[:az]Rüşvətə ‘yox’ deyən müəllim: ‘Beş dəqiqədə taleyimi həll etdilər'[:]

tərəfindən Gozetci

[:az]Azərbaycan Ali Məhkəməsi bu il martın 2-də Astara şəhər 2 saylı orta məktəbin keçmiş ingilis dili müəllimi Fuad Mehrəliyevin işə bərpa edilməsi ilə bağlı iddiasını təmin etməyib.

Bu barədə AzadlıqRadiosuna F.Mehrəliyev özü məlumat verib. F.Mehrəliyev bu işin arxasında Astara rayonunun vəzifəli şəxslərinin durduğunu iddia edib:

«Film kimi bir olaydır. Amma bu həqiqətdir»
«Məktəbdə baş verən rüşvətxorluqdan sosial şəbəkələrdə çıxış etmişəm. Buna görə də mənim üçün tələ qurdular. Guya mən kənd məscidində müftiyə hörmətsizlik etmişəm. Müfti, kənd icra nümayəndəsi, bələdiyyə sədrinin imzası ilə polisə şikayət etdilər. Yaxınlarımın xahişi ilə polis şöbəsinə getdim. Anam da mənimlə idi. Anama dedilər ki, oğlunu həbs edəcəyik. Bu yolla anamdan ərizə aldılar. Guya mən özümü idarə edə bilmirəm. Həkim çağırdılar, polisdə həkim mənə təkbaşına «kəskin paranoid» diaqnozu qoydu. Dərhal Lənkəran Rayonlararası Psixiatriya Dispanserinə apardılar. Orada nəzarətdə qaldım. Qayıdan kimi məktəbdə 5-6 nəfəri çağırıb, iclas keçirdib, işdən azad etdilər. Film kimi bir olaydır. Amma bu həqiqətdir».

«İki ildir məhkəmələrdəyəm»
F.Mehrəliyev deyib ki, məhkəmələrin heç birisi onun qaldırdığı vəsatəti təmin etməyib: «İki ildir ki, məhkəmələrdəyəm. Hər üç məhkəmədə vəsatət qaldırdım ki, məni ekspertizaya göndərsinlər. Məhkəmələrin heç birisi məni ekspertizaya göndərmədi. Müəllim işlədiyim 6 il ərzində məndən narazılıq olmayıb. Diaqnostik qiymətləndirmədən lazımı bal toplamışam. İngilis dilində çoxlu tərcümələrim var. Necə olur ki, müəllim işlədiyim 6 ildə şikayət olmadı, məktəbdə rüşvətə «yox» deyən kimi mən pis oldum? Məhkəmələrdə ədalət görmədim. Onları insan taleyi maraqlandırmır. Ölkə prezidenti də rüşvətlə mübarizə aparmağı tövsiyə edir. Mən o tövsiyələrə əsaslanıb sözümü demişəm».

«Ədaləti ölkədən kənarda axtarmağı qərara almışam»
Keçmiş müəllimin dediyinə görə, iqtisadi vəziyyəti də yaxşı deyil: «Üç azyaşlı uşağım var. Həyat yoldaşım işləmir. Anamın aldığı pensiyanın ümidinə qalmışam. O da xəstədir. Pensiyasını dərmana versin, ya bizə? Mən hər dəfə məhkəmədə bu fikirləri səsləndirmişəm. Amma onlar buna əhəmiyyət vermədilər. Dövlət tərəfindən təyin olunmuş vəkil də Ali Məhkəmənin iclasına gəlmədi. Beş dəqiqədə taleyimi həll etdilər. Məni bu günə salmaqla digər müəllimlərə bildirirlər ki, rüşvətdən danışsanız aqibətiniz bundan pis olar. Ədaləti ölkədən kənarda axtarmağı qərara almışam. Avropa İnsan Haqları Məhkəməsinə müraciət etmək fikrindəyəm».Bu deyilənlərə Azərbaycan Ali Məhkəməsi və Astara rayonunda sözügedən qurumlardan münasibət almaq mümkün olmayıb.

Azadlıq Radiosu[:]

Siz həmçinin bəyənə bilərsiniz

Şərh yaz

Əlaqə

gozetci.az_logo_2
+994 55 340 34 34
gozetci.az@gmail.com
+99455 340 34 34
+99455 340 34 34

© 2023 – Bütün hüquqları qorunur – Gözətçi.az