[:az]2020-ci il fevralın 4-də Yasamal Rayon Məhkəməsinin hakimi Emin Mehdiyev Bakı şəhəri, Yasamal rayonu, Qurban Xəlilov küçəsi, 5 ünvanında yerləşən bina sakinlərinin bu binada 215 kv.metrlik beş otaqlı mənzil sahibi, baglanmış ANS telekanalının rəhbəri Vahid Mustafayevə qarşı iddiasını təmin edib.
Məhkəmənin qərarına əsasən, Mustafayev binadakı 44 ailənin maraqlarını təmsil edən “Yasamal-15” Mənzil Mülkiyyətçiləri Cəmiyyətinə borcunu ödəmək məcburiyyətindədir.
Eyni zamanda, məhkəmə Mustafayevin qonşularına qarşı “mənəvi ziyana” görə 10000 manat ödənilməsi haqqında iddiasını təmin etməyib.
Məhkəmə Mustafayevdən 2015-2019-cu illər üçün 6476 manat borcunun və 30 manat məhkəmə rüsumunun alınması barədə qərar çıxarıb. Beləliklə, Vahid Mustafayev 6501 manat ölçüsündə borcu ödəməlidir.
Özlərini Mustafayevin “təhlükəsizlik xidmətinin işçiləri” adlandıran nümayəndələrinin qonşulara təzyiq göstərmək və onları qorxutmaq cəhdləri nəticə verməyib.
2016-cı ildə bağlanmış telekanalın sahibinin bu binada mənzili var, amma o, illərlə kommunal xidmət xərclərini ödəmir. Bunu guya mənzildə yaşamaması ilə əsaslandırır. Mustafayev mənzili 2003-cü ildə alıb, 2006-cı ilə qədər kommunal xidmət xərclərini ödəyib, ondan sonra isə ödəməməyə başlayıb.
Mustafayevin yoxsullaşdığına inanmaq çətindir, İsveçrə saatları və Amerika motosikletləri satan şirkətin sahibinin, yəqin ki, pulu var. O, Qurban Xəlilov, 5 ünvanındakı mənzili kirayə də verir.
Azərbaycan Mənzil Məcəlləsi mənzil sahibinin kommunal xərcləri, bina infrastrukturunun təmiri və saxlanılması xərclərini ödəməsini tələb edir. Qanuna əsasən, bu, faktiki olaraq mənzildə yaşamayanlar da daxil olmaqla, bütün mülkiyyət sahiblərinin öhdəliyidir.
Binada vahid isitmə sistemi, vahid soyuq və isti su sistemi, mühafizə və təmizlik xidməti, su motorları, liftlər var. Sakinlər ümumi vəsaitlə infrastrukturu saxlayır və təmir edir, xolu, dəhlizləri, zirzəmini işıqlandırır. Bir sakinin ödənişdən imtina etməsi onun payına düşən xərcləri qonşuların çəkməsi deməkdir.
Bir neçə il davam edən mübahisə və yola gətirmək cəhdlərindən sonra bina sakinləri ümumi yığıncaq keçirərək, Mustafayevin mənzilinə elektrik enerjisi verilməsini dayandırmaq qərarına gəliblər.
Mustafayev məhkəməyə müraciət edərək, sakinləri onun hüquqlarını pozmaqda ittiham edib və ona 10 000 manat mənəvi təzminat və əldən verilən gəlirə görə (!) 1200 manat ödənilməsini tələb edib.
Bu məhkəmə prosesinin sonu Mustafayev üçün acınacaqlı olub, sakinlər isə qərarı ədalətli hesab edirlər. Amma proses zamanı məhkəmənin gedişatında ziddiyətli məqamlar da olub.
2019-cu ilin oktyabrında başlamış prosesdə “Yasamal-15″in vəkili Vahid Mustafayevin son 5 ildə kommunal xərclərin çox az hissəsini ödədiyini təsdiq edən sənədlər paketi təqdim edib. Mustafayevin vəkili borcun qalan hissəsini ödəməkdən niyə imtina etdiyini izah edə bilməyib.
Cəmiyyətin hüquqi iradları Azərbaycan Mənzil Məcəlləsinin müddəalarına, xüsusən, həmin sənədin Mənzil Mülkiyyətçiləri Cəmiyyəti haqqında XII hissəsinə əsaslanır. Məcəllənin 122.3-cü və 122.4 bəndlərində deyilir ki, çoxmənzilli binada mənzil sahibləri ümumi xərclərdə iştirak etmək öhdəliklərini yerinə yetirmədiyi təqdirdə mənzil mülkiyyətçiləri cəmiyyətinin məhkəmə qaydasında icbari ödəniş və haqların məcburi qaydada ödənilməsini tələb etmək və vurulmuş zərərin əvəzinin tam ödənilməsini məhkəmə qaydasında tələb etmək hüququ vardır.
Oktyabrın 31-də hakim cavabdehin elektrik enerjisi verilməsinin bərpa edilməsi xahişini, bu xahişin faktiki olaraq Vahid Mustafayevin iddiası ilə üst-üstə düşdüyünə istinad edərək, təmin etməyib. Hakimin qərarı bina sakinləri tərəfindən məmnuniyyətlə qarşılanıb və növbəti iclas dekabra təyin edilib. Amma iki həftə sonra – noyabrın 15-də elə həmin məhkəmə elektrik enerjisi verilişinin bərpa edilməsi haqqında yeni qərar qəbul edib.
4 ay davam edən proses Mustafayevin tam məğlubiyyəti ilə başa çatıb.
Prosesdə Mustafayevin vəkili Nigar Mirbabayeva məhkəmənin və “Yasamal-15″in vəkilinin suallarına cavab verməkdən yayınmağa çalışıb. O, əvvəlcə Vahid Mustafayevin bu binada yaşamadığını, buna görə ödəniş etməli olmadığını iddia edib. O, Mustafayev orada yaşamırsa, təkcə elektrik enerjisinə görə 363 manat borcun yığılmasının səbəbi haqqında suala da cavab verə bilməyib.
Məhkəməyə son 5 il üçün Mustafayevin ayrı-ayrı aylarda aylıq 250-350 manat ödədiyini sübut edən qəbzlər təqdim edilib. Səbəb Mustafayevin əvvəlcə borcunu etiraf edib tədricən ödəyəcəyini vəd etməsidir. Amma sonradan o razılığı pozub və borcunu ödəməkdən imtina edib. Buna cavab olaraq Mustafayevin vəkili bildirib ki, bu məbləği onun kirayənişini ödəyib və o, düzgün etməyib. Buna görə Mustafayev bu pulun ona qaytarılmasını tələb etmək niyyətindədir (!).
Fantaziyalarını davam etdirən vəkil binada ümumiyyətlə qaz olmadığını və isitməyə görə ödəniş etməli olmadığını iddia edib…
Fevralın 4-də məhkəmə bir çox digər analoji məhkəmə prosesinə presedent ola biləcək qərar çıxarıb. Belə ki, Bakının digər çoxmənzilli binalarında bəzi sakinlər kommunal xərcləri ödəməkdən yayınır.
Cəmiyyətlərin rəhbərləri hüquqi savadları olmadığına və ya borcunu ödəməyən belə sakinlərlə əlbir olduqlarına görə onların borcunu qonşuları ödəmək məcburiyyətində qalır.
Bu mövzuda məqalələr:
Vahid Mustafayev – “Yasamal 15” prosesində gözəgörünməz tənzimləyici
KİV-ə rəhbərlik etməyə mənəvi haqq barədə
Turan[:]