[:az]Azərbaycan Xalq Cəbhəsi Partiyasının (AXCP) Rəyasət Heyətinin üzvü və “Azadlıq” qəzetin əməkdaşı Səadət Cahanigir-in dünən, mayın 1-də 8 saatdan çox Baş Prokurorluğun Ağır cinayətlərə dair işlər üzrə istintaq idarəsində dindirildiyi bildirilir.
Bu barədə AzadlıqRadiosuna Səadət Cahangir-in özü məlumat verib:
“Təxminən saat 12:00-da qapımı döyüblər. Gələnlər özünü qaz idarəsin işçiləri kimi təqdim etdilər və sayğacı yoxlamaq lazım olduğunu bildiriblər. Qapını açandan sonra həmin adamlar mənə evimdə axtarış aparacaqlarını dedilər, kağız təqdim etdilər. Daha sonra onlar evdə axtarış apardı, kompüter və telefonunumu götürdülər. Mənim özümü isə idarəyə apardılar”.
S.Cahangir bildirib ki, o şahid qismində dindirilib:
“Mənə hansı iş üzrə dindirildiyim barədə heç bir məlumat verilmədi. Vəkil tələb etsəm də, mənə vəkil təqdim edilməyib. Yaxınlarıma zəng vurmağa da imkan verilmədi. 8 saat dindirildikdən sonra sərbəst buraxıldım. Telefonlarım və kompyuterim qaytarılmayıb”.
Partiyadan AzadlıqRadiosuna bildirilib ki, həm bu, həm də son günlər bir çox atılan addımlar hakimiyyətin AXCP sədri Əli Kərimliyə qarşı cinayət işi qaldırmaq niyyətindən xəbər verir.
Səadət Cahangirin dedikləri və AXCP-nin açıqlamasına, hələlik, Baş Prokurorlugdan münasibət almaq mümkün olmayıb.
Amma elə dünən, mayın 1-də Azərbaycan Prezidenti İlham Əliyev yenicə Baş prokuror təyin edilən Kamran Əliyevi videoformatda qəbul edərkən bele bir açıqlama vermişdi:
“…Bir daha bildirməliyəm ki, Azərbaycanda heç kim öz siyasi baxışlarına, siyasi mənsubiyyətinə, siyasi fəaliyyətinə görə təqib edilməməlidir”.
Azadlıq Radiosu[:]