[:az]Ali Məhkəmə Avropa Məhkəməsinə səkkiz ərizəçidən cəmi ikisinin hüquqlarını bərpa edib – İntiqam Əliyev[:]

tərəfindən Gozetci

[:az]Ali Məhkəmənin Plenumunun İlqar Məmmədov və Rəsul Cəfərovun işləri üzrə qərarı Azərbaycan hakimiyyətinin öz vətəndaşların siyasi motivlərlə təqibolinması faktının etirafıdır. İstər ölkə daxilində, istərsə də kənarda bu qərarı Hökumətin çox tez-tez yadına salacaqlar. Bu baxımdan onu önəmli hadisə saymaq olar. Bu fikri AM Plenumunun Məmmədova və Cəfərova bəraət verilməsi haqqında qərarını şərh edən tanınmış hüquq müdafiəçisi İntiqam Əliyev bildirib. Hüquqşünas həmçinin vurğulayıb ki, Plenum Avropa İnsan Hüquqları Məhkəməsinin (AİHM) və Avropa Şurasının Nazirlər Komitəsinin tam bəraət verilməsini Hökumətdən tələb etdiyi səkkiz ərizəçidən yalnız ikisinin hüquqlarını bərpa edib. Belə ki, Avropa Şurasının Nazirlər Kabineti Strasburq Məhkəməsinin İlqar Məmmədov və Rəsul Cəfərovla yanaşı, Anar Məmmədli, Rəşad Həsənov, Zaur Qurbanov, Rəşadət Axundov, Üzeyir Məmmədli və İntiqam Əliyevin öz işi ilə bağlı qərarları əsasında onların işlərinə ölkə daxilində yenidən baxılmasını tələb edir.

AİHM bu ərizəçilərdən hər biri barəsində Avropa Konvensiyasının 18-ci (hüquqların məhdudlaşdırılmasından istifadə hüdudları) və 5-ci (azadlıq və şəxsi toxunulmazlıq hüququ) maddələrinin pozulduğunu müəyyən edib, “hökumətin tənqidçilərinin, vətəndaş cəmiyyəti fəallarının və hüquq müdafiəçilərinin qanunun aliliyinə zidd olaraq cinayət hüququndan qanunsuz istifadə etməklə həbsini və mühakiməsinin təhlükəli xarakterini” üzə çıxarıb. Bundan əlavə, AŞ NK-nın İlqar Məmmədovun işi üzrə Konvensiyanın 46-cı maddəsinin 4-cü bəndinə uyğun olaraq (Avropa Şurasına üzv ölkənin AİHM-in qərarlarının icrası öhdəliyinə riayət etməməsinin yoxlanılması) başlatdığı icraatdan sonra Strasburq Məhkəməsinin Böyük Palatası 2019-cu il 29 may tarixli qərarı ilə Azərbaycanın bu məsələdə öz öhdəliyini pozduğunu müəyyən edib.

AŞ NK Avropa Məhkəməsinin qərarları əsasında ərizəçilərlə bağlı ölkədaxili məhkəmə qərarlarının ləğvini, üzərlərindən məhkumluğun götürülməsini və onlara qarşı irəli sürülmüş ittihamların bütün digər nəticələrinin aradan qaldırılmasını, o cümlədən mülki və siyasi hüquqlarının tam şəkildə bərpasını tələb edir.

Bu ilin martında Nazirlər Komitəsi bu qrup işlərlə bağlı növbəti qərarında təəssüflə vurğulayıb ki, ərizəçilər barəsində qanunsuz hökmlər ləğv edilməyib və onlar hələ də bu qərarların mənfi nəticələrindən, o cümlədən peşə və siyasi fəaliyyətlərini tamamilə bərpa etmək iqtidarında olmamalarından əziyyət çəkirlər. Nazirlər Komitəsi yenidən Azərbaycan hakimiyyətini israrla hər hansı yubanmaya yol vermədən hər bir ərziəçi ilə bağlı öz öhdəliklərindən doğan zəruri tədbirlər görməyi və 2020-ci il aprelin 30-dan gec olmayaraq bu barədə ona məlumat verməyə çağırıb.

Nazirlər Komitəsi ən gec 2020-ci ilin iyununda keçirilməsi planlaşdırılan 1377-ci iclasında bu işlərə baxılmasını bərpa etmək qərarı qəbul edib.

“Nazirlər Kabinetinin tələblərinə zidd olaraq, Plenumun hansı səbədən yalnız iki nəfərin işinə yenidən baxmasının səbəbini bilmirəm. Hökumətin hələ iyuna qədər vaxtı var “, deyə İntiqam Əliyev qeyd edib.

O, hökumətin bu yöndə hansı addımlar ata biləcəyi barədə suala belə cavab verib:

“Bu suala cavab verməkdə çətinlik çəkirəm. Hakimiyyət anlalamış deyil ki, Avropa Şurası Nazirlər Komitəsinin qalan ərizəçilərin işləri üzrə qərarlarının yerinə yetirilməməsi onun üçün xoşagəlməz nəticələr doğura bilər. Artıq bizimkilərin beynəlxalq təşkilatlara öz şərtlərini diktə etdiyi vaxtlar geridə qalıb. Əlbəttə, hökumət ərizəçilərin hüquqlarının tam bərpası müqabilində, onların öz fəaliyyətlərinə korrektə etmələrini çox arzulayardı. Şəxsən mənim ölkədə 100-dən çox siyasi məhbusun hələ da qanunsuz olaraq həbsdə saxlandığı və hökumətin hətta bu ağır durumda repressiyalara son qoymadığı şəraitdə öz fəaliyyətimə hər hansı korrektələr etmək fikrim yoxdur, deyə İntiqam Əliyev bildirib.

