[:az]Hüseyn Abdullayev: Belə şey olmayıb, həyatı boyu da olmayacaq[:]

tərəfindən Gozetci

[:az]Keçmiş deputatın anası: “Ərizəmi əfv xahişi kimi qələmə vermək, balamı qıcıqlandırmaq üçün imtina məktubunu da ona göndərmək nə deməkdir axı?”

Türkiyədə saxlanılaraq Azərbaycana verilən keçmiş deputat Hüseyn Abdullayevin anası Zeynəb Abdullayeva oğlunun azadlığa buraxılması üçün Prezident İlham Əliyevə məktub göndərib. Onun məktubuna rədd cavabı gəlib.

Z.Abdullayeva bildirir ki, onun yazdığı məktuba cavabı oğluna göndəriblər: “Cavabda da belə təqdim ediblər ki, guya mənim ərizəm oğlumun əfv xahişi olub, ona da rədd cavabı verilir, Belə olmayıb axı… Mən ərizəmdə yazmışam ki, oğlumun heç bir günahı yoxdur. Ona qarşı irəli sürülən ittihamlar sübutunu tapmadan 6 il iş kəsiblər. Oğlum günahsız olduğuna görə onun azadlığını istəyirəm. Yəni bu adamın günahı yoxdur, xahiş edirəm, azad edin. Bunu götürüb əfv ərizəsi kimi qələmə vermək, balamı qıcıqlandırmaq üçün imtina məktubunu da ona göndərmək nə deməkdir axı?”

70 yaşı olduğunu xatırladan Z.Abdullayevanın sözlərinə görə, H.Abdullayev Kürdəxanıdakı istintaq təcridxanasında saxladığı 23 ay ərzində onunla ailə üzvlərindən heç kimin görüşməsinə imkan verilməyib: “Gedib təcridxananın qarşısında saatlarla gözləyirdim, görüş vermirdilər. Mənim 70 yaşım var, uşağıma edilən haqsızlıqlara, əziyyətlərə dözə bilmirəm”.

Z.Abdullayeva vurğulayır ki, Prezidentə təxminən 15-20 gün əvvəl ünvanladığı məktubdan oğlunun xəbəri olmayıb.

“Mənim uşağımın bu dövlət üçün nələr elədiyini Allah bilir. Mənim uşağıma xəyanət elədilər. Kim elədi, orasını da Allaha həvalə edirəm. Onun haqqında çox yalanlar danışdılar”, – deyə Z.Abdullayeva əlavə edib.

Sabiq deputat özü də yaxınları vasitəsilə yaylan açıqlamasında bu məsələyə münasibət bildirib: “Bəzi qüvvələr belə fikir yaratmaq istəyirlər ki, guya Hüseyn Abdullayev əfv ərizəsi yazıb. Bildirirəm ki, bu cür fikirlər ucuz şayiələrdən başqa bir şey deyil, tamamilə ağ yalandır. Belə bir şey olmayıb, həyatım boyu da olmayacaq”.

Deputat olduğu dövrdə parlamentdə Fəzail Ağamalı ilə davaya görə həbs olunan H.Abdullayev 2012-cü ildə ölkəni tərk edib. Almaniyada siyasi sığınacaq alan keçmiş deputatın “Susma” mahnısı sosial şəbəkələrdə yayılandan sonra onun Azərbaycandakı yaxınlarına qarşı təzyiqlər başlanması haqda məlumatlar yayıldı.

H.Abdullayev 2018-ci ilin aprelində Türkiyədə olarkən saxlanılıb və Azərbaycana təhvil verilib. O, dələduzluq, vergidən yayınma, cinayət yolu ilə əldə olunmuş vəsaitlərin leqallaşdırılması kimi əməllərdə ittiham olunaraq, Bakı Hərbi Məhkəməsinin hökmüylə 6 il azadlıqdan məhrum edilib. Bakı Apelyasiya Məhkəməsi də bu hökmü qüvvədə saxlayıb. Onun işindən Ali Məhkəməyə şikayət verilib.

H.Abdullayevlə eyni cinayət işi üzrə anası da cəzalandırılıb. Z.Abdullayeva haqqında ittiham hökmü çıxarılıb – 4 min manat cərimə cəzasına məhkum edilib..

Lakin onların heç biri özünü təqsirli bilmir, ittihamların saxta olduğunu bəyan edir.

“Mən Türkiyədən qanunsuz şəkildə, faktiki oğurlanaraq Azərbaycana gətirilmişəm. Tamamilə əsassız, qərəzli və birbaşa siyasi motivli ittihamlarla mühakimə edilmişəm və zorla həbsdə saxlanılıram”.

Meydan TV[:]

Siz həmçinin bəyənə bilərsiniz

Şərh yaz

Əlaqə

gozetci.az_logo_2
+994 55 340 34 34
gozetci.az@gmail.com
+99455 340 34 34
+99455 340 34 34

© 2023 – Bütün hüquqları qorunur – Gözətçi.az