəz Əhmədova qarşı cinayət işi da qaldırıla bilər, ona işgəncə də verilə bilər. Biz heç nəyi istisna etmirik. Hakimiyyət bizə qarşı faktiki olaraq siyasi savaş açıb”.
Amma rəsmilər, bir qayda olaraq, insanların dinc siyasi fəaliyyətlərinə görə basqı və işgəncələrə məruz qalması ilə bağlı deyilənləri qəbul etmirlər.
Son aylar AXCP-nin onlarca fəalı saxlanaraq inzibati həbs edilib. Partiya sədrinin mühafizəçisi Niyaməddin Əhmədov isə 30 sutkalıq inzibati (karantin qaydasını pozma və polisin qanuni tələbinə qəsdən tabe olmamaq ittihamı ilə) həbs cəzasını çəkdikdən sonra da azadlığa buraxılmayıb. O, indi də terrorçuluğu maliyyələşdirməkdə günahlandırılır.
Partiya ittihamı qurama sayır.
Azadlıq Radiosu[:]