[:az]Seçkilərin Monitorinqi və Demokratiyanın Tədrisi Mərkəzi (SMDT) Azərbaycan Respublikası Milli Məclisinə 9 fevral 2020-ci ildə keçirilən növbədənkənar seçkilərin uzunmüddətli müşahidəsini iki mərhələ – namizədlərin qeydiyyat prosesi və seçkiqabağı təşviqat kampaniyası üzrə aparıb. Uzunmüddətli müşahidənin birinci mərhələsi (9 dekabr 2019 – 16 yanvar 2020-ci il) üzrə Aralıq Hesabat 17 yanvar 2020-ci ildə yayılıb1. Hazırkı hesabat seçkiqabağı təşviqat mərhələsi üzrə uzunmüddətli müşahidələrin nəticələri əsasında hazırlanıb.
SMDT 9 fevral 2020-ci il parlament seçkilərinin uzunmüddətli müşahidəsini təlim keçmiş 18 nəfər müşahidəçi vasitəsilə həyata keçirib. Hazırda təqdim olunan hesabat 80 seçki dairəsindən 20 gün ərzində (17 yanvar – 5 fevral, 2020-ci il) daxil olmuş məlumatları əhatə edir.
Seçkiqabağı təşviqat dövründə siyasi azadlıqlara, xüsusilə sərbəst toplaşmaq, birləşmək və ifadə azadlığına son illər artan hüquqi-siyasi məhdudiyyətlər qalmaqda davam edib. Bu mərhələdə siyasi partiyalar və vətəndaş qrupları tərəfindən kütləvi aksiyalar və toplantıların keçirilməsi cəhdləri olmayıb. Bununla yanaşı dövlət televiziyalarında müxalif siyasi baxışlı şəxslərin iştirakı ilə hər hansı ictimai müzakirə və ya seçkinin gedişi ilə bağlı verilişlər yayımlanmayıb.
SMDT təəssüflə qeyd edir ki, 9 fevral 2020-ci il növbədənkənar parlament seçkiləri öncəsi və seçkiqabağı təşviqat dövründə siyasi mühitin demokratikləşməsi, ifadə azadlığı, sərbəst toplaşmaq və birləşmək azadlıqlarının müdafiəsi yönündə irəliləyişlər baş verməyib. Parlament seçkilərinin geridə qalan hər iki mərhələsində ictimai-siyasi fəallara, deputatlığa namizədlərə və onların yaxınlarına qarşı təzyiq halları qeydə alınıb. Son illər artan siyasi repressiyalar nəticəsində azadlıqdan məhrum olan 100-dən artıq siyasi məhbusun azad olunması yönündə hakimiyyət siyasi iradə nümayiş etdirməyib.
SMDT ümid edir ki, 9 fevral 2020-ci il parlament seçkiləri günü seçki komissiyaları səsvermə və səslərin sayılması prosesinin qanuni qaydada keçirilməsi, seçki prosesinə kənar müdaxilələrin, xüsusən də yerli icra strukturlarının müdaxilə etməməsi naminə müstəqil və obyektiv idarəçilik nümayiş etdirəcək.
Ətraflı məlumatı buradan əldə edə bilərsiniz.
smdtaz.org[:]