İntiqam Əliyev Rəsul Cəfərova və İlqar Məmmədova tam bəraət verilməsini müsbət qiymətləndirib.

“Əlbəttə, mən dostlarımıza görə şadam. Onlar bunu haqq ediblər. Və ən yüksək məhkəmə instansiyasi səviyyəsində ölkədə insanların siyasi motivlərlə həbs edildiyi ilk dəfə etiraf olunub və qurbanlara vurulan mənəvi ziyana görə heç kimin ağlına gələ bilməyəcəyi məbləğdə təzminat müəyyən edilib. Amma Hökumət bir tərəfdən təqsirsiz məhkum olunan bəzi şəxslərə bəraət verir, o biri tərəfdən təqsirsiz başqa şəxsləri həbsxanalarda saxlamağa və yenilərini həbs etməyə davam edir. Tofiq Yaqublunun aşkar qanunsuz həbsi və digər qondarma cinayət işləri hakimiyyətin siyasi motivli təqiblərə son qoymaq fikrinin olmadığını bir daha nümayiş etdirir. Plenumun bugünki qərarları bu mənada hakimlərin və ümumilikdə məhkəmə sisteminin üzərindəki ləkəni yumaq iqtidarında deyil”, deyə İntiqam Əliyev sözünə davam edib.

Hüquqşünas bunları vurğulamaqla hesab edir ki, Plenumun qeyd edilən qərarları Avropa Şurası və digər beynəlxalq təşkilatlar tərəfindən alqışla qarşılanmamalıdır, bu, “avtoritar hakimiyyətin bundan sonra da özünü cəzasız hiss etməsinə və repressiyaları davam etdirməsinə imkan verər”.

“Biz Avropa Məhkəməsinin qərarlarının icrası ilə bağlı icraat çərçivəsində Nazirlər Komitəsi ilə kommunikasiyalarda həmin qurumdan təkcə özbaşınalıq qurbanlarının hüquqlarının bərpasını yox, həm də, opponentlərinin siyasi motivlərlə təqib olunması təcrübəsinə son qoymağı Hökumətdən daha israrla tələb etməyə, onu öz öhdəliklərini yerinə yetirməyə məcbur etməyə çağırırıq “, deyə hüquqşünas  bildirib. İntiqam Əliyev İ.Məmmədova və R.Cəfərova Plenumun təyin etdiyi təzminatla bağlı səslənən fikirlərə də münasibət bildirib.

“Azərbaycan hakimiyyəti bir qayda olaraq Avropa Məhkəməsində qurbanlara ən aşağı təzminat ödənilməsinə çalışır. Xüsusilə, siyasi opponentlərinin işləri ilə bağlı kompensasiya məsələsində az qala hər sent üçün dava döyür.  Mövsüm Səmədov 10 ilə yaxındır ki, həbsxanadadır, özü də tamamilə qanunsuz, hökumət bu yaxınarda həmin illərin müqabilində Avropa Məhkəməsinin ona cəmi 3 min avro ödəməsinə nail ola bildi. Eynilə başqa işlərdə. İllərlə öz opponentlərinin maliyyə qaynaqlarına ciddi nəzarət edən, onlara yardım edənləri tutub içəri salan hökumətimiz indi birdən-birə öz siyasi rəqiblərindən birinə qarşı bu cür jest nümayiş etdirir (ərizəçilərə kəsilən pul Avropa Məhkəməsinin müəyyən etdiyi məbləğdən bir neçə dəfə çoxdur). Əli Kərimli, Tofiq Yaqublu və bir çox başqaları illərlədir Avropa Məhkəməsinin təyin etdiyi qat-qat az kompensasiyaları ala bilmir. Bu hökumətə az-çox bələd olan hər kəs bilir ki, o, heç kimə elə-belə bu qədər pulu verməz. Bir neçə məqsədi ola bilər. Bir tərəfdən, şübhə toxumu səpir, müxalifət düşərgəsində xüsusən də son seçkilərdən sonra güclənən qarşıdurma daha da alovlandırır (yeri gəlmişkən, bu məqsədinə nail olduğunu demək olar – sosial şəbəkələrdə söyüşün bir bir qəpikdir); o biri tərəfdən, opponentlərinə (mən konkret hansısa qüvvəni və ya şəxsi nəzərdə tutmuram) mesaj verir ki, özünüzü yaxşı aparsanız, maliyyə problemlərinizi özümüz qaydasına qoya bilərik. Əminəm ki, səkkiz nəfərin hər biri bunu anlamamış deyil…”

Turan[:]

Siz həmçinin bəyənə bilərsiniz

Şərh yaz

Əlaqə

gozetci.az_logo_2
+994 55 340 34 34
gozetci.az@gmail.com
+99455 340 34 34
+99455 340 34 34

© 2023 – Bütün hüquqları qorunur – Gözətçi.az