[:az]
Həyat yoldaşı kimlərinsə onu yaşadıqları binanın həyətinə çağırdıqlarını deyir
Keçmiş Qarabağ döyüşçüsü, siyasi fəal Rza Səfərsoy evindən aparılıb və yeri bilinmir. Bu barədə məlumat verən həyat yoldaşı Təranə Səfərsoyun dediyinə görə, aprelin 13-də günorta saatlarında yaşadıqları əraziyə mülki geyimli polislər gəlib.
Son günlərdə həyat yoldaşının təhdidlə üzləşdiyini, hədə-qorxu xarakterli zənglər gəldiyini deyən T.Səfərsoyun sözlərinə görə, ondan sosial şəbəkələrdə, o cümlədən “Facebook” səhifəsində yazdıqlarını silmək tələb olunub.
Həyat yoldaşı bildirir ki, aprelin 13-də yenə R.Səfərsoya telefonla zəng edib, onu yaşadıqları binanın qarşısında gözlədiklərini, özü həyətə gəlməsə, evə çıxacaqlarını deyiblər:
“Bu zəng gələndə saat təxminən 15.30 olardı. Geyinib getdi, ondan sonra xəbər yoxdur”.
R.Səfərsoyun “Facebook” səhifəsindəki son paylaşımı belə olub: “Ölkədə milyondan çox işsiz var, rejim kömək etmir. Edən də deyil. Bilir ki, sizdən heç nə olan deyil. Öl acından evdə, səsini çıxarma”.
Daxili İşlər Nazirliyindən məsələyə münasibət öyrənmək mümkün olmayıb.
R.Səfərsoy bundan öncə də “Facebook” paylaşımlarına görə həbsdə olub. O, 2018-ci ilin iyulunda Gəncədə keçmiş icra başçısı Elmar Vəliyevə sui-qəsddən sonra sosial şəbəkələrdə yazdığı statuslara görə 7 ay həbsdə saxlanmışdı. Cinayət Məcəlləsinin 214-2 (terrorçuluğa açıq çağırışlar) və 281.1-ci (dövlət əleyhinə yönələn açıq çağırışlar) maddələrilə ittiham olunan R.Səfərsoya Səbail Rayon Məhkəməsi 2 il həbs cəzası vermişdi. Bakı Apelyasiya Məhkəməsi hökmü dəyişərək, müddəti 7 aya endirib, 2019-cu il fevralın 11-də onu məhkəmə zalından azad etmişdi.
Meydan TV[:]