[:az]Yevlax şəhərində (Bakıdan 295 kilometr qərb) “Qaraçılar məhəlləsi” adlanan ərazidə karantin rejiminin tətbiqini pozmağa cəhd edən sakinlərlə polis arasında baş verən insidentlə bağlı cinayət işi başlanıb.
Azərbaycan Daxili İşlər Nazirliyinin mətbuat xidmətinin rəisi Ehsan Zahidovov bildirib ki, məhəllə sakinləri tərəfindən onları asayişi pozmamağa dəvət edən polis əməkdaşlarına daş atılıb. Nəticədə bir nəfər polis əməkdaşı baş nahiyəsindən xəsarət alıb.
“Həmin faktla əlaqədar Yevlax rayon Prokurorluğunda Cinayət Məcəlləsinin 221-ci (xuliqanlıq) və 315-ci (hakimiyyət nümayəndəsinə qarşı müqavimət göstərmə və ya zor tətbiq etmə) maddələri ilə cinayət işi başlanıb. Cinayət işi üzrə keçirilən əməliyyat tədbirləri nəticəsində asayişi pozaraq aksiyaya cəhd göstərən 20 nəfər saxlanılıb. Hazırda həmin şəxslərin məsuliyyət məsələləri araşdırılır. Araşdırmanın nəticəsindən asılı olaraq hadisəyə hüquqi qiymət veriləcək. Başlanan cinayət işi üzrə isə artıq bir nəfər tutularaq məsuliyyətə cəlb olunub,” o qeyd edib.
Yerli medianın məlumatına görə, mayın 19-da Yevlax şəhərində “Köhnə körpü” (“Qaraçılar məhəlləsi”) deyilən məhəllədə bir qrup sakin ilə polis arasında qarşıdurma yaşanıb. Münaqişə sakinlərin karantin rejiminin sərtləşdirilmiş tədbirlərinə riayət etməkdən imtina etməsindən sonra baş verib. Tədbirlərin sərtləşdirilməsinin səbəbi bu məhəllənin sakinləri arasında 53 nəfərin koronavirusa yoluxması olub. Ümumilikdə isə son bir gündə Yevlax şəhərində 80 nəfər koronavirusa yoluxub. Bununla əlaqədar karantin tədbirləri sərtləşdirilib. Amma bu, sakinlərin narazılığına səbəb olub, onlar etiraz aksiyası keçiriblər və polislərə daş atıblar.
“Şəhərə daxili qoşunların hərbi qulluqçuları yeridilib. Danışıqlardan sonra etiraz edənlərin bir hissəsi dağılışıb, həkimlər onlardan test götürməyə başlayıb. Testlərin cavabları gələnə qədər həmin yerdə məhdudlaşdırıcı karantin tədbirləri davam etdiriləcək,” Daxili İşlər Nazirliyi bildirib.
Amerikanın Səsi
[:]