[:az]“Əlilliyimə görə məni işə götürmürlər”[:]

tərəfindən Gozetci

[:az]Seymur Abdullayev iş üçün çox yerlərə müraciət etsə də, imtina cavabı alıb

“Nazir Sahil Babayevə sual verirəm, sizcə, bir gənc 110 manatla dolana, ailə, gələcək qura bilərmi? Mən də istəyirəm ailəm olsun, gələcəyimi qurum. Ancaq aldığım 110 manat təqaüd heç dərmanlarıma çatmır”.

Gəncə şəhər sakini Seymur Abdullayevin 27 yaşı var, 3-cü qrup əlildir. Deyir, nə evi, nə də işi, qazancı var. Valideynləri ilə birlikdə qalır. Qazancı olmadığına görə valideynlərindən utanır.

“Deyirlər, heç sağlamlara iş yoxdur”

“Mən, 27 yaşlı bir gənc evə çörək gətirə, ailəmin üzünə baxa bilmirəm. Özümü bu cəmiyyətə, bu ailəyə lazımsız kimi hiss edirəm. Heç kimə faydam dəymir, bu yaşda ailə qura bilmirəm. Əlil olduğuma görə heç yerdə iş vermirlər. Halbuki, fiziki olmasa da, oturaq bir işdə çalışa bilərəm. Deyirlər, heç sağlam adama iş yoxdur, sənə hardan iş verək?” – Seymur Abdullayev deyir.

Seymurun ASAN Xidmət könüllüsü kimi 1-ci dərəcəli sertifikatı var. Azərbaycanda keçirilən Avropa oyunlarının da könüllülərindən olub. Bir neçə ildir ki, əlillərin cəmiyyətdəki reablitasiyası və sosial inkişafı ilə bağlı müxtəlif hökumət və qeyri-hökumət təşkilatlarının keçirdikləri tədbirlərdə, konfranslarda yaxından iştirak edir. Hətta ara-sıra layihələr də təqdim edir. Şeir yazır. Ən böyük arzularından biri şeirlər toplusunun çapı olunmasıdır.

“Ev vermirlər, heç olmasa torpaq versinlər”

Ümumiyyətlə, Seymurun arzuları çoxdur:

“Mənim xəstəliklərim gözümlə və ayağımla əlaqəlidir. Burdan prezidentə, Birinci vitse-prezidentə, Heydər Əliyev Fonduna səslənirəm, mənə kömək eləsinlər, ölkə xaricində müayinə olunum, dərdimə çarə varsa, müalicə etdirsinlər. Bilirəm ki, deyəcəklər ev tikməyə imkanımız yoxdur, heç olmasa torpaq versinlər, ailəmin köməkliyi ilə balaca bir otaq tikim, qarşısını bağça eləyim, meyvə əkim, tərəvəz əkim, ordan dolanım. Fiziki iş vermirlər, heç olmasa bir oturaq işim olsun, maaşım olsun. Sonra da ailə qurmaq istəyirəm. Övladlarım olsun, istəyirəm. Biz əlillər bu torpağın üstündə sadəcə hava alırıq, hava almaq yaşamaq demək deyil. İnsandan bir fayda yoxdursa, o, özünü cəmiyyətə faydasız hiss edirsə, illah da, bir əlil bu hissləri yaşayırsa, bu hisslərin axırı yaxşı görünmür. Mən əlilliyimi əlimdə bayraq etməmişəm, sadəcə, deməyim odur ki, əlilin də hamı kimi işləməyə, öz çörəyini qazanmağa, özünü inkişaf etdirməyə, ailə qurmağa, övladlarına baxıb fərəhlənməyə haqqı var”.

Qanun nə deyir…

Hüquqşünas Namizəd Səfərov deyir, “Əlillərin sosial müdafiəsi haqqında” Qanunda əlillərin işə düzəldilməsi, əmək hüququnun həyata keçirilməsi, məşğulluğunun təmin edilməsi, işverənlərin əmək qabiliyyətini itirmiş şəxsləri işə düzəltmək vəzifəsi və buna aid digər maddələr var:

“Qanunun bu maddələri həm dövlət, həm də qeyri-dövlət təşkilatlarının vəzifəli şəxslərinin üzərinə əlillərin işə götürülməsi ilə bağlı birbaşa öhdəliklər qoyur. Hətta bu Qanunun 28-ci maddəsində əlillərin əməyini tətbiq edən müəssisələr üçün üstünlüklər və güzəştlər də nəzərdə tutulub. Təəssüf ki, bununla belə bu gün hər hansı bir əlil istənilən müəssisəyə yaxınlaşanda, işə götürmürlər. Hər hansı müəssisəyə göndərdiyi anket məlumatında əlil olduğunu qeyd edirsə, o anketi ümumiyyətlə, kənara atırlar”.

Qanunvericiliyə görə, müvafiq icra hakimiyyəti orqanı (Əmək və Əhalinin Sosial Müdafiə Nazirliyi) tərəfindən göndərilmiş əlilliyi olan şəxsləri kvota üzrə müəyyən olunmuş iş yerlərinə qəbul etməyən işəgötürənlər məsuliyyət daşıyırlar. İnzibati Xətalar Məcəlləsinin 194-cü maddəsinə görə, müvafiq icra hakimiyyəti orqanı tərəfindən göndərilmiş sosial müdafiəyə xüsusi ehtiyacı olan və işə düzəlməkdə çətinlik çəkən şəxslərin onlar üçün kvota üzrə müəyyən olunmuş iş yerlərinə qəbul edilməməsinə görə müəssisə rəhbərliyi 1.500 manatdan 2000 manatadək cərimə nəzərdə tutulub.

Nazirlik yol göstərir…

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyindən bildirilib ki, Seymur Abdullayev “e-sosial.az” elektron portalında qeydiyyatdan keçərək qurumun elektron xidmətləri siyahısından Məşğulluq Altsistemi adlı elektron xidmətdən istifadə edərək, vakansiyalarla tanış ola, işlə bağlı elektron müraciət elə bilər. Həmçinin qeydiyyatda olduğu rayon üzrə Məşğulluq Mərkəzinə müraciət edərək özünəməşğulluq proqramına qoşula bilər.

Seymur Abdullayev deyir, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin rəsmi səhifəsinə müraciət edib, ona bildirilib ki, yaşadığı ərazi üzrə Məşğulluq Mərkəzinə müraciət etməlidir: “Məşğulluq Mərkəzinə müraciət etdiksə deyirlər ki, işəgötürən kimi müraciət edən müəssisələr yalnız fiziki sağlam şəxsləri işə götürürlər”.

Meydan TV[:]

Siz həmçinin bəyənə bilərsiniz

Şərh yaz

Əlaqə

gozetci.az_logo_2
+994 55 340 34 34
gozetci.az@gmail.com
+99455 340 34 34
+99455 340 34 34

© 2023 – Bütün hüquqları qorunur – Gözətçi.az