[:az]Elvin İrşadov 16 sutka müddətinə həbs olunub.
Lənkəranda fəal Elvin İrşadov saxlanılıb
Bakı/19.05.20/Turan: “Umar Ali” nikindən istifadə edən sosial şəbəkələrin fəal istifadəçisi Elvin İrşadov dünən Lənkəranda saxlanılıb. Bu barədə Azərbaycan Talışları İctimai Şurasının (ATİŞ) mayın 19-da yaydığı bəyanatında deyilir.
Sənəddə qeyd edilir ki, İrşadov saat 13.00 radələrində 190 manat ölçüsündə maddi yardım almaq üçün “Kapital Bank” bankomatının qarşısında növbə gözləyərkən saxlanılıb. Fəal polisə tabe olmamaqda şübhəli bilinərək saxlanılıb.
ATİŞ-in bəyanatında deyilir ki, İrşadovun “Umar Ali” səhifəsi cənub bölgəsinin sakinləri arasında məşhurdur, belə ki, o, yerli əhalinin, o cümlədən talışların problemlərini işıqlandırırdı.
İrşadov əvvəllər də yerli hakimiyyətin qanunsuz əməllərini tənqid etdiyinə görə təzyiqə, həbslərə məruz qalıb. Buna baxmayaraq, İrşadov ədalət və qanunçuluq uğrunda mübarizədən əl çəkməyib, deyə bəyanatda bildirilir.
ATİŞ İrşadovun ictimai-siyasi baxışlarına görə təqib edildiyini hesab edir, onun saxlanılmasını pisləyir və dərhal azad edilməsini tələb edir.
Bu gün o, məhkəməyə çıxarılacaq.
Yerli polisdən İrşadovun saxlanılmasının səbəbləri ilə bağlı məlumat almaq mümkün olmayıb.
Turan[:]