[:az]
Avropa Məhkəməsinin qərarı yerinə yetirilmir
Fevralın 20-də Bakı İnzibati Məhkəməsində AXCP sədri Əli Kərimlinin şikayəti üzrə məhkəmə keçirilib.
AXCP sədri Daxili İşlər Nazirliyini və bu qurumun tabeliyində olan Pasport, Qeydiyyat və Miqrasiya İdarəsini məhkəməyə verib. Səbəb isə 2006-cı ildən ona pasport verilməməsi, Avropa Məhkəməsinin bu barədə qərarının icra olunmamasıdır.
Ə.Kərimlinin şikayətində Daxili İşlər Nazirliyi və Pasport, Qeydiyyat və Miqrasiya İdarəsi cavabdeh, Azərbaycanın Avropa Məhkəməsi yanında səlahiyyətli nümayəndəsi Çingiz Əsgərov isə üçüncü şəxs qismində qoyulub.
Fevralın 20-də hakim Elvin Əliyevin sədrliyilə keçirilən prosesdə Ə.Kərimlinin nümayəndəsi Fəxrəddin Mehdiyev iddianı müdafiə edib. Vəkil bildirib ki, Ə.Kərimliyə münasibətdə 2006-cı ildən başlanan fundamental hüquq pozuntusu bu gün də davam edir. Vəkilin sözlərinə görə, Daxili İşlər Nazirliyinin Baş Pasport, Qeydiyyat və Miqrasiya İdarəsi AXCP sədrinə ümumvətəndaşlıq pasportu verməkdən imtina edir. Bununla da onun hüquq və azadlıqları məhdudlaşdırılır: “Uzun illərdir davam edən qanunsuzluq bu gün də var. Avropa İnsan Haqları Məhkəməsi də bu məsələ ilə bağlı öz sözünü deyib, Əli Kərimliyə pasport verilməməsi Konvensiyanın pozuntusu kimi tanınıb. Azərbaycan Avropa Konvensiyasını ratifikasiya edib, Avropa Məhkəməsinin qərarlarını icra eləmək öhdəliyi var. Lakin öhdəlik yerinə yetirilmir”.
Daxili İşlər Nazirliyinin nümayəndəsi Əlirza Həbilov Ə.Kərimlinin şikayətinə baxılmasına etiraz edib. Bildirib ki, Azərbaycan məhkəmələri bu məsələyə bundan əvvəl baxıb, pasportun verilməməsi məsələsini haqlı sayıb. Həmin qərarlar da ləğv olunmayıb, qüvvədədir.
F.Mehdiyev əlavə edib ki, Ə.Kərimli bu yaxınlarda yenidən pasport üçün müraciət edib, lakin yenə imtina olunub.
Hakim Elvin Əliyev iddianın mümkün sayılmaması barədə qərar qəbul edərək, Ə.Kərimlinin şikayətinə baxmaqdan imtina edib.
Ə.Kərimlinin şikayətində yazılıb ki, Azərbaycan hökuməti 14 ildir ona pasport verməməklə həm onun hüquqlarını pozur, həm də Avropa Məhkəməsinin qərarının icrasından yayınır. Avropa Məhkəməsi 2015-ci ilin iyulunda bu məsələ ilə bağlı qərar verib. Ə.Kərimliyə pasport verilməməsini İnsan Hüquqları və Əsas Azadlıqların Müdafiəsi haqqında Avropa Konvensiyasının 2 saylı Protokolunun 2-ci maddəsinin (hərəkət azadlığı hüququ) pozuntusu kimi tanıyıb. Azərbaycan hökuməti də bu qərarla razılaşıb, Yuxarı Palataya şikayət verməyib.
“Avropa Məhkəməsinin qərarının qüvvəyə minməsindən 4 ildən çox vaxt ötür. Buna baxmayaraq, 25 ilə yaxın davam edən hüquqlarımın pozuntusuna son qoyulmur. Bu ölkənin vətəndaşı olduğumu təsdiqləyən sənədi mənə verməkdən imtina edirlər”, – deyə Ə.Kərimlinin şikayət ərizəsində yazılıb.
AXCP sədri 2006-cı ildən pasport ala bilmir. Ona barəsində 1994-cü ildə cibindən qumbara tapılması iddiasıyla başlanmış cinayət işinə xitam verilməməsi əsas gətirilir.
Ə.Kərimli isə bildirir ki, 1994-cü ildən sonra ona 1996-cı və 2001-ci illərdə iki dəfə pasport verilib. Üstəlik, 1998 və 2003-cü illərdə millət vəkili kimi, ona diplomatik pasport da verilib. 2001-ci ildə aldığı pasportunun 5 illik müddəti 2006-cı ildə başa çatanda isə sözügedən cinayət işini əsas gətirib, imtina ediblər.
Sözügdən cinayət işinə gəlincə, 21 dekabr 1995-ci ildən icraat dayandırılıb.
Meydan TV[:]