[:az]Miskinlinin 73 yaşlı sakini: Evim başıma uçur, pensiyam dərmana yetmir[:]

tərəfindən Gozetci

[:az]Rütubətli, qəzalı evdə yaşayan Hava Süleymanova və övladları müxtəlif xəstəliklərdən əziyyət çəkir

“Xəstəyəm, qocayam, imkansızam, bu şəraitdə yaşamağa gücüm qalmayıb. Hökumətdən istədiyim odur ki, qəzalı evimi təmir eləsin, başıma uçur”.

Gədəbəyin Miskinli kənd sakini Hava Süleymanovanın 73 yaşı var. Diabetdən əziyyət çəkir. Ailə qurmayan 53 və 47 yaşlı, müxtəlif xəstəliklərdən əziyyət çəkən övladları da onunla eyni evdə yaşayır. Ancaq ora ev demək mümkünsə…

Hava xanım Meydan TV-yə danışır ki, 32 il əvvəl həyat yoldaşı kənddə ev tikmək istəyib. Evin özülünü atıb, bir neçə daş qaldırdıqdan sonra müharibə başladığından tibb qardaşı kimi müharibə zonasına gedib, sonrakı illərdə isə evin tikintisini davam etdirə bilməyiblər.

“Divarlar aralandı, özül və tavan dağıldı”

“Yoldaşım Tofiq Süleymanov müharibə vaxtı Gədəbəy rayon Xəstəxanasının təcili yardım şöbəsində feldşer işləyirdi, cəbhə xəttində əsgərlərin yarasını sarıyırdı, atəşkəsdən sonra da xəstəxanada işlədiyi müddətdə cəbhə xəttindəki əsgərlərin qulluğunda dayanırdı. Müharibə vaxtı aylarla evə gəlmirdi, bu səbəbdən də ailəmizin vəziyyəti çətinləşdi, evi yarımçıq düzəldib köçdük ki, çöldə qalmayaq. İllər keçdikcə baş verən zəlzələ, ara-sıra yeraltı təkanlar, dolu, leysan hər dəfə evə zərər vurdu. Divarlar aralandı, tavan dağıldı”, – qadın danışır.

Hava Süleymanovanın həyat yoldaşı 21 ildir ki, vəfat edib. Övladlarından biri ali təhsilli olsa da, illərdir ki, iş tapa bilmir, digər bir övladı və xəstə olduqlarından hər dəfə özülü və divarları sıradan çıxan evə əl gəzdirə bilməyib. İndi isə durum son həddə çatıb.

“Nəmişlik, rütubət canımıza işləyir”

“Nəmişlik, rütubət xəstə canımızı daha da əldən salır. Divarlar aralanıb, yarıqlar günbəgün genişlənir, yel əsəndə ev silkələnir, sanki indi başımıza uçacaq. 233 manat pensiya alıram, aldığım heç dərmanlarımıza çatmır. Bilmirik ki, dərdimizi kimə deyək. Dəfələrlə icra hakimiyyətində olmuşam, hər dəfə “nənə, get, gəlib evə baxacaqlar”, deyib, yola salırlar. Mənim həyat yoldaşım vaxtilə Şınıxda, Ermənistanla həmsərhəd olan başqa kəndlərdə güllə yağışının altında ölümünü gözə alıb, yüzlərlə əsgərin həyatını xilas edib, ancaq gəlin, görün xəstə ailəsi hansı durumda yaşayır. Həyat yoldaşım özünü güllə altında atanda, bu gün məni icra hakimiyyətinin binasından geri qaytaranlar orda-burda gizlənmişdilər”.

“Divarlar aralandı, tavan dağıldı”

Hava xanım deyir, əslində hər dəfə zəlzələ, yeraltı təkan, dolu və leysan baş verəndə gəlib evə baxış keçirirlər, ancaq nəticəsi olmur:

“Hər dəfə təbii fəlakət olanda gəlirlər, baxış keçirirlər, evi qeydə alırlar, sonra da yardım etmirlər. Bizdə də belə fikir yaranır ki, deməli, bunlara bizim evimiz özlərinə pul qazanmaq üçün lazımdır. Gəlib yazıb, gedib, pul ayırıb, sonra da o pulu mənimsəyirlər. Keçmiş başçının qəbulunda dəfələrlə, indiki başçının qəbulunda iki dəfə olmuşam. Qızım indiki başçının qəbuluna gedəndə deyiblər, bilirik nəyə gəlmisən, get, gəlib evə baxış keçirəcəklər. Hər dəfə aldadıblar”.

Gədəbəy Rayon İcra Hakimiyyətindən Meydan TV-yə bildirilib ki, Hava Süleymanovanın evi təbii fəlakətlər nəticəsində qəzalı vəziyyətə düşübsə, bununla bağlı Fövqəladə Hallar Komissiyasına müraciət etməlidir: “İcra hakimiyyəti ev tikmir, tikinti materialı, kompensasiya vermir, bu işlərlə komissiya məşğul olur. Bəlkə də xanıma vaxtında tikinti materialı verilib, üstündən xeyli vaxt keçib, bilmirik. Xanım qurumumuza yaxınlaşsın, araşdırılsın, əgər ev nə vaxtsa təbii fəlakətdən qəzalı vəziyyətə düşən tikililərin siyahısına daxil edilibsə, komissiya vaxtında tədbir görməli idi”.

Qurumdan bildirilib ki, son illərdə Gədəbəydə təbii fəlakət qeydə alınmayıb.

Meydan TV[:]

Siz həmçinin bəyənə bilərsiniz

Şərh yaz

Əlaqə

gozetci.az_logo_2
+994 55 340 34 34
gozetci.az@gmail.com
+99455 340 34 34
+99455 340 34 34

© 2023 – Bütün hüquqları qorunur – Gözətçi.az