[:az]Bacı-qardaşın pul davası məhkəməyə qədər gedib
Tərtərin Sarov kəndində 1994-cü il iyunun 4-də Qarabağ döyüşlərində həlak olmuş Ramiz Cuquyevə görə dövlətdən alınan 11 min manatlıq birdəfəlik ödəniş qalmaqala səbəb olub. El arasında “qan pulu” adlandırılan bu ödənişi şəhidin bacı-qardaşları bölə bilmədiklərinə görə məhkəməlik olublar.
Meydan TV-nin əldə etdiyi məlumata görə, mərhum R.Cuquyevin özündən başqa 10 bacı-qardaşı olub. Ötən il şəhid ailələrinə 11 min manatlıq birdəfəlik ödənişlər veriləndə bacı-qardaşlar Səyavuş Cuquyevə notarial qaydada razılıq məktubu veriblər, ödənişi də o alıb. Bacı-qardaşlar deyirlər ki, on vərəsənin hər birinin adına sənədləşmə aparılması çətin, hətta mümkünsüz olacaqdı. Ona görə belə qərara gəliblər ki, bir nəfər alsın, amma məbləğ hamının arasında bölünsün.
Pul alınandan sonra onların arasında qalmaqal yaşanıb və mübahisə məhkəmə müstəvisinə çıxıb. Qalan 9 bacı-qardaşdan 8-i Səyavuş Cuquyevi məhkəməyə verərək, onların hər birinə çatası 1100 manatı tələb edib.
Rasim, Rəsul, Alı, Rəşid, Həqiqət, Gülnaz, Rəhilə və Yetər Cuqiyevlər bildiriblər ki, pulu alan qardaş məbləği onlarla bölmək istəmir.
“Onlar deyirlər ki, biz sənədləşmə işlərini asanlaşdırmaq üçün ona razılıq sənədi vermişdik. Razılaşıblar ki, məbləğ aralarında bərabər bölünəcək. Ramiz hamısının qardaşıdı. Ona görə verilən puldan da hamıya çatmalıdı. Amma Siyavuş onları aldadıb. Bu mübahisə yarananda bircə Mürşüd qardaşı öz payından imtina edib”, – Meydan TV-yə bildirilib.
Məhkəmə S.Cuquyevin 8 bacı-qardaşın hər birinə 1100 manat pul ödəməsi barədə qərar çıxarıb.
S.Cuquyev isə bildirir ki, o, Rasim qardaşına 10 min manat borc verib. Buna görə bacı-qardaşları dövlətdən alınan 11 min manatı ona verib, paylarından imtina ediblər.
R.Cuquyev isə deyir ki, yalandır, o, Səyavuş qardaşından 10 min manat almayıb. Qardaşı pulu verməmək üçün belə danışır.
“Səyavuş Cuquyev məhkəmə qərarını qəbul etməyib, yuxarı məhkəməyə şikayət verib”, – deyə mənbə əlavə edib.
Meydan TV[:]